Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Ermənistanın hərbi təxribatına cavab olaraq Azərbaycan ordusunun başladığı əks-hücum əməliyyatların mahiyyəti və Ermənistanın təcavüzkar əməllərinə qiymət verilməsi məqsədilə xarici tərəfdaşlarına ünvanladığı müraciətlərə cavab məktubları daxil olub.

Unikal.org xəbər verir ki, Türkiyənin  İnönü University, “Yuri Kondratyuk adına Poltava Politexnik” Milli Universiteti, Rusiyanın Ufa Dövlət Neft-Texniki Universiteti, Polşanın Milli Nüvə Tədqiqatları Mərkəzi, Pakistanın University of Malakand, Kanadanın Alberta Universiteti və digər ali məktəb və elm mərkəzləri Azərbaycan Respublikasının beynəlxalq tanınmış ərazi bütövlüyünün bərpasına yönəlmiş ədalətli mübarizəni dəstəklədiklərini bildiriblər. ADNSU-nun tərədaşları Ermənistan-Azərbaycan münaqişəsi bölgəsində baş verənləri diqqətlə izlədiklərini, Ermənistanın münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini raketlə vuraraq onlarla dinc vətəndaşın həlak olması və yaralanmasına səbəb olmasını qətiyyətlə qınayıb, regionda sülh və əmin-amanlığın tezliklə bərqərar olunacağına ümidlərini ifadə ediblər. Onu da qeyd edək ki, ADNSU-nun artıq onlarıa tərəfdaşında analoji məktublar daxil olub və bu proses davam etməkdədir.

Qeyd edək ki, oktyabrın 19-u və 20-də ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin üzvü olduğu və ümumilikdə 500-dək ali məktəb və elm mərkəzini birləşdirən dünyanın nüfuzlu təhsil təşkilatları - Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası, Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası, Qara dəniz Universitetləri Şəbəkəsi, “Bir Kəmər və Bir Yol” Universitetlər Birliyinə, eləcə də birbaşa əməkdaşlıq etdiyi 97 ali məktəbin rəhbərlərinə rəsmi müraciət ünvanlayıb. Müraciətdə Ermənistanın hərbi təxribatına qarşı Azərbaycan Ordusunun sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatlarının məqsədinin ölkənin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi olduğu qeyd olunub. Münaqişə bölgəsində gedən əməliyyatların Azərbaycanın işğal olunmuş torpaqlarında aparıldığı qeyd olunan müraciətdə hadisələrə Ermənistanın 30 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxlamasının və danışıqlar yolu ilə torpaqları azad etməkdən imtina etməsinin səbəb olduğu vurğulanır. ADNSU-nun müraciətində cəbhədə üstünlüyün Azərbaycan tərəfində olmasına baxmayaraq rəsmi Bakının Rusiyanın vasitəsiliyi ilə atəşkəsə razılıq verməsi, lakin Yerevanın buna münaqaişə bölgəsindən uzarda yerləşən Gəncəni raketlə vuraraq onlarla dinc sakini qətlə yetirməkə cavab verdiyi qınanır.