İşğaldan azad edilmiş ərazilərdə tarixi abidələr, bina və yollar, bir sözlə - normal yaşayış üçün gərəkli olan hər şey dağıdılmışdır. Elə buna görə də ölkəmiz qarşısında bu gün işğaldan azad edilmiş ərazilərdə yeni infrastrukturun və iqtisadiyyatın yenidən qurulması, dirçəldilməsi kimi mühüm bir məsələ durur.
“Biz qurub-yaradanıq. Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır...” – xalqa müraciət nitqində Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, Bakı nəzarətimiz altına keçən Qarabağ ərazilərinin bərpası işinə artıq başlayıb.
Zəruri infrastrukturun bərpası və qurulması məqsədilə, “Azərişıq” ASC bu ərazilərdə, mühüm əhəmiyyətli strateji obyektlərin elektrik təchizatını təmin etmək üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təcili tədbirlərə start verib.
İşğaldan azad edilmiş ərazilərdə, hazırda, Prezident İlham Əliyevin müvafiq göstərişinə əsasən, cəbhəyanı zonalarda düşmən hücumu nəticəsində dağıdılmış şəbəkələrin bərpası və yenidən qurulması üzrə operativ tədbirlər həyata keçirilir.
Unikal.org xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov açıqlama verib.
“Hazırda, ölkə prezidenti İlham Əliyevin müvafiq göstərişinə əsasən, Qarabağ ərazisində mühüm əhəmiyyətli strateji obyektlərin elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində fasiləsiz işlər aparılmaqdadır. Şəbəkələrin yenidənqurma və tikintisi işlərinin layihələndirilməsinə gəldikdə isə, düşünürük ki, müasir və innovativ texnologiyaların cəlb edilməsilə bu prosesi daha da sürətlənəcək. Belə ki, ərazinin 3D-mobil xəritəsinin yaradılması ilə güc mərkəzləri, elektrik veriliş xətləri, paylayıcı qurğular və uçot komplektinin coğrafi mövqeləri lazer skaneri vasitəsilə hazırlanmış modeldə öz əksini tapır. Bununla əlaqədar olaraq, özünü rəqəmsal texnologiyalar sahəsində yetərincə təsdiq etmiş EKM Global Consulting GmbH şirkəti ilə gələcək əməkdaşlıq haqda niyyət sazişi imzalandı”, - deyə, “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov qeyd etdi ki, müasir texnologiyalar və mühəndis-texniki həllər layihə-konstruktor işlərinin maksimal effektivliklə aparılmasına geniş imkanlar yaratması, əraziyə getmədən və vaxt itkisinə yol vermədən, işlərinin həyata keçirilməsi imkanları bu əməkdaşlığın müsbət cəhətlərindəndir.
“Üçölçülü verilənlərin istifadəsi insan faktorunu aradan qaldırmaqla, səhvlərin və vaxt itkisinin ciddi şəkildə aradan qaldırmağa imkan verir. Əldə olunan dəqiq və faydalı məlumatlar növbəti emal mərhələsi üçün “Azərişıq” ASC-nin Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzinə yönəldilərək, müvafiq sistemlərə inteqrasiya edilir. Bu isə bütün mərhələlərdə məsrəflərin azaldılmasına səbəb olacaq. Digər tərəfdən, niyyət sazişinə əsasən, yarana bilən istənilən suallara ekspert cavabı almaq imkanı da yaranır”, - R. Yusifov əlavə etdi.
“Bu texnologiyalar dünya üzrə bir çox müxtəlif sahələrdə istifadə edilir. Tikililərin 3D lazer skan edilməsi və modelləşdirilməsi, tarixi-memarlıq abidələr və topoqrafik planların mövcud vəziyyətini dolğun və dəqiq əks etdirməyə imkan verir. Yerüstü topoqrafik çəkilişlər, öz iş yerlərinin tərk etmədən müxtəlif ölçmələrin aparılmasında mütəxəssislərə geniş imkanlar yaradır. Və əlbəttə ki, bu kimi innovativ yanaşmalar zəruri olan işlərin daha az vaxt və məsrəflərlə həyata keçirilməsini təmin edir”, - deyə, E. Musayev müasir texnologiyaların tətbiq üstünlüklərindən danışdı.
Azərbaycan, Vətən Müharibəsində müasir texnologiyaların tətbiq edilməsilə zəfər marşını sürətləndirdiyi kimi, müasir texnologiyalar və innovativ metodları cəlb edərək azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, infrastrukturunun yaradılması işləri daha da sürətlə və uğurla aparılaraq, “21-ci əsrin Qarabağı”nın təməli qoyulacaqdır. Biz qayıtdıq!