Gürcüstan qarışır
Gürcüstan qarışır

Saakaşvili İvanişvilini "Taliban"la müqayisə edib

Zərdüşt Əlizadə: "Saakaşvilinin səlahiyyət müddəti bitməyənə qədər İvanişvili ona heç nə edə bilməyəcək"

Gürcüstan prezidenti Mixail Saakaşvili baş nazir Bidzin İvanişvilinin partiyasını Taliban döyüşçülərinin yolu ilə getməkdə ittiham edib.
Hakim "Gürcü arzusu" partiyasının dağıdıcı fəaliyyətlə məşğul olduğunu söyləyən prezident Saakaşvili paralel hadisənin 2001-ci ildə Talibanın Əfqanıstanda hakimiyyətə gələrkən baş verdiyini söyləyib.
"Düşünürəm ki, Gürcüstan 21-ci əsrdə Talibanın etdiyi kimi müasir binaları dağıtmaqla özünü biabır etməməlidir.",-deyə prezident Mixail Saakaşvili əlavə edib.
Qeyd edək ki, Gürcüstan baş naziri Bidzin İvanişvili Tiflisdə çay üzərində inşa edilən və prezidentin layihəsi olan teatr binasının heç nəyə yaramadığını açıqlayıb. İvanişvili inşa olunan teatr binası ilə bağlı bildirib ki, bu proekt paytaxta uyğun gəlmədiyi üçün sökülə bilər.
"Biz xarici ekspertlərin iştirakı ilə sorğu keçirəcəyik. Onlar layihəni yenidən qiymətləndirəcək və zərurət yaransa, binanın inşası dayandırılacaq.", - deyə Bidzin İvanişvili bildirib.
Kutaisidə kütlə Mixail Saakaşviliyə hücum edib
Dünən Kutaisi şəhərində isə insident baş verib. Kutaisidə səfərdə olan və Vahid Milli Hərəkat partiyasının ofisinin ətrafına toplaşan insanlar içəridə partiya üzvləri ilə görüş keçirən Gürcüstan prezidenti Mixail Saakaşvilini bayıra çıxmağa qoymayıblar. Sonradan prezidentin cangüdənləri onu ofisdən çıxarmağa nail olublar. Prezidentin istefasını tələb edən kütlə onun maşın karvanını daşa tutub, parlamentin azlıqdan olan deputatı Akaki Minaşvilini fiziki təhqir ediblər.
Kutaisidə baş verən insidentə baş nazir Bidzina İvanişvili dərhal reaksiya verib. Bu gün baş nazirin mətbuat xidməti bəyanat yayıb. Bəyanatda baş nazir ölkə əhalisini təxribatlara uymamağa və hüquq-mühafizə orqanlarını baş verən insidenti vaxtında araşdırmağa çağırıb. B. İvanişvili insidentin kimə qarşı yönəldilməsindən asılı olmayaraq, hakimiyyətin məsuliyyət daşıdığını və hər bir təcavüzü pislədiyini bildirib: "Təəssüf ki, rəqiblərə qarşı təcavüz və qarşıdurma bizdən əvvəl də ümumi təcrübə idi və bu gün biz onun bəhrəsini görürük. Mən əhalini hər cür qarşıdurma və təxribata uymamağa çağırıram".
Gürcüstan parlamentinin sədri David Usupaşvili də hüquq-mühafizə orqanlarından Kutaisidə baş verən insidentlə bağlı məlumat tələb edib. "Əgər biz - hakimiyyət və müxalifət birdəfəlik standartlar təyin etməsək, tezliklə pis nəticələr əldə edəcəyik. Azad söz demək hər bir vətəndaşın hüququdur. Lakin kimisə blokadaya salmaq və parlament üzvünü fiziki təhqir etmək olmaz. Mən parlamentin çoxluq nümayəndələrinə müraciət edirəm. Xatırlayın, iki ay bundan əvvəl biz hansı vəziyyətdə idik. Biz belə problemlərə görə necə bir yol keçdik. Belə insident ölkədə bir də təkrarlanmamalıdır", - deyə parlament sədri bildirib.
Gürcüstan müxalifəti parlamentdə fəaliyyətini dayandırıb
Gürcüstandakı parlament azlığı - Vahid Milli Hərəkat Partiyası ölkədə son həbslərə etiraz əlaməti olaraq qanunverici orqanda fəaliyyətini dayandırıb.
"Novosti-Qruziya" agentliyinin verdiyi məlumata görə, Vahid Milli Hərəkatın deputatları parlamentin yerləşdiyi Kutaisi şəhərindən paytaxt Tiflisə qayıdıblar.
Vahid Milli Hərəkatın bəyanatında deyilir ki, son günlər ölkədə yeni siyasi reallığın yarandığını göstərən bir neçə hadisə baş verib: "Ölkə demokratiyanın bitdiyi, fərqli siyasi baxışlara malik insanların təqib olunması və məhv edilməsinin başlandığı bir mərhələyə qədəm qoyub. Hökumət qaydasız döyüş elan edib. Biz parlamentdə "fasad demokratiyası"nın yaranmasında iştirak edə bilmərik və parlamentin öz fəaliyyətini dayandırmasını məqsədəuyğun sayırıq".
Hazırda Vahid Milli Hərəkat Partiyası siyasi mübarizəni hansı forma və metodlarla aparmağı müzakirə edir.
Qeyd edək ki, Gürcüstanda sabiq maliyyə və energetika naziri Aleksandr Xetaquri, sabiq təhsil və ədliyyə naziri, hazırda "Rustavi-2" telekanalının baş direktoru olan Nika Qvaramiya, iqtisadiyyat nazirinin keçmiş müavini Kaxa Dameniya, "Telasi" Səhmdar Cəmiyyətinin baş direktoru Devi Kandelaki və şirkətin daha iki sabiq əməkdaşı həbs olunub. Onlar mövcud olmayan bir şirkətin hesabına 1 milyon dollar köçürməkdə ittiham olunurlar.
Tanınmış politoloq Zərdüşt Əlizadə "Gürcüstanda son parlament seçkiləri keçiriləndən sonra hadisələr bu istiqamətdə inkişaf etməsəydi, mən heyrətlənərdim. Çünki gürcü müxalifəti ilə gürcü iqtidarı arasında bu qarşıdurma gözlənilən idi. Gürcülər bir daha sübut etdilər ki, ümumən indiki mərhələdə Cənubi Qafqaz xalqlarına məxsus olan siyasi "mədəniyyət"in daşıyıcısıdırlar. Cənubi Qafqaz dövlətlərinin hamısında siyasi mədəniyyətin səviyyəsi bu yerdədir və ona görə də Gürcüstanda son zamanlar baş verənlərə görə təəccüblənməyinə dəyməz. Bu siyasi "mədəniyyət"in ən bariz əlamətləri isə siyasi rəqibi hər cür formada şantaj etmək, ona böhtanlar yağdırmaq və saxta cinayət işləri quraşdırmaqdan ibarətdir. Gürcüstan prezidentinə basqın edənlər baş nazir İvanişvilinin adamları olublar və buna şübhə ola bilməz. Hadisələrin inkişafını izləyəndə aydın olur ki, İvanişvili Saakaşvilinin səlahiyyət müddəti bitməyənə qədər ona heç nə edə bilməyəcək".

Natiq