“Bu holdinqin yaranma səbəbi dövlət şirkətlərinin qeyri-effektiv idarə olunmasından və rentabelli çalışmamasından irəli gəldi. Yəni, uzun illərdir dövlət şirkətləri dotasiya almasına baxmayaraq, ziyanla çalışırdılar. Özlərini doğrultmurdular, ziyanla çalışırdılar, idarəetmədə şəffaflıq çatışmırdı. Bunların tənzimlənməsi üçün İnvestisiya Holdinqinin yaradılması qərarı verilib”.
Bu fikirləri Unikal.org-a açıqlamasında ReAL Partiyanın icra katibi, iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, bu holdinqin yaranması gələcəkdə dövlət aktivlərinin bir qisminin özəlləşməsinə, yaxud xarici və yerli iş adamlarına icarəyə verilməsi yolu ilə idarəetmənin optimallaşdırılması üçün hesablanıb. Onun sözlərinə görə, burada əsas hədəflərdən biri büdcədən ayrılan dotasiyaların minimuma endirilməsi və bu şirkətlərin gəlirlə işləməsinə nail olmaqdır:
“Dünənki fərmanın məntiqi aydındır. Üç il müddətində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı müəyyən addımların atılması İnvestisiya Holdinqinin idarə edilməsinə yönəlib. Holdinqin maliyyələşməsi də dövlət büdcəsi hesabına yox, həmin şirkətlərin mənfəətinin 20 faizi hesabına formalaşdırılacaq büdcə ilə reallaşacaq. Həmin dövlət şirkətləri mənfəətlə çalışmalıdırlar ki, onun 20 faizi İnvestisiya Holdinqinin daxili idarəetməsi üçün xərclənsin. Burada qaranlıq qalan bir məqam var ki, bu investisiya holdinqinə daxil olan şirkətlərin idarə olunması vertikalı necə olacaq. Məsələn, SOCAR-ın prezidenti qərar verərkən bu holdinqləmi məsləhətləşəcək? Qərar vermə mexanizmlər necə olacaq? Təəssüf ki, bununla bağlı aydın mənzərə yoxdur. Çünki sanki ikipilləli idarətmə sistemi qurulur, bu da özü-özlüyündə effektiv yol deyil. Şirkətlərin verəcəyi qərarları İnvestisiya Holdinqi təsdiqləməlidirmi, yoxsa onlar heç bir qərar verməyəcəklər? Bu istiqəmətdə idarəetmə mexanizmləri ilə bağlı hələlik aydın təsəvvürlər yoxdur. Amma məntiq aydındır. Məntiq odur ki, dövlətin əlində olan aktivlər gəlir gətirməlidir. Dövlət əlavə yükdən qurtulmalıdır. Gələcəkdə özəlləşmə üçün açıq hala gətirilməlidir”.
İtqisadçı onu da qeyd edib ki, İnvestisiya Holdinqinin yaranması və dövlət şirkətlərinin idarə edilməsi ona həvalə edilirsə, deməli son söz sahibi holdinq olacaq: “Əgər köhnə qaydada idarə olunacaqsa, o zaman bu holdinq nəyə lazım idi? Ona görə də düşünürəm ki, qərarların verilməsi mexanizmi ilə bağlı ya Nazirlər Kabineti, ya da İnvestisiya Holdinqi tərəfindən konkret qərar veriləcək. Ondan sonra dövlət şirkətlərinin rəhbərlərinin müstəqil qərar verib-verməyəcəyi bəlli olacaq. Hər halda,məntiq onu deyir ki, əsas qərarı İnvestisiya Holdinqi verəcək”.
Murad İbrahimli