İcra başçısı doqquz şirkət rəhbəriylə əlbəyaxa oldu
İcra başçısı doqquz şirkət rəhbəriylə əlbəyaxa oldu
Hesablama Palatasının əməkdaşları İmişliyə ezam olundu
Məşhur futbolçu Maşallah Əhmədov da icra başçısının «qurbanları» arasındadır
«Unikal»a daxil olan məlumatlarda bildirilir ki, adı hər zaman müxtəlif qalmaqallarla yanaşı hallandırılan İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev həyata keçirdiyi yeni maliyyə maxinasiyaları ilə yenidən diqqətləri öz üzərinə cəlb etməkdədir. Bu haqda daha ətraflı bir qədər sonra. İndi isə Vilyam Hacıyevlə bağlı bəzi zəruri xatırlatmaları etmək yerinə düşərdi.
Beləliklə İmişlidən öncə Samux rayonuna rəhbərlik etmiş (əgər buna rəhbərlik demək mümkündürsə-red) Vilyam Hacıyev burada sahibkarların başına açdığı oyunlarla diqqətləri özünə yönəltməyi bacarmışdı. Bununla bağlı Vilyam Hacıyevin Samuxdakı «maliyyə əməliyatları»ndan bəzilərini xatırlatmaqla birbaşa mövzuya keçmək istərdik. Onun həyata keçirdiyi ən şedevr fırıldaq isə Samuxa başçılıq etdiyi zaman sözügedən rayona səfər etmiş prezident İlham Əliyevə el arasında «Mosu kişinin çayxanası» kimi tanınan obyekti yeni inşa olunmuş «Şahmat Evi» kimi təqdim etməsidir.
Vilyam Hacıyev sahibkardan borc üçün aldığı 310 min manatı qaytarmır
Vilyam Hacıyevin Samuxdakı digər qalmaqallı olayı isə «Samir- İstehsalat» MMC-nin Asfalt-beton zavodunun direktoru Nəsirullah Nəzərovdan borc alması və sonradan aldığı pulu danmasıdır. Bununla bağlı hətta məhkəməyə belə müraciət edən sahibkar icra başçısına 310 min manat verdiyini, amma geri ala bilmədiyini söyləyib: «Vilyam Hacıyev məni yanına dəvət edib bildirdi ki, cənab prezident Samuxa gələcək. Mən ona bir borc pul verim, o da müəyyən abadlıq işləri aparsın. Dedi ki, İlham Əliyev qayıdandan sonra rayona 2 milyon pul ayıracaq və həmin pulu qaytaracağam. Amma indiyə qədər pulumu ala bilmirəm». Bu kiçicik tanıtımdan sonra isə Vilyam Hacıyevin anoloji əməlləri İmişlidə də həyata keçirməsinə dair «Unikal»ın əldə etdiyi bəzi informasiyaların təqdimatına keçə bilərik.
Qəzetimizə daxil olan informasiyada bildirilir ki, İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev rayondakı abadlıq və quruculuq işlərini həyata keçirmək məqsədilə 9 şirkəti bu işə cəlb edib. Həmin şirkətlər əvvəlcədən razılaşdırıldığı kimi öhdələrinə düşən işləri görsələr də onlara vəd olunan vəsaiti hələ də ala bilməyiblər. «Unikal»a daxil olan informasiyada həmin şirkətlərlə bağlı da məlumat verilir. Belə ki, həmin şirkətlərdən biri «Azərinşaat-2010» şirkətidir ki, həmin şirkətin rəhbəri də Müqayis Verdiyevdir. Digər şirkətlərin və işadamlarının da adları bizə məlumdur və bununla bağlı növbəti saylarımızda daha ətraflı məlumat verməyi planlaşdırırıq. Hələliksə yalnız bir faktı xatırlatmaqla kifayətlənirik ki, icra başçısı Vilyam Hacıyevin qurduğu tələyə düşən şirkət rəhbərlərindən biri də bir vaxtların məşhur futbolçusu olmuş Maşallah Əhmədov da var.
Mənbəmizin sözlərinə görə, icra başçısı tərəfindən aldadıldıqlarını başa düşən sahibkarlar Vilyam Hacıyevdən pullarını almaq üçün onun yanına getsələr də bu səfər onlar üçün gözlənilməz sonluqla yekunlaşıb. Belə ki, haqqlarını tələb edən sahibkarlar gözlənilmədən Vilyam Hacıyevin hücumuna məruz qalıblar və nəticədə hadisələr əlbəyaxa dava səhnəsinin yaranmasına qədər inkişaf edib. Bu arada bir vacib nüansı da qeyd edək ki, baş verənlərlə bağlı İmişli RİH başçısının birinci müavini Səfa Ağayevin də adı hallandırılır və sahibkarların aldadılmasında onun da «böyük əməyinin» olduğu bildirilir. Əldə etdiyimiz məlumatda daha sonra bildirilir ki, icra başçısı ilə şirkət rəhbərlərinin əlbəyaxa davasını videokameraya köçürmək istəyən region televiziyalarından birinin əməkdaşı da İcra Hakimiyyəti tərəfindən fiziki təzyiqə məruz qalıb.
Məsələnin ən maraqlı və anlaşılmaz tərəfi isə ondan ibarətdir ki, icra başçısı Vilyam Hacıyev sahibkarlara olan borcunu ödəmək əvəzinə tamamilə fərqli yol tutub. Belə ki, o borclu olduğu şirkətlərdən Hesablama Palatasına şikayət ünvanlayıb və həmin şirkətlərin fəaliyyətinin təftiş edilməsini xahiş edib. Şirkət rəhbərləri isə icra başçısının bu anlaşılmaz addımını onlara təzyiq vasitəsi kimi qiymətləndirirlər.
Qeyd edək ki, redaksiyamıza daxil olmuş bu qalmaqallı informasiya ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək qərarına gəldik və əməkdaşımız İmişli RİH başçısı Vilyam Hacıyevlə telefon əlaqəsi yaratdı. Vilyam Hacıyev əməkdaşımızla söhbətində doğurdan da bəzi şirkətlərə borclu olduğunu etiraf etdi: «Gördükləri işlərə görə borclu qaldığımız şirkətlər var, eləsi var ki, 7 min, eləsi də var ki, 31 min manat borcluyuq. Yaxın zamanlarda borclar ödəniləcək».
Amma maraqlıdır ki, şirkət rəhbərləri həmin borcların icra başçısı tərəfindən fantastik həddə qədər kiçildildiyini iddia edirlər. Onların iddiasına görə Vilyam Hacıyevin onlara borcu milyonlarla manat həcmindədir.
Əməkdaşımız daha sonra Vilyam Hacıyevdən həmin şirkətlərə görə hansısa quruma şikayət edib-etmədiyini də öyrənib. İcra başçısı bunu etiraf edərək bəzi şirkətlərlə bağlı Hesablama Palatasına rəsmi qaydada müraciət etdiyini də sözlərinə əlavə edib.
Sonda biz «Unikal» qəzeti olaraq baş verənlərlə bağlı daha geniş araşdırma aparmaq və bir çox qaranlıq məqamların üzə çıxarılmasına çalışacağıq. Bu istiqamətdəki araşdırmamız çox maraqlı olacaq, odur ki, qəzetimizi izləməkdə davam edin.
Natiq