Biri Şərqə, digəri Qərbə...
13:19 25-12-2012
İQTİSADİYYAT
Biri Şərqə, digəri Qərbə...
İran növbəti dəfə Türkiyəyə xəbərdarlıq etdi
Dünyanın indiki siyasi xəritəsi, əsasən, XVIII-XIX yüzilliklərdə formalaşıb və ara-sıra baş verən prinsipial dəyişiklikləri (Almaniyanın, Vyetnamın və Koreyanın bölünməsi, Kiprdə iki dövlətin yaranması, Dağlıq Qarabağın işğalı və s.) nəzərə almasaq, bu mənzərə əsasən sabit qalıb. Amma bu sabitliyin də öz dramatikası olub.
İndiki mövzumuz baxımından İranla Türkiyənin tarixi münasibətlərini nəzərdən keçirəndə aydın olur ki, onların qarşılıqlı davranışları heç də indiki qədər mülayim olmayıb. Başlıqda da qeyd etdiyimiz kimi, Türkiyə İranı həmişə Şərqə doğru sıxışdırmağa çalışıb, İran isə onu Qərbə doğru qısnamağa can atıb.
Və bu qarşılıqlı "itələşmə"nin çox maraqlı geopolitik məzmunu olub.
Hazırda Qərbin İrana təzyiqləri üzündən Türkiyə İranı bir sıra məqamlarda ciddi şəkildə müdafiə edir. Çünki, sözün düzü, Türkiyə özünün milli təhlükəsizlik problemləri baxımından İrana bufer dövlət kimi yanaşır. Bu da ondan irəli gəlir ki, İranın tam şəkildə səhnədən sıxışdırılıb çıxardılması Türkiyəyə sərf etmir. İran sıradan çıxardılsa, növbə Türkiyəyə çatacaq.
Bununla belə, İranın güclənməsi də Türkiyəyə sərf eləmir. Və İran hər dəfə yeni silahlarını və yeni hərbi texnikasını sınaqdan keçirtdikcə Türkiyə bu sınaqların həm də kimin başında çatlayacağını çox gözəl bilir.
Fikrimizcə, Türkiyənin bir NATO dövləti olaraq özünü şərq sərhədlərində təcili şəkildə Patriot sistemlərini yerləşdirməyə başlaması da məhz bu əndişədən irəli gəlir.
Və həm də bizə elə gəlir ki, bu hərbi qurğular hər hansı ərəb dövlətinə (Suriya, İraq və s.) qarşı deyil, ilk növbədə İrandan gələ biləcək təhlükələri neytrallaşdırmaq üçün nəzərdə tutulur.
Son məlumatlara görə, İranın müdafiə nazirliyi Türkiyə ilə Suriya sərhədlərində yerləşdirilən Patriot müdafiə sistemi ilə bağlı Türkiyəyə növbəti dəfə xəbərdarlıq edilib. Müdafiə naziri Vahid Əhmədi bildirib ki, NATO-nun Türkiyə sərhədlərində fəaliyyəti bölgə ölkələrinin sürətlə silahlanmasına səbəb olacaq.
Onun sözlərinə görə, region ölkələri NATO-nun bu tədbirlərini özlərinə qarşı ciddi hədə hesab edirlər və təhlükədən qorunmaq üçün istənilən addımı atmağa hazırdırlar.
Əhmədi eyni zamanda qeyd edib ki, Rusiya belə bir addım kimi skad tipli (partlayan zaman şaxələnib yenidən partlayan) İsgəndər raketlərini Suriyaya göndərməklə cavab verəcək.
"İslam ölkələrində xarici qüvvələrin olması həmişə fikir ayrılığına və düşmənçiliyə səbəb olur", - deyə Əhmədi əlavə edib.
Bu arada, paytaxt Ankarada Patriot müdafiə sistemlərinə qarşı etiraz aksiyaları keçirilib. Əksəriyyəti Müstəqillik və Həmrəylik Partiyasının tərəfdarı olmaqla Amerika Birləşmiş Ştatlarının səfirliyi qarşısında toplaşan etirazçılar Amerika hökumətinin Suriya ilə müharibədə Türkiyəni öz əlində alətə çevirməsinə qarşı şüarlar səsləndiriblər.
Siyasi Texnologiyalar və İnnovasiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, "İndiki mərhələdə ən önəmli məsələ Patriot sistemlərinin Türkiyədə yerləşdirilməsidir. Bu olduqca ciddi amildir və bölgədə qüvvələr nisbətinin dəyişdirilməsində həlledici rol oynayacaq".
Politoloqun sözlərinə görə, "Sözügedən sistemlər Suriyaya qarşı planlaşdırılmayıb. Çünki Suriya Yaxın Şərq bölgəsində heç bir dövlət üçün ciddi təhlükə yarada bilmək potensialında deyil. Suriyanın bir dövlət kimi gücü olsaydı, elə daxildəki qarşıdurmanı həll edərdi. Suriyanın qoşunu yetərincə güclü olsaydı, İsrailin bir zamanlar işğal etdiyi Colan təpələrini geri alardı. Ümumiyyətlə isə, tarixən aralarındakı münaqişələrə baxmayaraq Suriya Türkiyəyə bab olacaq bir gücə sahib deyil".
Mübariz Əhmədoğlu hesab edir ki, "Patriot sistemlərinin bir hissəsi Suriya sərhədində yerləşdirilsə də, onların sürətlə demontaj edilərək İran sərhədinə keçirilməsi 1-2 günlük işdir. Hətta kritik məqamlarda bu işi 17-18 saata da icra etmək mümkündür. İran tərəfi də bunu gözəl dərk etdiyindən bölgə dövlətlərinin adından bəyanatlar verməyə başlayıb. Ümumiyyətlə, bu məqamı xüsusi vurğulamalıyam ki, İran rəsmiləri son zamanlar çoxlu sayda qeyri-ciddi bəyanatlar verməyə başlayıblar. Bu isə İran rəhbərliyində yekdil və dərin mövqeyin olmamasından irəli gəlir".
Savalan
Digər Xəbərlər
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35
2024-12-19 17:02:00
2024-12-19 16:23:03
2024-12-19 12:32:00
2024-12-19 09:39:00
2024-12-19 09:33:16
2024-12-19 09:10:00
2024-12-18 23:52:54
2024-12-18 16:08:34
2024-12-18 11:50:23
2024-12-18 11:45:00
2024-12-18 11:32:44
2024-12-18 11:05:28