Qarabağ münaqişəsi: 2012-ci ilin yekunları və gözləntilər
13:23 19-12-2012
CƏMİYYƏT
Qarabağ münaqişəsi: 2012-ci ilin yekunları və gözləntilər
Medvedyevin son həmləsi və Putinin passivliyi
Dağlıq Qarabağ münaqişəsinin həllində 2012-ci ildə də heç bir irəliləyiş əldə olunmadı. Tərəflərin mövqeləri əvvəlkitək diametral olaraq bir-birindən fərqlənir. Azərbaycan münaqişənin mərhələli şəkildə həllinə tərəfdar olarkən Ermənistan bölgənin statusuyla bağlı referendum tarixinin bəri başdan müəyyənləşdirilməsini istəyir. ATƏT-in Minsk Qrupu isə 2012-ci ildə də tərəflər arasındakı bu fərqi ortadan qaldıra bilmədi. Minsk Qrupunun hazırladığı Madrid və genişləndirilmiş Madrid prinsipləri tədricən arxa plana keçir. Bu il daha iki məqamla yadda qaldı: Azərbaycan və Ermənistan prezidentləri cəmi bircə dəfə, ilin əvvəlində görüşdülər; Vladimir Putin Rusiya prezidenti seçildikdən sonra Kremlin təşəbbüsü ilə üçtərəfli görüşlərə fasilə verildi.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri 2012-ci ildə ilk və son dəfə yanvarın 23-də Soçidə bir araya gəldilər. Bu, Dmitri Medvedyevin prezident vəzifəsində son vasitəçilik təşəbbüsü idi. Soçidə birgə bəyanat qəbul olundu. Bu bəyanatda yeni heç nə yox idi. Əksinə, Medvedyevin vasitəçiliyi ilə əvvəlki illərdə qəbul olunan bəyanatlar bundan daha məzmunluydu. Birgə bəyanatdakı “əsas prinsiplərin razılaşdırılması istiqamətində irəliləyiş əldə olunub” fikri isə il ərzində özünü doğrultmadı.
Vladimir Putin mart ayında prezident seçildikdən sonra Kremlin vasitəçiliyi ilə bir görüş belə keçirilmədi. Putin Medvedyevin az qala hər 3 aydan bir təşkil etdiyi üçtərəfli görüşlərə ehtiyac duymadı. Əslində Putinin bu passivliyindən Azərbaycan heç nə itirmədi. İmitasiya naminə görüşüb, heç bir nəticəsi olmayan birgə bəyanatlara imza atmaqdansa üçtərəfli görüşlərə fasilə vermək daha doğru qərar idi. Kreml bunun əvəzində il ərzində Ermənistanla hərbi əməkdaşlığını gücləndirməyə qərar verdi. Hər iki ölkənin hava sahəsinin birgə qorunması razılaşdırıldı. Rusiya hərbi dairələrindən sızdırılan xəbərlərə görə isə Gorusda quraşdırılan hava hücumundan qorunma sistemi Dağlıq Qarabağın da hava sahəsini əhatə edir. Başqa sözlə, Rusiyanın siyasi və hərbi dairələri Azərbaycana göstərməyə çalışırlar ki, müharibə başlayacağı təqdirdə Moskva həm Ermənistan, həm də Dağlıq Qarabağın hava sahəsini qoruyacaq.
Qarabağ və
Qəbələ RLS
Eksperty bildirir ki, “zərbaycan hakimiyyəti nədən RLS-i bağlamaq qərarına üstünlük verdi” sualına cavabı daha çox Qarabağ müstəvisində axtarmağa ehtiyac var. Azərbaycan hakimiyyəti uzun illər düşünüb ki, Moskva sonda Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yaşıl işıq yandıra bilər. Azərbaycan prezidenti İlham Əliyevin keçmiş həmkarı Dmitri Medvedyevə müəyyən ümidi var idi. Bakıda onunla qaz anlaşmaları imzaladı, vasitəçilik təşəbbüslərinə qoşuldu. Ancaq sonda, yəni səlahiyyət müddətinin başa çatdığı 2012-ci ildə aydın oldu ki, Medvedyev Ermənistanı yola gətirmək imkanından məhrumdur. Bəlkə də Medvedyevin nəsə xoş niyyəti olub, sadəcə, Rusiya hakimiyyətindəki və hərbi dairələrindəki qüvvələr onun bu xoş niyyətinin gerçəkləşməsinə imkan vermədilər. Söhbət Ermənistanı forpost görən qüvvələrdən gedir.
Kreml Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yolunda gərəkli addımlar atsaydı, Azərbaycan hakimiyyəti həm Qəbələ RLS-lə bağlı yeni anlaşmaya imza atar, həm də Putinin Avrasiya Birliyi ideyasına dəstək verə bilərdi. Ancaq Kreml Qarabağ məsələsində heç bir pozitiv addıma hazır olmadığından rəsmi Bakı nə RLS, nə də Avrasiya Birliyinə “hə” dedi.
Dağlıq Qarabağda
“seçki”
Dağlıq Qarabağda 19 iyul tarixində “prezident seçkiləri” keçirildi. Bako Saakyan yenidən separatçıların “lideri” seçildi. Bu “seçkiyə” əsasən Rusiyadan müşahidəçilər qatılmışdılar. Bunlar da əsasən Liberal Demokrat Partiyasının üzvləri idilər. “Seçkilər”ə Avropa ölkələrindən də qatılanlar var idi. Buna baxmayaraq Avropa Birliyi, ATƏT, o cümlədən Türkiyə, Gürcüstan, Serbiya və bir sıra başqa dövlətlər bu “seçkilər”i pisləyən bəyanatlar verdilər. Qonşu İran isə belə bir açıqlamaya ehtiyac duymadı.
Xocalı hava
limanı açılmadı
2012-ci il separatçıların Xocalı hava limanını açıb-açmaması müzakirələri ilə də yadda qaldı. Əslində bu müzakirələr iki ildir davam edir. Erməni separatçıları Azərbaycanı vaxtilə dağıtdıqları Xocalı hava limanını yenidən qurduqdan sonra uçuşlara başlayacaqları ilə hədələyirlər. Buna baxmayaraq bu günə qədər uçuşlara başlamağa risk etmirlər, çünki əks reaksiyanı da hesablayırlar. Birincisi, uçuşlara başlamaq üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatından icazə alınmalıdır. Belə bir icazə isə yoxdur, ola da bilməz, çünki bu qurum Azərbaycanın başı üzərindən özbaşına qərar vermək səlahiyyətində deyil. Rəsmi Bakının isə işğal altındakı torpaqlar boşaldılmadan və nəticədə Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Xocalı hava limanından uçuşlara heç bir halda icazə verməyəcəyi bəllidir. İkincisi isə Xocalı hava limanının işə düşməsi savaşa dəvətdir. Bu isə separatçıların maraqlarına uyğun olmamalıdır, əksinə, onlar status-kvonun dəyişməz qalmasında maraqlıdırlar. Münaqişənin həllində irəliləyiş əldə olmadan Xocalı hava limanının açılması problematikdir.
Minsk qrupunun erməni separatçılarının “hava limanı” oyununa birmənalı reaksiya bildirməməsi, bununla bağlı olaraq xüsusi açıqlama yayınlanmaması da diqqətdən qaçmadı.
ATƏT həm var,
həm də yoxdur
Bu il ATƏT-in Minsk qrupunun yaranmasından 20 il keçdi. Minsk qrupu həmsədrlərinin bu ilin noyabr ayında bölgəyə son səfərləri də nəticəsiz oldu. Ancaq bu səfər bir maraqlı məqamla yadda qaldı. Vasitəçilər Bakı, İrəvan və Xankəndi ilə yanaşı, işğal atlındakı Zəngilan və Cəbrayılda da oldular. Görünür, bu onunla bağlıdır ki, həmsədrlər ilkin olaraq bu iki rayonun azad olunmasını məqbul sayırlar.
Həmsədrlər 3-4 il öncə də ilkin olaraq Azərbaycanın işğal altındakı iki rayonunun azad olunması təklifini gündəmə gətirmişdilər. O zaman söhbət Ağdam və Füzulidən gedirdi. Vasitəçilər işğal altındakı rayonların boşaldılmasıyla bağlı qrafik tərtib etmişdilər. Bu qrafikə uyğun olaraq ermənilər birinci mərhələdə qeyd-şərtsiz iki rayonu azad etməliydilər. Bundan sonra isə Azərbaycan və Türkiyə Ermənistan ətrafında mühasirənin götürülməsi istiqamətində qarşılıqlı addımlar atmalıydılar. Ermənilər Ağdam və Füzulini qeyd-şərtsiz azad etsəydilər, Türkiyə İsveçrədə imzalanan protokolları da ratifikasiya etməyə hazır idi.
Ancaq ermənilər son anda Ağdam və Füzulini azad etməkdən çəkindilər. Çünki hər ikisi Dağlıq Qarabağa bitişik strateji rayonlardır və separatçılar bunu özləri üçün təhlükəli hesab etdilər. Zəngilan və Cəbrayıl isə Xankəndidən bir qədər uzaq məsafədədir, aralarında da başqa işğal olunmuş rayonlar – Qubadlı və Xocavənd yerləşir. Bu isə ermənilər üçün Ağdam və Füzuli qədər təhlükəli sayılmamalıdır. Buna görə də böyük ehtimalla həmsədrlər bu dəfə Ağdam və Füzulini Zəngilan və Cəbrayılla əvəz etməyi lazım bildilər. Ancaq bu iki rayon boşaldılsa belə, Azərbaycanın Zəngilan və Cəbrayıla birbaşa çıxışı olmayacaq. Bunun üçün Füzuli də işğaldan azad olunmalıdır ki, zolaq yaransın və qaçqınlar rahat şəkildə Zəngilan və Cəbrayıla geri dönə bilsinlər. Demək, planda Zəngilan və Cəbrayılın ardından Füzulinin də azad edilməsi tarixi göstərilməlidir.
Həmsədrlərin budəfəki səfərlərinin də nəticəsiz qalması ondan xəbər verir ki, ermənilər hər hansı iki rayonun boşaldılması qarşılığında güzəşt qoparmağa, təhlükəsizlik və ya referendum tarixi kimi təminatlar almağa çalışırlar. Belə bir tələbə isə Azərbaycan razılaşa bilməz. Təhlükəsizlik və ya tarixi bəlli olmayan referendum üçün Dağlıq Qarabağ ətrafındakı iki deyil, bütün rayonların boşaldılması vacibdir. Sadəcə erməni separatçılar iki rayonu qeyd-şərtsiz boşaltsalar, bu, sülhün bərqərarı və bölgədə sağlam atmosferin yaranması üçün ilk addım olardı.
Qazaxıstan, Litva,
İrlandiya,
indi də Ukrayna...
ATƏT-in İrlandiyanın paytaxtı Dublin şəhərində 6-7 dekabr tarixlərində Xarici İşlər Nazirləri Şurasının 19-cu iclası keçirildi. Dağlıq Qarabağla bağlı yenə nəticə əldə olunmadı. Ermənistan Qarabağla bağlı ümumi bəyanatın qəbulunu əngəllədi. Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Dublində bir araya gəlmədilər. Əvəzində Minsk qrupu həmsədrləri hər iki nazirlə ayrılıqda görüşdülər. Toplantıda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Hillari Klinton və Fransanın Avropa işləri üzrə naziri Bernar Kazenevin adından yayılan birgə bəyanatda deyilir ki, tərəflər qətiyyyətli addımlar atmırlar, sürətli tərəqqiyə nail olmaq məqsədilə 2012-ci il yanvarın 23-də Soçidə qəbul edilən bəyannaməyə riayət etmirlər, razılaşma imkanı tapmaq əvəzinə danışıqlar prosesində tez-tez birtərəfli üstünlük əldə etmək yolları axtarırlar. Bəyanatın son cümləsində belə deyilirdi: “Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün məsuliyyət yenə də tərəflərin üzərində qalır”.
Beləliklə, danışıqların dalana dirəndiyini etiraf edən həmsədr dövlətlər bu bəyanatla topu Azərbaycan və Ermənistana ataraq yenidən gücsüz olduqlarını etiraf etdilər.
Dublində ATƏT-ə sədrlik İrlandiyadan Ukrayana keçdi. Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır. Buna baxmayaraq Ukraynanın sədrliyi dövründə də ATƏT-in münaqişənin həllində gərəkli məsafə qət edəcəyini söyləmək çətindir. ATƏT-ə hər gələn sədr quruma başçılıq edəcəyi iki ildə ciddi naliyyətlər əldə etməyə çalışacağını vəd edir. Vaxtilə Qazaxıstan da quruma sədr olanda ilk növbədə regional, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə edəcəyinə inanırdı. Ancaq İrlandiya kimi Qazaxıstanın da sədrliyi heç nə ilə yadda qalmadı. Əksinə, ATƏT-in Astanada keçirilən zirvə toplantısı Qarabağ mövzusuna ümumiyyətlə toxunmadı. Ukrayanın ATƏT sədri kimi ən böyük naliyyəti qonşuluğundakı Dnestr probleminin həlli olardı. Ancaq bu münaqişənin həlli də problematikdir. Çünki Dağlıq Qarabağ münaqişəsində olduğu kimi Dnestr probleminin həllində də Rusiyanın maraqları digər ölkələrin maraqları ilə kəsişir.
2013-cü ildən
gözləntilər
Gələn il həm Ermənistan, həm də Azərbaycanda prezident seçkisi keçiriləcəyindən Dağlıq Qarabağ danışıqlarından irəliləyiş gözləmək əbəsdir. 2013-ü indidən itirilmiş il hesab etmək olar. Əlbəttə, vasitəçilər bölgəyə səfərlər edəcək, müxtəlif beynəlxalq tədbirlərdə münaqişənin həlli vacibliyi haqqında danışılacaq, ancaq bu amillərin münaqişənin həllinə əvvəlkitək təsiri olmayacaq.
Erməni lobbisinin
2015 hazırlıqları
Azərbaycan erməni separatçılarının arxasında dayanan erməni lobbisinin gələcək planlarına diqqət yetirməlidir. Erməni lobbisi 2015-ci il hazırlıqlarına başlayıb. Həmin tarixdə “erməni soyqrımının” yüz illiyi qeyd ediləcək. Bəzi mənbələrdən gələn xəbərlərə görə, Ermənistan və erməni lobbisi bu 3 ildə Dağlıq Qarabağ rejiminin tanıtdırılması üçün cırtdan dövlətlərlə danışıqlar başlayıb. Erməni separatçıları və erməni lobbisi Abxaziya və Cənubi Osetiya “nümunəsindən” yararlanmaq istəyir. Bu iki separatçı bölgəni də bir neçə cırtdan dövlət tanımışdı. Ancaq separatçılar cırtdan dövlətlərlə kifayətlənənə oxşamırlar. Ermənilər bu işi bəzi böyük dövlətlərdə də görürlər. Məsələn, 2012-ci ildə ABŞ-ın ştatlarından biri və Avstraliyanın əyalətlərindən biri Dağlıq Qarabağı “tanıdığını” bəyan edib. Doğrudur, bu cür “tanınmaların” heç bir hüquqi əhəmiyyəti yoxdur, ancaq bu prosesin genişlənməsi də təhlükəlidir. Əgər Uruqvay parlamentinin spikeri Xankəndinə gedərək, “biz sizi tanıya bilərik” deyirsə, bunun arxasında ciddi planların olduğu aşkardır. Bu arada Avropa ölkələrindən Dağlıq Qarabağa artan səfərlərə də diqqət yetirilməlidir.
Dağlıq Qarabağdakı
azlığın hüquqları
Dağlıq Qarabağ danışıqlarının əsas predmetlərindən biri ermənilərin bölgədə hansı haqlara yiyələnəcəyidir. Vasitəçilər də ermənilərin geniş hüquqlarının detalları üzərində çalışırlar. Ancaq Dağlıq Qarabağda yalnız ermənilərin deyil, azərbaycanlıların da haqları tanınmalı və bu məsələ diqqət mərkəzinə keçirilməlidir. Bölgədə yaşayan ermənilərə hansı haqq veriləcəksə, bir o qədəri də bölgəyə qayıdacaq azərbaycanlılara verilməlidir. Ermənilər bölgənin çoxluq haqlarından yararlandıqları kimi azərbaycanlılar da bölgənin azlıq haqlarından yararlanmaq hüququna malik olmalıdırlar. Bunun içində azərbaycanlıların yerli qanunverici və icraeidici orqanlarda təmsilçilik paylarından tutmuş təhlükəsizliklərinin necə və hansı şəkildə qorunacağına dair maddələr aiddir. Buna görə də Dağlıq Qarabağdakı azlığın hüquqlarını da danışıqların əsas predmetinə çevirməyə ehtiyac var.
Adil
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17