Deyilənlər gəldi başa?...
Deyilənlər gəldi başa?...

Müsavat başqanı İsa Qəmbərin "Azadlıq" radiosunun canlı efirində vahid namizəd məsələsi ilə bağlı son qərarı müxalifət düşərgəsində böyük əks-səda doğurdu. İsa Qəmbərin bu çıxışından sonra müttəfiqi AXCP-in də seçkilərdə ayırılıqda iştirak edəcəyi qaçılmazdır. Bu əsnada İctimai Palatanın da gələcək taleyi sual altında qalır. Müxalifət seçkilərdə vahid namizədlə təmsil olunmadığı təqdirdə narazı elektoratın aparıcı liderləri - İsa Qəmbər, Əli Kərimli və eləcə də digərləri prezidentlik uğrunda qalib gələ biləcəklərmi?

Politoloq Elxan Şahinoğlu Müsavat başqanının qərarı və eləcə də bundan sonra baş verəcək proseslərlə bağlı suallarımızı cavablandırıb. Ayrı-ayrılıqda mübarizəyə qoşulan liderlərin qalib gəlmək şanslarının olmadığını bildirən politoloq 2013-cü- il seçkilərindən sonra siyasi böhranın yaranacağını deyib:
"Artıq bu gedişlə İctimai Palata parçalanacaq. Əgər İsa bəy deyirsə ki, namizəd özüm olacam, o zaman Əli bəyin də tərəfdarları dəstəkləyəcəklər. Bununla da İctimai Palata dağılacaq. Müxalifət liderlərinin seçkilərdə ayrı-ayrılıqda iştirak etmələri narazı elektoratı da parçalayacaq. Burdan belə qənaətə gəlmək olar ki, ənənəvi müxalifət prezidentlik uğurunda yarışmır, öz aralarında liderlik uğrunda mübarizə aparırlar.
Liderlər arasında ümumi maraqlar olsa geri addımlar atılmalıdır. Demək ki, daha şəxsi maraqlar, partiya maraqları önə çıxır. Yəni liderlər şəxsi maraqlarını gizlədə bilmirlər. Buna görə də onlar iyirmi ildir müxalifət şinelindən çıxa bilmirlər. Bu vəziyyətdə də ölməmiş ayının dərisini bölməyə başlayıblar. Onlar bu şansı 1998-ci ildə də, 2003-cü ildə də, 2008-də də qaçırtdılar. 20 ildir ki, eyni proses təkrarlanır. Bunlar artıq eyni ssenari üzrə məğlubiyyətə uğrasalar, onların siyasətdə qalıb-qalmaması məsələsi aktuallaşacaq. Bundan sonra da meydanlara çıxan insanların sayı da azalacaq. Insanların da inamı qırılıb bu oyunlarda"-deyə şərh edən E.Şahinoğlu müxalifətin gələcək taleyinin sual altında olduğunu qeyd edib:
"2013-cü il ənənəvi müxalifət üçün son şansdır. Onlar bu dəfə də məğlub olsalar, siyasətdə qalmaları da sual altında qalacaq. Bu gedişlə onlar hər zaman indiki hakimiyyətə məğlub olacaqlar".
Vəhdət Partiyasının sədri Tahir Kərimlinin sözlərinə görə, "Biz dəfələrlə demişdik və son hadisələr bir daha dediyimizi təsdiqləyir ki, Azərbaycan müxalifəti özünü tam şəkildə nüfuzdan salıb. Bu sıraya daxil olan qurumlar ötən əsrin 90-cı illərində milli-azadlıq hərəkatının dalğasında cəmiyyətdə böyük imic qazanmışdılar və sözün düzü, bu qazanc onların deyildi, tarixi proseslərin bəxş etdiyi bir dividend idi. Bununla belə, onlar bu nüfuzu qoruyub saxlaya bilmədilər, sosial bazalarının 80-90%-ni itirdilər. Ətraflarında qalanlar isə bir qurup funksionerlər və sadəlövh gənclərdir. Güman edirəm ki, onların da dağlıb gedəcəklərinə çox vaxt qalmayıb".
Tahir Kərimlinin fikrincə, "İctimai Palatanın liderləri prezident seçkilərində iştirak etməkdən qorxurlar. Bu qorxunun da əsas səbəbi seçkiləri labüd şəkildə uduzacaqları əndişəsindən irəli gəlir. Həm İsa Qəmbər, həm də Əli Kərimli çox gözəl bilirlər ki, 2013-cü ilin prezident seçkilərində onların heç bir şansları yoxdur. Fikrimcə, onlar məhz bundan xoflandıqlarına görə, belə oyunlar oynayırlar".
AXCP sədrinin müavini Həsən Kərimov Müsavat başqanı İsa Qəmbərin vahid namizəd məsələsinin mümkünsüzlüyü fikrinə münasibət bildirərkən deyib: "Mən bilmirəm, İsa bəy bu fikri hansı kontekstdə deyib. Amma bu məsələ İsa Qəmbərin iradəsindən asılı deyil".
Onun sözlərinə görə, hazırda vahid namizəd məsələsi İctimai Palatanın gündəliyindən çıxarılıb: "Amma İctimai Palata prezident seçkilərinə vahid namizədlə qatılacaq".
Xatırladaq ki, İsa Qəmbər dünən "Azadlıq radiosu"na verdiyi müsahibədə vahid namizəd məsələsinə son qoyub: " Hamı şaxta babanı da sevir, vahid namizədi də. Ancaq hamı bilir ki, şaxta baba real həyatda mövcud deyil. Eyni zamanda hamı bilməlidir ki, vahid namizəd məsələsinin alınması da mümkünsüz işdir".
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirdi ki, "İctimai Palata yaranan gündən mən Əli Kərimli ilə İsa Qəmbəri mehriban düşmənlər adlandırmışam. Və zaman mənim haqlı olduğumu göstərdi. Yaxın gələcəkdə onların arasında daha ciddi konfliktlər ortalığa çıxacaq və bunun da şahidi olacağıq".

Natiq