Oktyabrın 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda bağçalar, məktəbəqədər təhsil müəssisələri fəaliyyətə başlayıb.
Təhsil Nazirliyindən Unikal.org-a verilən məlumata görə, bu gündən eyni zamanda V-IX sinif şagirdləri məktəbə həftədə 3 dəfə gəlməklə 15 saat əyani dərs ala biləcəklər.
Növbəti həftədən etibarən isə ibtidai sinif şagirdləri Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda həftədə 3 dəfə əyani təhsilə cəlb ediləcəklər. Bununla da ibtidai siniflərin əyani formada dərs saatları 8-dən 10 və ya 11 saata (həftəaşırı) qədər artacaq. Bu, siniflər 2 yarımqrupa bölündüyü halda hər yarımqrupa düşən əyani dərslərin sayıdır. Sinifdə sosial məsafəni qorumaq mümkündürsə, şagirdlər yarımqruplara bölünmür, bu zaman 12 və ya 13 saat əyani dərs alırlar.
Ölkənin digər regionlarında yerləşən (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) və şagird sayı 200-dən az olan məktəblər ibtidai təhsil səviyyəsində ənənəvi formada, yəni həftədə 5 dəfə olmaqla bütöv sinif komplektində oxuya bilərlər. Bu zaman məktəb rəhbərliyi sinifdə sosial məsafənin gözlənilməsini əsas meyar götürərək qərar verməlidir. Bu meyara cavab vermək mümkün olmadığı halda, həmin məktəblərdə də əyani formada dərslər həftədə 3 dəfə keçiriləcək. Hazırda ölkədə şagird sayı 200-dən az olan məktəblərin sayı 2307-dir.
Bu gündən eyni zamanda I kurs tələbələri üçün təhsil alacaqları ali təhsil müəssisələri ilə tanışlıq başlayacaq. Yuxarı kurs şagirdləri üçün təqvim ilinin sonuna qədər dərslərin distant formada davam etməsi nəzərdə tutulub. Ali təhsil müəssisələrində hərbi vəziyyətin tələblərindən irəli gələn internet xidmətlərindəki məhdudiyyət səbəbindən tədris müvəqqəti dayandırılıb.
15 oktyabrdan isə tam orta təhsil səviyyəsi üzrə təhsil alan şagirdlər məktəbə gedə biləcəklər.