Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri, akademik Fazil Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Unikal.org-un xəbərinə görə, məktubda deyilir:
“Möhtərəm İlham Heydər oğlu.
Vətən müharibəsində böyük Qələbəmiz münasibətilə Sizi və bütün Azərbaycan xalqını Rusiyanın Azərbaycan diasporu adından və şəxsən öz adımdan təbrik edirəm.
Bu Qələbə Sizin gərgin əməyinizin, müdrik daxili və xarici siyasətinizin, Azərbaycan xalqının sarsılmaz mənəvi gücünün, sıx birliyinin və ədalətin təntənəsinə inamının nəticəsidir. Sizin dahi atanızın – ümummilli lider Heydər Əliyevin vəsiyyəti həyata keçdi.
Sizin Ali Baş Komandan kimi yorulmaz fəaliyyətiniz və qətiyyətiniz sayəsində rəşadətli Ordumuz Azərbaycanın əzəli torpaqlarını çoxillik erməni işğalından azad etməyə nail oldu.
Siz Azərbaycan tarixinə xilaskar Prezident, azərbaycanlılar isə məğrur, igid, öz şərəf və ləyaqətini qoruyub saxlamış xalq kimi daxil oldular.
Bu gün Azərbaycan xalqı özünün çoxəsrlik tarixində misli görünməmiş ruh yüksəkliyi, parlaq, unudulmaz, xoşbəxt günlər yaşayır.
Vətənimizin ərazi bütövlüyü bərpa edilib, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bizim bayrağımız dalğalanır.
Bu Qələbə bizə igid döyüşçülərimizin, Qarabağ torpağında sülh naminə, ədalətin təntənəsi naminə canlarından keçmiş şəhidlərin qanı bahasına başa gəlib. Bununla əlaqədar, həlak olanların ailələrinə səmimi-qəlbdən başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirik.
Köçkünlərin öz doğma torpaqlarına qayıtması, vəhşicəsinə məhv edilmiş tarixi abidələrin, məscidlərin, məbədlərin və Qarabağın tamamilə dağıdılmış sosial infrastrukturunun bərpa edilməsi üçün qarşıda görüləsi işlər çoxdur. Biz - Rusiyada yaşayan azərbaycanlılar Azərbaycanda baş verən bütün hadisələri böyük həyəcan və diqqətlə izləyirik, Rusiyanın geniş ictimaiyyətinə daim obyektiv informasiya çatdırırıq.
Qələbə münasibətilə bir daha səmimi təbriklərimizi qəbul edin. Sizə və bütün Azərbaycan xalqına cansağlığı, firavanlıq və tərəqqi arzu edirik.
Azərbaycan qalibdir! Qarabağ Azərbaycandır!”