İsmət Abbasov "yarmarka biznesi"ni necə dirçəltmək istəyir?
13:31 25-12-2012
CƏMİYYƏT
İsmət Abbasov "yarmarka biznesi"ni necə dirçəltmək istəyir?
Nazirin özünü doğrultmayan ideyasına "süni nəfəs" cəhdi
Dekabrın 22-də Bakının müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının növbəti yarmarkaları keçirilib. Həmin gün Xətai rayonu ərazisində, "Bakı" kinoteatrının qarşısında keçirilən yarmarkaya kənd təsərrüfatı naziri İsmət Abbasov da baş çəkib.
Yarmarkada kartof, soğan, meyvə, tərəvəz, ağartı, ət məhsulları və s. satılırdı. Rəsmi məlumatda deyilir ki, məhsullar bazarlardakından 20-25 faiz ucuz satılırmış. Yenə rəsmi iddiaya görə, bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Baytarlıq Xidməti tərəfindən diqqətlə yoxlanılır və sonra satışına icazə verilirmiş.
Kənd təsərrüfatı naziri yarmarkada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olub, məhsulların keyfiyyəti, paytaxt sakinlərinin rəy və təklifləri ilə maraqlanıb. Nazir qiymətlərlə maraqlanıb, satışa çıxarılan məhsulların keyfiyyətini yoxlayıb, satıcılarla, yarmarkaya gələnlərlə söhbət edib, onların fikirlərini dinləyib, kənd təsərrüfatı məhsularının, o cümlədən ət və süd məhsullarının keyfiyyətini yoxlayan labarotoriyalara baxıb. Labaratoriyada yoxlamadan keçirilmədən satışa çıxarılan ət məhsulları İ. Abbasovun tapşırığı ilə yığışdırılıb və yoxlamadan keçirilib. Nazir ətin yoxlamadan keçirilməsi prosesini izləyib. Sonda da ev üçün bazarlıq edib. Bu da rəsmi məlumatda deyilirdi.
Qısası, İsmət Abbasov bir neçə il əvvəl həyata keçirilməyə başlayan, ilk günlərdə vətəndaşların marağına səbəb olan və sonradan tədricən iflasa uğrayan yarmarka ideyasına "süni nəfəs" verməyə çalışıb. Bunun uğurlu olacağına və yarmarkaların "dirilərək" özünü doğrultmağa başlayacağına isə inam azdır.
Rəsmi məlumatda deyilənlər isə faktiki olaraq Sovet dövrünə xas inzibati addımları xatırladır, məsələn, bütün məhsulların sanitar-gigiyenik vəziyyətinin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Baytarlıq Xidməti tərəfindən diqqətlə yoxlanılması və sonra satışına icazə verilməsi barədə həmin məlumatda özünə yer alan məqamlar populizmdən başqa bir şey deyil. Bu gün bazarlarda həmin yoxlamaların necə aparıldığı, bazarlardakı sanitar-gigiyenik böhran hamının gözü qarşısındadır. Telekameralara poza vermək üçün quraşdırılan səhnəcikdənsə İsmət Abbasovun nazirliyi bazarlardakı sanitar-gigiyenik duruma nəzarət etsin, təmizliyi qorusun, kifayətdir.
İkincisi, yarmarkalardakı qiymətlərin bazar qiymətlərindən aşağı olmasını da "böyük uğur" kimi qələmə vermək təbəssüm doğurur. Belə "inzibati ucuzlaşdırma" siyasətindənsə Kənd Təsərrüfatı Nazirliyi ölkədə aqrar sektorun real inkişafını təmin etmək haqqında düşünməlidir ki, administrativ resursları işə salmağa, süni ucuzlaşdırma yaratmağa ehtiyac qalmasın. Azərbaycanda bazarlarda bolluq olsun ki, qiymətlər də "ceyran belinə qalxmasın". Unudulmamalıdır ki, süni bahalaşdırma nə qədər qeyri-qanuni addımdırsa, süni ucuzlaşdırma da bir o qədər populist "siyasət"dir və gözdən pərdə asmaqdan başqa bir şeyə yaramır. Hansısa bayram ərəfəsində kənd təsərrüfatı məhsullarının müvəqqəti olaraq ucuz satışını (hələ biz yarmarkalarda qiymətlərin bazar qiymətlərindən aşağı olması barədə rəsmi iddianın həqiqəti əks etdirib-etdirmədiyini bir kənara qoyuruq) təşkil etməklə nə dəyişir? Bəyəm qeyri-bayram günlərində vətəndaşların keyfiyyətli və ucuz məhsul almaq haqqı yoxdurmu? Bəs onlara bu haqqı yaratmaq haqqında İsmət Abbasovun nazirliyi nə vaxt düşünəcək? Ümumiyyətlə, düşünəcəkmi?
Fikrimizcə, kənd təsərrüfatı nazirinin "yarmarka siyasəti"nin iflası barədə yuxarıda səsləndirdiyimiz arqumentlər kifayətdir. İsmət Abbasov və nazirliyi aqrar sektorun real inkişafını təmin etməyənə, aqrar sahəyə ayrılan dövlət vəsaitləri ilə bağlı korrupsiya, mənimsəmə şübhələrini aradan qaldırmayana və kənd təsərrüfatında inhisarçılığın kökünü kəsmək üçün təsirli tədbirlər görməyənədək "yarmarka siyasəti"nin heç bir real, uzunmüddətli faydaları ola bilməz. Nazir istəyir bir yox əlli yarmarka keçirsin, hər gün ora bazarlığa gəlsin, mənasızdır: bu yarmarkaların iflası qaçılmazdır!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 09:33:13
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17