Sahələrdə tütün yarpağı yığımı davam edir. Noyabrın 27-nə olan operativ məlumata əsasən, fermerlər tərəfindən 6240,8 ton tütün yığılıb, qəbul məntəqələrinə 5355,4 ton quru tütün təhvil verilib.
Unikal.org xəbər verir ki, tütünçü fermerlər tərəfindən aqrotexniki qulluq qaydalarına düzgün riayət edilməsi, şitil seçimi bu il orta məhsuldarlıq göstəricisinin yüksəlməsinə səbəb olub.
Ötən ilin yekununda tütünçülükdə yekun orta məhsuldarlıq 19,3 sentner olub. Bu il yığım prosesi başa çatmasa da orta məhsuldarlıq ötənilki göstəricidən yüksəkdir. Hazırda tütün yarpağı üzrə orta məhsuldarlıq 19,8 sentner təşkil edir ki, bu da ötənilki göstəricidən 0,5 sentner çoxdur. Hazırda məhsul yığımı davam etdiyindən orta məhsuldarlıq göstəricisinin daha da artacağı gözlənilir.
Qeyd edək ki, bu il Azərbaycanda 3144 hektar sahədə tütün əkilib, 3141,5 hektar sahədə bitiş alınıb. 2020-ci ildə Azərbaycanın 12 rayonunda və Naxçıvan Muxtar Respublikasında tütün əkilib. Əkin sahələrinin yarıdan çoxu ənənəvi tütünçülük bölgələrindən olan Şəki, Qax və Oğuz rayonlarının payına düşür. 2020-ci ildə Şəkidə 1108 hektar, Qaxda 496,5 hektar, Oğuzda isə 269 hektar sahədə tütün əkilib.
Tütün üzrə orta məhsuldarlıq Şəkidə 33,2 sentner, Qaxda 13,9 sentner, Oğuzda 14,9 sentner təşkil edir. Zaqatala, Balakən, Qəbələ, Tovuz, İsmayıllı, Goranboy, Lerik, Masallı və Yardımlı rayonlarında da fermerlər sahələrdən bol məhsul götürüblər.
Qeyd edək ki, ölkədə tütünçülüyün inkişafı dövlət tərəfindən dəstəklənir. Dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi tütünçülüyün inkişafını stimullaşdırır. Tütün həm əkin, həm məhsul subsidiyası verilən kənd təsərrüfatı bitkiləri kateqoriyasına daxildir. Fermerlər tütün əkilmiş sahələrin hər hektarına görə dövlətdən 280 manat subsidiya alırlar. Bundan başqa, fermerlərə qəbul məntəqələrinə təhvil verilən quru tütünün hər tonuna görə 50 manat, yaş tütünün hər tonuna görə isə 5 manat məhsul subsidiyası ödənilir.
Tədarükçülər fermerlərdən təhvil aldıqları tütün məhsulu ilə bağlı məlumatları, o cümlədən alqı-satqı müqavilələrinin və qəbzləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edirlər. Məlumatlar yoxlanıldıqdan sonra müvafiq subsidiya məbləğləri fermerlərin kartlarına köçürülür. 2020-ci ildə tütün üzrə məhsul subsidiyasının verilməsinə dekabrın ikinci ongünlüyündə başlanacaq.
Hazırda sahələrdə yığım davam edir, yığım prosesinin optimal müddətdə başa çatdırılması gözlənilir.