Misir Mərdanovun "vurulmasına" start verildi
14:12 08-01-2013
CƏMİYYƏT
Misir Mərdanovun
"vurulmasına" start verildi
Təhsil naziri çətin günlərini yaşayır, təhsil şöbələrində maliyyə yoxlamalarına başlanılır
Təhsil naziri Misir Mərdanovun "vurulmasına" hazırlıqların getməsi ilə bağlı müzakirələr uzun müddətdir ki, mətbuatın gündəmini müəyyənləşdirən əsas mövzulardan birinə çevrilib. Artıq təhsillə bağlı ölkədə faktiki olaraq ikihakimiyyətlilik yaradılıb və Tələbə Qəbulu üzrə Dövlət Komissyası bir çox hallarda Təhsil Nazirliyinin səlahiyyətlərinə nüfuz etməkdən belə çəkinmir. Təhsil Nazirliyinin bir sıra səlahiyyətlərinin TQDK-ya dövr edilməsini isə heç də təkcə iki dövlət qurumu arasındakı ziddiyyətlər kimi səciyyələndirmək doğru olmazdı.
Bu həm də o deməkdir ki, təhsil naziri kimi Misir Mərdanova qarşı hakim düşərgədə münasibət heç də xoş deyil və TQDK-TN ziddiyyətlərində əksər halarda hakim güclərin birinciyə dəstək göstərməsini də bununla izah etmək mümkündür. İndi təhsil naziri Misir Mərdanovun şəxsi imzasıyla dərc olunmuş məktəbli dərsliklərinin TQDK tərəfindən monitorinqinin aparılması və xeyli qüsurların aşkarlanmasının elan edilməsi əslində təhsil nazirinin mövqelərinin nə qədər zəif olduğunun göstəricisidir.
Ötən gün yayılan bir məlumatda isə artıq yeni ilin ilk günlərindən etibarən Misir Mərdanova qarşı yeni hücum dalğasının başlandığı bildirilir. Bununla bağlı "Unikal"ı məlumatlandıran mənbənin sözlərinə görə, Maliyyə Nazirliyi 2013-cü ildə ölkənin bir neçə rayon-şəhər təhsil şöbələrində maliyyə yoxlamalarına start verəcək. Redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, yoxlamalar həmin rayonlarda çalışan təhsil işçilərinin şikayəti əsasında aparılacaq. Əməkdaşımızın apardığı dəqiqləşdirmə nəticəsində isə bəlli olub ki, şikayətlərdə təhsil şöbələrinin rəhbərlərinə qarşı korrupsiya ittihamları yer alıb. Yoxlamalar nəticəsində bu iddialar təsdiqini tapacağı təqdirdə isə əldə olunan nəticələr Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndəriləcək.
Hələlik konkret olaraq hansı rayonun təhsil şöbələrinin təftişə məruz qalacağı ilə bağlı dəqiqləşdirmə apara bilməsək də bu yoxlamaların geniş miqyaslı olacağı şübhəsizdir. Mənbəmizin sözlərinə görə isə bu yoxlamaların əsl məqsədi Misir Mərdanovun "adamları" kimi tanınan TŞ müdirlərinin vəzifədən uzaqlaşdırılmasına hesablanıb. Təhsil nazirinə sadiq şöbə müdirlərinin bir-birinin ardınca çıxdaş olunmasından sonra isə növbənin Misir Mərdanova çatacağı bildirilir. Ən maraqlısı isə odur ki, təhsil naziri ətrafında nələrin baş verməsindən tam məlumatlı olmasına rəğmən hər hansı müdafiə tədbirləri görmək istəyində belə bulunmur. Bu isə artıq nazirin onu gözləyən aqibətlə razılaşdığının göstəricisi sayılmalıdır.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50