Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) növbəti dəfə beynəlxalq akademik məkanın ən nüfuzlu qiymətləndirmə sistemlərindən biri olan QS World University Rankings 2027 reytinqində mühüm uğura imza atıb.
"Unikal" xəbər verir ki, universitet dünyanın ən yaxşı ali təhsil müəssisələri arasında yer alaraq 951–1000-ci pillələr qrupunda qərarlaşıb və bununla da qlobal akademik rəqabətdə mövqeyini daha da gücləndirib.
Bu, AzMİU-da son illər həyata keçirilən məqsədyönlü islahatların, beynəlxalq əməkdaşlıq siyasətinin, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsinin, tədris keyfiyyətinin yüksəldilməsinin və universitetin qlobal akademik inteqrasiyasının real nəticəsidir.
QS World University Rankings 2027 qiymətləndirməsində dünyanın 106 ölkəsindən 8 808 universitet təhlil olunub. Onlardan yalnız 1 504 ali təhsil müəssisəsi yekun reytinq cədvəlinə daxil edilib. Bu il reytinqə 98 yeni universitet əlavə olunub ki, bu da rəqabətin əvvəlki illərlə müqayisədə daha da artdığını göstərir.
Belə bir şəraitdə AzMİU-nun dünyanın ilk 1000 universiteti sırasında yer alması universitetin beynəlxalq səviyyədə tanınan və rəqabətədavamlı ali təhsil müəssisəsinə çevrildiyini təsdiqləyir.
QS-in açıqladığı nəticələr göstərir ki, AzMİU bir sıra strateji göstəricilər üzrə dünya universitetlərinin nəticələrini üstələyib:
-
Müəllim-tələbə nisbəti göstəricisi üzrə 411-ci yerdə qərarlaşıb;
-
İşəgötürən nüfuzu göstəricisi üzrə 453-cü yeri tutub;
-
Akademik nüfuz göstəricisi üzrə isə 567-ci pillədə qərarlaşıb.
Bu nəticələr göstərir ki, AzMİU məzunlarının əmək bazarında rəqabət qabiliyyəti yüksək qiymətləndirilir, universitetin elmi və akademik fəaliyyəti beynəlxalq akademik ictimaiyyət tərəfindən tanınır və tədris prosesində tələbələrə fərdi yanaşma imkanları genişdir.
Son illər AzMİU-da həyata keçirilən islahatlar universitetin beynəlxalq mövqeyinin möhkəmlənməsində mühüm rol oynayıb. İkili diplom proqramlarının genişləndirilməsi, xarici universitetlərlə tərəfdaşlıqların artırılması, beynəlxalq akkreditasiyaların əldə olunması, elmi nəşrlərin sayının artması və qlobal layihələrdə iştirak universitetin inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edir. Xüsusilə memarlıq, şəhərsalma, inşaat mühəndisliyi, nəqliyyat, informasiya texnologiyaları və digər mühəndislik istiqamətlərində aparılan elmi tədqiqatlar AzMİU-nun beynəlxalq elmi məkanla inteqrasiyasını gücləndirib.
QS 2027 nəticələri bir daha göstərir ki, AzMİU təkcə ölkənin deyil, regionun mühəndislik və memarlıq təhsili üzrə aparıcı ali təhsil müəssisələrindən biridir. Universitetin dünyanın ən yaxşı ilk 1000 universiteti sırasında yer alması Azərbaycan ali təhsilinin beynəlxalq nüfuzunun yüksəlməsinin, ölkədə aparılan təhsil islahatlarının və AzMİU kollektivinin uzunmüddətli əməyinin mühüm nəticəsi kimi qiymətləndirilir.
Bu uğur həm də universitet qarşısında yeni hədəflər müəyyənləşdirir. Qarşıdakı dövrdə AzMİU beynəlxalq reytinqlərdə mövqeyini daha da yaxşılaşdırmaq, elmi potensialını artırmaq və qlobal akademik məkanda daha güclü təmsil olunmaq istiqamətində fəaliyyətini davam etdirəcək.
























.jpg)
























