“Ermənistan – işğalçıdır və regionda sülh və sabitlik yolunda əsas maneədir, beynəlxalq hüquq isə Azərbaycanın tərəfindədir”.

Unikal.org xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay “Kriter” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda eskalasiyanın son mərhələsi Dağlıq Qarabağ münaqişəsində kimin haqlı olduğunu bütün dünyaya nümayiş etdirib.

Türkiyənin vitse-prezidenti xatırladıb ki, Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində baş verən təxribatlar və atəşlər uzun illərdir ki, səngimir. “İyul ayında erməni qüvvələri növbəti dəfə Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat törətmiş, sentyabrın 27-də isə işğal edilmiş Azərbaycan əraziləri ilə təmas xətti boyunca yaşayış məntəqələrini atəşə tutmağa başlamışlar”, – deyə Oktay xatırladıb.

O qeyd edib ki, dünya birliyi Dağlıq Qarabağın və ətraf yeddi rayonunun erməni işğalına son qoyulması üçün artıq 28 ildir ki, addımlar atmır.

Oktay vurğulayıb ki, təxribatların və atəşə tutulmaların sayının artması Azərbaycanın səbrini daşırdı və Bakı beynəlxalq səviyyədə tanınmış özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu.

“ATƏT-in Minsk qrupu uzun illər davam edən münaqişənin həlli üçün gücsüz oldu. Dağlıq Qarabağ – Azərbaycanın əzəli torpağıdır. Azərbaycan Ordusunun bütün əməliyyatları respublikanın beynəlxalq aləmdə tanınmış ərazisində, yəni Azərbaycan ərazisində aparılır! Bakı öz doğma torpaqlarında ərazi bütövlüyünü, sülhü və sabitliyini qorumaq üçün addımlar atır”, – Türkiyənin vitse-prezidenti qeyd edib.

Oktay vurğulayıb ki, Türkiyə dəfələrlə beynəlxalq birliyi, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərini Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində müvafiq addımlar atmağa çağırıb.

“Türkiyə bu gün torpaqları işğal edilmiş zərərçəkmiş ölkənin tərəfindədir. Beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir. Azərbaycana dəstək – Türkiyənin tarixi dostluq borcu və vəzifəsidir”, – deyə vitse-prezident bildirib .