Prezident İlham Əliyevin 20 oktyabr tarixli xalqa müraciətində qeyd etdiyi kimi Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır. Ancaq 30 ilə yaxın səbir nümayiş etdirən xalq artıq öz məsələsini özü həll edir. Azərbaycan döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirib.
BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir, işğalçı qoşunların həmin ərazilərdən, eləcə də ATƏT-in Minsk qrupunun iclasında razılaşdırılmış “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq Azərbaycanın zəbt edilmiş digər ərazilərindən çıxarılması tələb olunur. Təhlükəsizlik Şurasının qətnamələri 30 ildir ki, kağız üzərində qaldı. Ermənistan beynəlxalq hüququ və Təhlükəsizlik Şurasının qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxarmadı, əksinə, işğalı möhkəmləndirmək və yeni ərazilər işğal etmək yolunu tutdu. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başda olmaqla, BMT və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana sanksiyaların tətbiq olunmasının vacibliyini dəfələrlə vurğulayıb. Ermənistana qarşı təzyiqlərin olmaması bu ölkənin özünü cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxardı. Ən maraqlısı da odur ki, Təhlükəsizlik Şurasının qətnamələri son vaxtlar BMT-nin və həmsədr ölkələrin heç yadına da düşmürdü. Müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qətnamələrə istinad etdikləri halda, onlar həmin sənədlərə belə toxunmur. Başqa sözlə desək, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən BMT-dən başqa hamı danışır. 27 ildən sonra Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl və Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi.
Beləliklə, bu gün Ali baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu beynəlxalq hüququn kağız üzərində olan ədalətini əməldə təmin edir. Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi yaxınlaşdırır. Azərbaycan torpaqlarının qaytarılması və ərazi bütövlüyünün bərpa edilməsi kimi vəzifələr bu gün döyüş meydanında həll olunur. Təssüf ki, Ermənistan öz çirkin niyyətlərini hələ də davam etdirir. Dinc mülki əhaliyə qarşı atəşin açılması namərdlikdir və hərbi cinayətdir. Namərd zərbələr nəticəsində dinc əhali, o cümlədən uşaqlar, qadınlar və qocalar həlak olur. YAP-ın rəhbərliyi ilə, bir qrup həmkarımla birlikdə Gəncədə hadisə yerində olduq, yaralılara baş çəkdik. 21-ci əsrdə dəhşətli mənzərənin şahidi olduq. Bütün dünya düşmənlərimizin mənfur və vəhşi simasını artıq görür. Gecə vaxtı, qəsdən mülki əhaliyə qarşı törədilmiş cinayət erməni faşizmin təcəssümüdür. Bu gün yenə də Ermənistanın Azərbaycan münaqişə zonasından xeyli uzaqda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən bölgələrinə ballistik raket atəşinə tutub. Bu cinayətkar hücum erməni baş nazir Paşinyanın münaqişənin diplomatik həllinin olmadığına dair bəyanatının davamıdır. Cinayətkar və dünyaya yalan danışan Ermənistanın siyasi hakimiyyəti öz dövlətçiliyin sonunu yaxınlaşdırır. Xalqımız əmindir ki, milli birlik və həmrəyliklə qarşıda duran məqsədlərə qısa müddət ərzində nail olmağa imkan yaranıb və Azərbaycan torpaqlarının qaytarılması, ərazi bütövlüyünün bərpa edilməsi kimi vəzifələr bu gün döyüş meydanında həll olunur.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov