Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Unikal.org-a verilən məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini Vüqar Dadaşova Covid-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Lakin Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o aşkar edilərək yaşadığı ünvana qaytarılıb.
Covid-19 infeksiyasının daşıyıcısı olan V.Dadaşovla profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.
Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Astara RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.