Gürcüstanın elm, mədəniyyət və ictimai xadimlərinin iştirakı ilə Xalq yazıçısı, akademik Kamal Abdullanın 70 illik yubileyinə həsr olunan onlayn dəyirmi masa keçirilib.
Unikal.org xəbər verir ki, dəyirmi masada Tbilisi Dövlət Universitetinin Humanitar elmlər fakültəsinin dekanı, professor N. Qaprindaşvili, Şota Rustaveli adına Batumi Universitetinin professoru, Gürcüstan parlamentinin iki çağırış deputatı Revaz Diasamidze, Tbilisi Dövlət Universitetinin professoru, Gürcüstan Prezident Administrasiyasının sabiq rəhbəri Vasili Kaçarava, Gürcüstanın Milli İstiqlal Aktının imzalanmasının iştirakçısı, Qamsaxurdiya hökumətində Baş nazirin müavini İqor Çxeidze, Tbilisi Dövlət Universitetinin professorları Tamara Şarabidze və Rezo Dzneladze, Kutaisi Dövlət Universitetinin professoru İrina Çaçanidze və başqaları, o cümlədən, doktorant və tələbələr iştirak edib.
Tədbirin moderatoru professor David Qoçeridze Xalq yazıçısı, akademik Kamal Abdullanın bədii və elmi yaradıcılığı haqqında geniş məlumat verib və qeyd edib ki, dəyirmi masa “Yazıçının həyatı, yaradıcılığı və xalqına xidməti” olmaqla üç istiqamətdə davam edəcək. Professor David Qoçeridze yazıçının əsərlərinin dünya dillərinə tərcüməsi haqqında danışıb və əlavə edib ki, Kamal Abdulla bir ziyalı kimi Azərbaycanın ictimai və humanitar həyatında aktiv iştirak edir, ədəbi-ictimai fikrin inkişafında xüsusi rol oynayır. O, Xalq yazıçısı Kamal Abdullanın 70 illik yubileyinin qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirərək, gürcü ziyalılarının təbriklərini çatdırıb.
Tbilisi Dövlət Universitetinin Humanitar elmlər fakültəsinin dekanı, professor N. Qaprindaşvili Kamal Abdullanın ədəbiyyatşünaslıq, tənqid, televiziya istiqamətindəki fəaliyyətinə toxunub, eyni zamanda Gürcüstanda premyerası keçirilən tamaşaları haqqında danışıb.
Professor Vasili Kaçarava yazıçının elmi və ədəbi fəaliyyətinin qlobal mahiyyət daşıdığını, müraciət etdiyi mövzuların dünyəvi dəyərlərə söykəndiyini diqqətə çatdırıb.
Tbilisi Dövlət Universitetinin professoru, tərcüməçi Tamara Şarabidze Kamal Abdullanın əsərlərinin – “Kim dedi ki, Simurğ quşu var imiş” pyesinin, “Yarımçıq əlyazma” romanının və “Adaşlar” hekayəsinin gürcü dilinə tərcüməsindən danışıb, gürcü oxucusunun bu əsərlərə göstərdiyi marağı yüksək qiymətləndirib.
Tədbirdə dinləyici qismində iştirak edən Telavi Universitetinin professoru Marina İngorokva, Kutaisi Dövlət Universitetinin müəllimi Tamara Guchu, Tbilisi Dövlət Universitetinin doktorantları Anna Dolidze, Anna Akhobadze, Tamta Qonqadze və başqaları intellektual prozanın müəllifi kimi tanınan Kamal Abdullanın geniş səpkili yaradıcılığında postmodernizm, onun əsərlərindəki Şərq koloriti, qəhrəmanlarının psixoloji portreti və s. məsələlərlə bağlı suallar ünvanlayıblar.
Xalq yazıçısı, akademik Kamal Abdulla dəyirmi masanın keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib. Azərbaycan ordusunun erməni işğalçıları üzərində qazandığı tarixi qələbəni xalqımızın böyük ruh yüksəkliyi ilə qeyd etdiyini deyən yazıçı, dəyirmi masanın məhz bu günlərə təsadüf etdiyini xüsusi vurğulayıb: “Əlbəttə, bu tədbirin təşkil olunmağı mənim üçün xoş hadisə oldu. Təəssüf ki, koronovirus pandemiyası səbəbindən biz canlı olaraq görüşə bilmirik. İnanıram ki, bu çətin günlər keçəcək və biz yenidən üz-üzə bir araya gələ biləcəyik. Azərbaycan xalqı bu günlərdə öz tarixi qələbəsini qeyd edir. Torpaqlarımızın 20 faizi 30 ilə yaxın idi ki, erməni qəsbkarları tərəfindən işğal olunmuşdu. Azərbaycan ordusu düşmənə layiqli cavab verərək, onu təslim olmağa məcbur etdi. Artıq qrafik üzrə Ermənistan Azərbaycanın işğal etdiyi rayonlarını boşaldır. Biz nəyin şahidi oluruq? Ermənilər ərazilərdən çıxanda evləri, meşələri yandırır, tarixi abidələri məhv edirlər. Amma Azərbaycan dövləti tezliklə Ali Baş Komandanımızın rəhbərliyi altında dağıdılmış şəhər və kəndlərimizi bərpa edəcək, 30 illik didərgin həyatı yaşayan insanlar öz yurd-yuvalarına qayıdacaqlar”.
Akademik daha sonra Gürcüstanın elmi və ədəbi ictimaiyyəti ilə dostluq münasibətindən danışıb. Qeyd edib ki, Azərbaycan və Gürcüstan dövlətləri arasında bütün sahələrdə, o cümlədən, humanitar sahədə əlaqələr yüksək səviyyədədir: “İki ölkə arasında olan dostluq münasibətləri gələcək sıx əlaqələrə təminat verir. Dəyirmi masanın təşkilinə görə sizə bir daha təşəkkürümü bildirirəm. Sevinirəm və fəxr edirəm ki, mənim sizin kimi gürcü dostlarım var”.