Bəzi oliqarxların puç olan arzusu
00:43 09-01-2013
İQTİSADİYYAT
Bəzi oliqarxların puç olan arzusu
Baş nazirlik uğrunda savaş niyə səngiyib?
Son aylaradək ölkə mətbuatının əsas müzakirə mövzularından biri "Azərbaycanın yeni baş naziri kim olacaq?" sualı ətrafında müzakirə və mübahisələr səngiyib. Diqqətli oxucular da fikir versələr, artıq təxminən 2-3 aydır istər mediada, istərsə də ictimai-siyasi kulislərdə bu mövzu ətrafında dartışmaların, ehtimal və versiyaların arasının kəsildiyini özləri də görə bilərlər.
Qeyd etmək artıqdır ki, "yeni baş nazir" müzakirələri ölkənin ictimai-siyasi gündəminin ən "stajlı" mövzularından biridir. Bir çox KİV və ekspertlər ayrı-ayrı oliqarxlar, iqtidariçi qruplar arasındakı çəkişmələrin, qovğaların əsas səbəblərindən biri olaraq məhz hökumətin yeni başçısı olmaq uğrunda mübarizəni göstərirlər. Bu postda bəzi iri məmurların çoxdandır gözünün olduğu sirr deyil və ona görə də inandırıcıdır ki, hakimiyyətdaxili qarşıdurmaların əsas motivlərindən biri doğrudan da elə hazırki baş nazirin varisi olmaq uğrunda mübarizədir.
Hətta müstəqil ekspertlərin, media analitiklərinin bir çoxlarının fikrincə, indiyədək bəzi iri məmurların gözlənilməz şəkildə "vurulması"nın, ağır şəkildə cəzalandırılmasının kökündə onların baş nazirliyə açıq iddialarının olması dayanıb. Məsələn, sabiq iqtisadi inkişaf nazirləri Fərhad Əliyevin və Heydər Babayevin "ofsayd"a salınmasına səbəb kimi onların potensial hökumət başçısı kimi görünmələri və elə bu səbəbdən də baş nazirliyə iddialı olan digər güclü "əl"lərin qəzəbinə gəlmələri göstərilir.
Müxtəlif vaxtlarda Azərbaycanın baş nazir dəyişikliyinin bir addımlığında olmasına dair mətbuatda xəbərlər dərc edilsə də, indiyədək əsasən ehtimallara və qeyri-rəsmi qaynaqlara istinadən yayılan belə xəbərlər özünü doğrultmayıb. Amma bu cür xəbərlərin bir qayda olaraq adətən müstəqil və müxalif mətbuatda eyni vaxtda dövriyyəyə buraxılması onların vahid mənbədən ötürüldüyünə, məqsədli olduğuna şübhə yeri qoymur. Hər dəfə də sözügedən mövzuda xəbərlərin doğrulanmaması əsasən onunla izah edilir ki, yeni baş nazir təyinatının gerçəkləşməməsi yaxud ləngiməsi iqtidar içində bu postun hazırki sahibi qədər siyasi iddiadan uzaq, sadəcə, təcrübəli icraçı keyfiyyətlərinə malik fiqurun tapılmaması ilə əlaqədardır.
İndi isə artıq yeni baş nazirlik mövzusu tamamən qapadılmış kimi görünür, artıq aylardır hətta ən xırda xəbər şəklində belə, bu mövzunun gündəmə gəldiyini görmürük. Və bu, istər-istəməz maraq doğurur, suallara yol açır.
Məsələ ilə bağlı söhətləşdiyimiz adının çəkilməsini istəməyən siyasi ekspert ictimai-siyasi kulislərdə, KİV-lərdə yeni hökumət başçısı ilə bağlı informasiyaların, müzakirələrin qəfildən və uzun müddətdir ki, kəsilməsi ilə bağlı müşahidəmizi bölüşdüyünü dedi, bunun isə bir çox səbəblərinin ola biləcəyinə diqqət çəkdi. "Birinci səbəb o ola bilər ki, artıq prezident seçkilərinə bir ildən də az qaldığı vaxtda hakimiyyət içində daxili siyasi çəkişmələri birmənalı olaraq bir kənara qoymaq və seçkilərin özündən başqa heç bir məsələdə siyasi ehtiras nümayiş etdirməmək barədə qəti qərar var. Bu da iqtidar içi qrupları və onların başında duranları hakimiyyətin monolitliyini zədələyəcək gizli və aşkar təşəbbüslərdə bulunmaqdan çəkindirir" - deyə "Unikal"ın həmsöhbəti qeyd edib.
Ekspertin başqa bir versiyası isə daha ilgincdir. O ehtimal edir ki, artıq 2013 prezident seçkisindən sonra formalaşdırılacaq yeni hökumətin başçısının adı artıq indidən bəllidir və bu mövzu da məhz o səbəbdən qapadılıb. "Mümkündür ki, iqtidarın yüksək kulislərində yeni baş nazirin adına aydınlıq gətirilib, bu postda gözü olanlara da belə bir mövzuda xəbərdarlıq edilib. İndi bəzi iri məmurlardan heç biri bu istiqamətdə iddialarını davam etdirərək özlərini yandırmaq və prezident seçkilərindən sonra formalaşdırılacaq yeni hökumətdəki yerini indidən itirmək istəməyə bilərlər. Çünki nöqtə qoyulmuş bir məsələdə israrını davam etdirmək istənilən iri məmur üçün siyasi iradəyə qarşı çıxmaqdır, bunun cəzasının nə olduğunu isə bir ox keçmiş oliqarxların təcrübəsindən bilirik".
Və sonda:
görünən odur ki, yeni baş nazirin kim olacağı ilə bağlı şaiyə, ehtimal, müzakirə və mübahisələrin cəmiyyətin və mətbuatın gündəmindən çıxması heç də sadə səbəblərlə bağlı deyil. Bu, həqiqətən də arxasında ciddi nədənlərin dayanmış ola biləcəyi önəmli bir gəlişmədir.
Amma həmin nədənlərin nə olduğunu və bu gəlişmənin gələcəkdə bizə nə vəd etdiyini indidən ya dəqiq söyləmək, ya da təxmin etmək çətin məsələdir. Hər şeyi heç də uzaqda olmayan zaman göstərəcək.
Azər Aslan
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00