Ulu Göyçənin görkəmli saz-söz nümayəndələrindən söhbət düşəndə istər-istəməz bir xeyli fikrə getməli oluruq. Erməni zülmündən, qaniçən daşnakların ağlasığmaz vəhşiliyindən başı olmazın bəlalar çəkmiş Göyçə mahalı, bir də bu ağrı-acıların dəlil-sübutu kimi ömürlük tarix yaddaşına hopan Aşıq Nəcəf yada düşür.

Kimdir Aşıq Nəcəf? 

Aşıq Nəcəfin doğum tarixi bir qədər qaranlıq, məlum olmadığından elin ağsaqqallarına üz tutduq. Sinədəftər Abbas kişinin (1886-1973) söyləmələrinə görə, Aşıq Nəcəf təxminən 1876-cı ildə Göyçə mahalının Daşkənd obasında dünyaya gəlib. Olduqca yaraşıqlı, boy-buxunlu, qəddi-qamətli adamıymış. 

Buluddan nəm çəkirmiş, 
Yerişi yerə şöhrət, 
Duruşu göyə şöhrət, 
Bəxtinə şahlıq düşən 
Elin nəğməkar oğlu.

Hər sözü, hər söhbəti, 
Dodaqlarda dillənən, 
Könüllərdə güllənən, 
Böy-buxunu tamaşa 
Elin bəstəkar oğlu. 

Səsi haqdan süzülən, 
Ləmsi Allahdan gələn, 
Dünyanın o başından, 
Qeyibdən, vəhdən gələn, 
Avazı şirin-şəkər 
Elin inadkar oğlu.

Mükəmməl bilik, dərin hafizə, möcüzəli səs sahibi olan Aşıq Nəcəf səliqə-səhmanı, ədəb-ərkanı ilə həmişə diqqəti çəkər, aşıqdan çox bəyə, bəyzadələrə oxşayarmış. 
Bir şəxsiyyət kimi də aşıq Nəcəf olduqca cəsarətli, qorxmaz, mərd, dəyanətli adamıymış. El-obada xüsusi nüfuz sahibi, dediyindən dönməz imiş. Fitri istedadı, rəvan təbi, güclü səs imkanları, qeyri-adi zəngulələrilə məhşur olan Nəcəf Qaraqoyunlu Aşıq Əsədlə, onun kiçik qardaşı Aşıq Məhəmmədlə dostluq edər, ağır-ağır yığnaqlar keçirərmiş. Deyilənə görə, Nəcəf də, Əsəd də Dədə Ələsgərin ən çox sevdiyi, ümid bəslədiyi şəyirdləri imiş və ustad onları on iki şəyirdinin başı sayarmış. Aşıq Nəcəf olduqca səsli aşığıymış. Sazı zilə çəkəndə ecazkar, əsrarəngiz, bənzərsiz səsi dalğa-dalğa havalanar, göydə gedən durnalar qanad saxlayarmış, “Nəcəfi”yə köklənəndə çaylar kimi çağlayarmış, “Koroğlu”, “Misri” üstündə dağlar-daşlar titrəyər, düşmən lərzəyə gələrmiş. Bəli, beləymiş Aşıq Nəcəf. Kimin nə cürəti varmış, onun meydanında at oynada? Oxuduqca şövqə gələrmiş, səsi bulaq kimi qaynayar, daşqın yaz selləritək coşarmış. Şirin, əfsunlu zənguləsindən könüllər ram olar, bülbüllər qulaq kəsilərmiş. Beş övlad atasıymış. Arvadı Gülüstanın gözəllikdə misli-bərabəri yox imiş. Gözəl olduğu qədər də səxalı, qeyrətli, əhli-halıymış Gülüstan. Abuzər kişinin (1888–1964) dediyinə görə, Gülüstan Nəcəfi uzaq toylara xələtsiz buraxmazmış. Farmaşdan gəbəni çəkib atın belinə qoyarmış.
Adın-sanın var, toya nəmərsiz getmə. Onsuz da o toyda artıqlamasıyla çıxaracaqsan hesabını, – deyərmiş. 
Aşıq Nəcəf 1918-ci ildə daşnaklar tərəfindən faciəli surətdə qətlə yetirilib. Ailəsinə başqa günahsız əhali ilə birgə Şişqayada – tövlədə od vurulub, yandırılıb. 
Aşıq Nəcəfin haqdan gələn qeyri-adi, əfsunlu səsi ilə bağlı xalqın dilində xeyli rəvayət, nağılabənzər həqiqətlər yaşamaqdadır ki, bunları da Abbas kişinin, Molla Abuzərin (Nəcəfin əmisi oğlu) yaddaş süzgəcindən qoruyub, böyük bir xeyirxahlıqla bizlərə çatdıran onların övladları Aşıq Hacı Bayramovla Əyyub kişi oldular.

***
Aşıq Nəcəf oğlanları Şəmistanla Şəmiddinə sünnət toyu çaldırırdı. Böyük toy damında kəndin “qaymağı”, söz qanan, əhli-hal adamları bardaş qurub oturmuşdular. Yuxarı başda, taxtın üstündə, böyük döşəkçənin üstündə Dədə Ələsgər, yanında yaxın dostu Aşıq Musa əyləşmişdi. Hamı intizarla kirvənin – Bozalqanlı Hüseynin yolunu gözləyirdi. Qaraqoyunlu Əsəd sinəsində saz məclisdə var-gəl edir, yüksək aşıqlıq məharətilə könülləri şadlandırırdı. 
Birdən “Mirzəcanı” havasından “Məmmədsöyün”ə keçən Əsəd sazı necə zilə çəkdisə içəri otaqda otuzluq lampa söndü. Qaranlıqda Dədə Ələsgərin səsi gəldi. 
– Qadan alım, a Nəcəf, görürsənmi Aşıq Əsədi, qoymur işığa baxaq! Lampanı yandırdılar. Bu dəm Nəcəf əlində padnos qonaqlara qulluq edirdi. Ustanın eyhamını tutdu. Elə astanada, bir ayağı içəridə, bir ayağı eşikdə boş padnosu qulağına verib bir el bayatısı çəkdi. 

Eləmi Vətən yaxşı, 
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə, 
Ölməyə Vətən yaxşı. 

İçəri otaqda otuzluq lampa yenə söndü. Çırağı yandırdılar. Bir də baxdılar ki, taxçadakı mis qablar zümzümə edir. Bu zümzüməni, cingiltini dinləyən Aşıq Ələsgər ağlayırdı. Aşıq Nəcəfnən Əsədi yanına çağırıb sinəsinə sıxdı. Şahnazar oğlu Hasan, bir də Məşədi Qasım soruşdular ki, ay Ələsgər əmi, niyə ağladın? 
– A Şahnazar oğlu, ona yanıram ki, qara torpaq Nəcəflə Əsədi də qoynuna alacaq... 

***
Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Nəcəf (1900–1968) xatirələrində belə söyləyirdi: 
– Biz balaca uşağıydıq. Əmim Çoban Məhəmmədin (1857–1937) yanında hodağıydıq. Ağkilsədən Basarkeçər səmtə olan əkin yerində şum əkirdik. Birdən qulağımıza bir ecazkar səs gəldi. Ətrafımıza boylandıq. Əmim arif adamıydı. Dedi: 
– Öküzləri saxlayın, qulaq asın. Bu, Daşkəndli Nəcəfin səsidi. Oxuyur, harda olsa indi gəlib çıxacaq. 
Öküzləri saxladıq. Tilsimli səsin sehrində bir müddət lal-dinməz dayandıq. Xeyli keçəndən sonra bir də baxdıq ki, budu Nəcəf at belində gəlir. Əmim soruşdu:
– Ağrın alım, a Nəcəf, hardaydın, harda oxuyurdun? 
– A Məhəmməd, nə olub ki? Ayrım dərəsinin qaşında oxuyurdum. 
İndi Daşkənddən bir az bəri olan o qaşla Ağkilsə kəndinin məsafəsini görənlər yəqin ki, yaxşı bilər, görməyənlərə nə deyim?! 

***
Türk ordusunun sirlərini ingilis kəşfiyyatına satmaq üstündə qulağı kəsildikdən sonra qaçıb İrəvana gəlmiş Andranik Ozanyan millətçi erməniləri başına toplayıb silahsız Azərbaycan kəndlərinə tez-tez basqınlar edirdi. Zəngəzurdan Göyçəyə qədər vahid bir Ermənistan yaratmaq arzusu ilə yaşayan qaniçən cəllad uşaqları tonqallara çatır, qız-gəlinlərin üzlərinə xəncərlə xaç şəkilləri çəkir, hamilə qadınların qarnına xəncər soxur, kəndləri viran qoya-qoya bir neçə istiqamətdə irəliləyirdi. Andranikin özü olmazın talançılıq, qırğınlar hesabına daşnak ordusunu Laçın rayonuna çəkib, “Tat qırğınına”, “Qaragöl döyüşünə” getdiyi vaxtda quduzlaşmış ordunun bir hissəsini Sulikovun başçılığı altında Dilican dərəsindən keçib, Qaraqoyunlu, Kəvər, Aşağı Qaranlıq – qədim Göyçə mahalına tərəf istiqamət vermişdi.
Qaniçən Andronikin quldur dəstələrinin törətdikləri vəhşiliklər haqqında Göyçə mahalına da bəd xəbərlər gəlib çatırdı. Hamı vahimə, qorxu, təlaş içərisində olduğu bir vaxtda, nəhayət, Sulikovun dəstəsi 1918-ci ildə arxasınca olmazın qırğınlar, yanğınlar törədə-törədə Daşkəndə gəlir. 
O müdhiş hadisələrin canlı şahidi olan Abbas kişinin (Aşıq Hacı Bayramovun atası) söylədiklərindən: “Bir də gördük kəndə xeyli əsgər gəldi. General Sulikov kəndin ağsaqqalarını çağırtdırdı. Kalvayı Rüstəm, Kalvayı Zeynal, Məşədi Qasım, Hacı Rəhim, Şahnazar oğlu Hasan və başqaları yığıldı. Sulikov əmr etdi ki, quyuların ağzını açın, taxılları doldurun çuvallara. Bəli, az bir vaxtda əmr yerinə yetirildi. Qızıl Hacılı tayfasının atlarını xam-xam minib, üz tutdular Zoda tərəf”. 
Bəli, qarət edilən qənimətlərin hesabına burada nizami ordu yaratmaq niyyətində olan Sulikov özünü yaltaqlığa, bicliyə qoyur. Dəstənin yarısını başqa yerdə gizlədib, bir neçə nəfərlə Zoda gəlib Səməd ağanın evində iclas çağırır. İclasda ətraf kəndlərin başbilənləri – Qaramanlı Məşədi İsə, Qayabaşılı Hacıxıdır oğlu İskəndər, Hüseynquluağalıdan Qlava Balı, Çaxırlıdan Astan ağa, Böyük ağa, o cümlədən daşkəndli Hacı Rəhim iştirak edirdilər. Sulikov Səməd ağanın qarşısında şərt qoyur ki, anbarları boşaltsınlar, nə qədər arpa, buğda var, ordunun atlarına verilməlidir. Üstəlik, əsgərlər də ərzaqla təmin olunmalıdırlar. “Gözü çıxan qardaş” qabaqda olduğundan zodlular bir qədər sayıq tərpənib, qarşıdakı təpəyə toplandılar. Həyəcanla iclasın nəticəsini gözləyirdilər. Daşkənddəki soyğunçuluqdan sonra Zoddakı “qələbəsinə” bir o qədər də inanmayan Sulikov üzü pəncərəyə tərəf oturduğundan təpədəkiləri görür. Qəfildən açılan güllə pəncərənin şüşəsini deşib, bir nəfəri stolun arxasında yerə sərir. Güllə polkovnikə atılmışdı, ölən isə zodlu idi. Ara qarışır. Polkovnik onaçılan əlində özünü eşiyə atır. İkinci addımda Kəblə Rəhimin atəşi onu üzüstə torpağa sərir. Yıxılmış polkovnik yenidən ayağa qalxıb, belindəki qılıncı siyirib, kiminsə üstünə cummaq istərkən ikinci güllə açılır. “Bu erməni dığası camaatı nə əsir-yesir edib” – deyə hirsindən cilov gəmirən Hacı Rəhim qəfil bir sıçrayışla qılıncını çəkib polkovnikin başını üzür. Deyirlər, kəsik baş bir müddət “arpa-arpa” – deyirdi. Deyilənə görə, qaniçən cəlladın başının 21,5 girvənkə çəkisi varmış. 
Sulikovun dəstəsi bu dəfə qorxuya düşüb geri çəkilir. Sonra böyük, yaraqlı-yasaqlı, quduzlaşmış dəstəynən hücuma keçir. 
Abbas kişinin söylədiklərindən: “Bir də xəbər çıxdı ki, deməzsənmi, erməni basqın eləyib. Çamırlıdan Mustafa bəy xəbər göndərdi ki, hər kənddən adam gəlsin erməninin qabağını kəsək. Az bir vaxtda 500 atlı Çamırlıya yığıldı. Daşkənddən İdris, Pənah, Məşədi Qasım, Əli, Əliş özlərini hamıdan qabaq yetirdilər. Erməni hücum edir. Tərəflər qeyri-bərabər olsa da, göyçəlilər şücaətlə vuruşurlar. Çamırlı Mustafa ağır yaralanır. Yaralı aslan Məşədi Qasımı çağırıb deyir: “Məşədi, kənddəki arvad-uşağı çıxart. Kəndi boşalt. Erməni güç gəlir. Geri çəkilin. Qalaqlara od vurub, özünüzə möhkəm səngər qurun. Onda erməni qarət eləmək üçün kəndə dolacaq”. Gün çıxana qədər erməniləri qırırlar. Bir də Məşədi Qasım görür ki, bir şey gəlib göydən yerə düşdü. Torpağı alt-üst elədi. Onda deyir: “Daha top gəldi, bizimki bitdi”. Geri çəkilirlər. Öyrənirlər ki, ingilisdən top gəlib. Qaçırlar Daşkəndə. Məşədi Qasım Öyüklü təpəsində səngər düzəldir. Xəbər göndərir ki, kənddən arvad-uşaq çıxsın. Səngərdəki igidlər son damla qanlarına qədər vuruşurlar, lakin gücsüzlüklərini görüb, Kəlbəcərə tərəf çəkilirlər. Bundan sonra Göyçə üzük qaşı kimi mühasirəyə alınır. Dörd tərəfdən ağır top atəşinə və güclü nizami qoşunun vəhşiliyinə məruz qalan Qaraqoyunlu və Göyçə camaatı yerindən oynayır. 
Nəhayət, 1918-ci ildə Andranikin hiyləgər, məkrli, quzğun dəstəsinin yeni başçısı Sulikovun qisasını almaq, azərbaycanlıların gününü qara eləmək niyyətilə yeni siyasətə, hiyləyə əl atır. Boşalan kəndlərin sakinlərini şişqayalı Kor Tanrıverdinin vasitəsilə Kəlbəcərdən geri çağırtdırır. Camaatı sülhə, barışığa, danışığa səsləyir. Əsas məsələ qana-qan almaq idi. Zodda Sulikovun ölümündə iştirakı olanları məhv etmək, arxasınca min-min qanlar axıdan, kəndləri viran qoyan daşnak Sulikovun əvəzinə Göyçənin dinən dilini, görən gözünü – Aşıq Nəcəfi, zodlu Səməd ağanı, Hacı Rəhimi aradan götürmək idi. 
Kor Tanrıverdinin “sülh” çağırışına “Kəlbəcər rayonunun İstibulaq kəndində pənahlanmış Aşıq Nəcəf hamıdan qabaq səs verir. Qəlbi Vətən eşqiylə, yurd təəssübüylə, el-oba möhnətiynən döyünən aşıq özünü Göyçəsiz təsəvvür etmir. Odur ki, barışığa gəlməyə, danışıq yolu ilə davanı yatırtmağa, qırğını dayandırıb xalqı ocağına qaytarmağa tələsir. Arvad-uşağı yığıb yola hazırlaşır. Bütün İstibulaq kəndi Nəcəfə yalvarır, “getmə – deyir, inanma o quldurların dilinə”. Nəcəf dediyindən dönmür. Onun inadını görən yaxın qohum-əqrabaları, o cümlədən əmisi oğlu Molla Abuzər də öz ailəsilə ona qoşulurlar. 

Cəsarətdə, hünərdə 
Pələng idi, şir idi. 
Ürəklərdə möhtəşəm 
Ocaq idi, pir idi. 
Çal-çağırı, avazı.
Açılmamış sirr idi 
Elin göyçək oğlunun, 
Sözü gerçək oğlunun. 

Yurduna-yuvasına 
Qeyrətli insan idi. 
Qazandığı ad-sanı 
Dillərdə dastan idi. 
Vətənin dar günündə 
Qızışmış aslan idi. 
Məramı sülh, sakitlik 
Obada dinclik idi. 

El-obası dardasa, 
Özu necə şad olsun? 
Millətin sitəminə 
Necə ögey, yad olsun? 
Bu davanı kəsməyə 
Bilmir su, ya od olsun 
Elin aqil ustadı, 
Bütov, kamil ustadı. 

Dosta da, düşmənə də, 
Qəlbi pakdı, sidqi düz, 
Barışığa tələsir, 
Keçib neçə dərə, düz, 
Saxlayammır yolundan.
Xahiş, minnət, nə bir söz, 
Yeriyir yurd eşqinə, 
Sinəsi mərd eşqinə. 

Kor Tanrıverdi daşnakların tapşırığı ilə hamını böyük bir tövləyə yığır. Sülh adıyla təbliğat aparır. Guya özünün də yüzbaşı olacağını söyləyir. Bir azdan vəziyyət dəyişir. Qapılar bağlanır. Köhnə tövlə hər tərəfdən silahlı qoşunla mühasirəyə alınır. 
Sonra “haqq divanı” qurulur. Zirək, dilli-dişli əsirlər iki bir, üç bir “istintaqa” çağırılır, geri dönmürlər. Nəcəfi hamıdan qabaq “dindirib”, Basarkeçər zindanına gətirirlər. Zodlu Səməd ağanı da ələ keçirib, həmin kameraya salırlar. 

Durnanı gözdən vurur, 
Hiyləni başdan qurur, 
Daşnak, qaniçən cəllad, 
Vədindən keçən cəllad. 

Dərəçiçəkdə, Vedibasarda, Gümrüdə, Haqqıxlıda, Gözəldərədə, Zəngibasarda, Kəvərdə, Qaranlıqda yüzlərlə belə yanğınlar törədən daşnaklar tövləyə od vururlar. Od-alov ərşə dayanır. Bütün günahsız əhali ilə birgə (300–400 nəfər) Nəcəfin, Molla Abuzərin də arvad-uşağı yanıb kül olur. Həmin zülmət gecədə “istintaqa” aparılarkən Molla Abuzərlə Nəcəfin böyük oğlu Şəmistan təsadüf nəticəsində qaçıb canlarını qurtarırlar. Abuzər cibindəki Nikolay pullarını qaranlıqda əsgərlərin başından səpir, onları satın alır. Qapıçıların başı pula qarışdığından Abuzərlə Şəmistan xeyli aralanıb Şişqayanın üst tərəfindəki əkin yerinə, ordan da çox böyük çətinliklə Gədəbəydən keçib Daşkəsənə gəlirlər. Çox təəssüflər olsun ki, Şəmistan aranda qızdırmaya düşüb ölür. 
Sonralar Molla Abuzər həmin dəhşətli hadisəni, palçıqlı, yağmurlu, çalpoylu gecəni, qulaqlarından getməyən arvad-uşağının dəhşətli qışqırıq, yalvarış səslərini böyük ürək ağrısı, o illərin qanlı bir səhifəsi kimi xatırlayırdı. 
Polkovnikin sevinci yerə-göyə sığmırdı. Bəs necə? Andronikdən ənam alacaq, qaniçən Sulikovun əvəzinə Göyçənin “gözünü” məhv edəcəkdi. Gündə əsirləri “dindirir”, onları nəmli zirzəmiyə salmaqla verdiyi mənəvi, fiziki əziyyətdən ləzzət alırdı. 
Bir səhər qəflətən kameranın qapısı açılır. Zindanın küncündə hirsindən cilov gəmirən Səməd ağa yerindən gec durur. Bunu görən qapıçı ağaya bir sillə çəkir. Səməd ağa dərhal yerə sərilir, haray düşür. Rəis saxta bir ədayla kişiyə yaxınlaşır, ona kimin əl qaldırdığını soruşur. Qapıçı özündən razı halda irişdiyi zaman Səməd ağa can verirdi. “Mən ölməzdim, məni bu gədanın silləsi öldürəcək” – deyir. Səməd ağanı can üstə kameradan çıxarırlar.

***
Dərddən-qəmdən Nəcəfin bağrı çatlayır, zindanlar küncündə inildəyirdi. Şişqayadakı tövlədə, yağılar arasında köməksiz qalan arvad-uşağının, günahsız el-obasının dərdi onu üzürdü. Düşmən hiyləsinə düşdüyünə görə öz-özünü söysə də, artıq iş-işdən keçmişdi. Oxuyurdu Nəcəf. Gecə-gündüz bayatı çəkirdi. Səsi namərd, qaniçən cəlladlarda mərhəmət oyatmasa da, dağa-daşa səs salırdı, bayatı çəkirdi: 

Eləmi arxa gəlsin, 
Su axsın, arxa gəlsin. 
Mən təkəm, düşmənim çox, 
Köməyə arxa gəlsin.

Bu yerlər tala yeri, 
Bürc yeri, qala yeri. 
Qiyamət o gün qopar, 
El köçə, qala yeri. 

Gəmi gəldi, yan gəldi, 
İçində bir xan gəldi. 
Vətən həsrəti çəkdim, 
Gözlərimə qan gəldi. 

Durna sanınnan keçər, 
Ötər, sanınnan keçər. 
İgid Vətən yolunda 
Ölər, canından keçər.

Bu səs zindanlar küncündən havalanıb polkovnikin arvadının ürəyinə süzülürdü. Nə olar düşmən olanda?! Şirin, məlahətli, əfsunlu, eyni zamanda bülbül cəhcəhli yanıqlı səs bu qadını varından yox etmişdi. Onun halına acıyırdı. Necə olur-olsun ərinin könlünə yol tapmaq, bu el aşığını buraxdırmaq istəyirdi. Gecə-gündüz yanıqlı səsin təsirindən qala divarları altına adamlar yığılır, bu möcüzəli səs sahibinin aqibətinə təsirlənirdilər. Polkovnikin qəddarlığını görən Nəcəf ölümünü yəqinləşdirmişdi. Odur ki, gözünü gəzdirib dağlarla-daşlarla vidalaşırdı. Gəzdiyi oymaqları xatırlayır, vəsiyyətini eləyirdi: 

Kəblə Rəhim, söylə aşıq Əsədə, 
Mənim əhvalıma qalsın, ağlasın. 
Arif məclisində, alim yanında 
Həmişə yadına salsın ağlasın. 

Özum zindandayam, qəlbim uzaqda, 
Fələk məni nakam qoydu bu vaxtda. 
Gəncədə, Şəmkirdə, Tovuz, Qazaxda 
Yaralı “Dilqəmi” çalsın, ağlasın. 

Daşnak qış eylədi bahar, yazımı, 
Eşidən sızlayar xoş avazımı. 
Sinəsi sədəfli telli sazımı 
Qiyasa deginən çalsın, ağlasın.

Pəncərədən görunur Daşkənd yaylağı, 
Ağmanqan, Nərkeçən, Keytinin dağı, 
Meçitli, Taxta yurd, Qıvla bulağı 
İllərinən viran qalsın, ağlasın. 

Gün kimi dağlardan aşıb gedirəm, 
Daşqın selə düşüb, daşıb gedirəm.
Göyçəm, sənlə vidalaşıb gedirəm. 
Lalən, tər çiçəyin solsun, ağlasın. 

Köhlən at belində gəzdiyim dağlar, 
Çənə, çisəyinə dözdüyüm dağlar, 
Nəcəfəm, əlimi üzdüyüm dağlar 
Məni eldən xəbər alsın, ağlasın.

Gecə-gündüz yanıqlı səsin ürək parçalayan melodiyaları, hıçqırığı, sehri, tilsimilə varından yox olan polkovnikin arvadı nəhayət mətləbini ərinə bildirir. “Günahsız el aşığının qanına batma” – deyir. 
– Nə? – Polkovnikin gözləri hədəqəsindən çıxır. Naqanı çəkib elə yerindəcə arvadının başına sıxır. 
Bu hadisədən bir az sonra quduzlaşan polkovnik Nəcəfin ölümünə qəti fərman verir. “Aşıq qurban getməlidir, vəssalam” – deyir. Nəcəfi “Güllütəpə” deyilən yerə (Qırxbulaqla Çaxırlının arası) gətirib belinə qaynar samovar bağlayırlar. 

Güllütəpə, qan təpə, 
Səni alış, yan təpə. 
Necə qıydın kül ola, 
Belə igid, xan, təpə?!

Polkovnikin bu rəzilliyi, qəddarlığı, alçaqlığı bir yandan, təklik, kimsəsizlik də bir yandan Nəcəfə yaman toxunur. Qəlbi çilik-çilik olub, gözlərində şimşək çaxır. Könlündən nələr keçir, nələr... 
Üzünü doğma Daşkəndə, gəzdiyi yaylaqlara sarı tutub dərindən bir ah çəkir. Elə bir ah ki, yanğısı alov-alov vücudunu dolaşır, dilim-dilim nəfəsini, dodağını yandırır. 
Haqsızlıqdan od tutub qovrulur Nəcəf. Dostlarını axtarır. Şişqayada, yağılar arasında qalan arvad uşağının, qohum-qardaşının dərdi tüğyan edir sinəsində: 

Könül quşu, uç get ana Vətənə, 
Mənə o yerlərdən bir xəbər gətir. 
Əhvalımı yetir nər igidlərə, 
Qasımı, Ziyadı bir təhər gətir. 

Görsən nələr çəkir uğursuz ana, 
Deginən ki, ömür getdi bəd fəna, 
Qoy düşmən gülləsi dəyməsin mana, 
Daşkənddən içməyə bir zəhər gətir. 

Samovarı bağladılar belimə, 
Məşəd Qasım pəriskardı elimə,
Barilahim əlin yetir əlimə, 
Qohumdan, qardaşdan bir nəfər gətir. 

Mən bilmədim polkovnikin adını, 
Güllə ilə vurdu öz arvadını, 
Kimə deyim fəryadımı, dadımı, 
Arvaddan-uşaqdan bir xəbər gətir. 

Nəcəf deyər harda qaldı Gülüstan, 
Şəmiddin, Şəmistan, Mikayıl, Astan, 
İsmayıl körpədi, çıxammaz yasdan, 
İlahi, üzünə xoş səhər gətir!

Bu nalədən, bu fəryaddan dağlar, daşlar diksinir. Bülbüllər susub, güllər başını aşağı əyir. Lalənin bağrı qara boyanır, nərgizlər xəcalətindən saralmağa başlayır. 
Təbiət aşığın bu tükürpədən, köməksiz ah-fəqanına tab gətirmir. Dağlar şeh əvəzi gözündən gildir-gildir yaş axıdır. İnsanlar da, təbiət də qan ağlayır. 
Bircə polkovnikin halı dəyişmir. Özündən razı halda, rəzil bir gülüşlə bu mənzərəni seyr edir. Onun qaniçən, məkrli, ilan gözlərinə Nəcəfin gözü sataşanda içindən bir tel qırılır. 
Onu belindəki samovar yox, bu rəzil, cəllad, qəddar daşnakın qudurğanlığı, özbaşınalığı, alçaqlığı öldürür. Göz görəsi mənliyini sındırıb, qəddini əyir. 
Son anda üzünü təbiətə tutub bir şikəstə qaldırır: 

Mən aşiq oda para, 
Ay doğdu, o da para. 
Varmı bir odu sönmüş, 
Canımdan od apara. 

Nə bağışlar, 
Dost-dosta nə bağışlar. 
Başım cəllad əlində, 
Nə kəsər, nə bağışlar! 

Samovar tüstülənir, Nəcəfin kürəyindən yağ damırdı. Bu dəhşəti görənlər, bu naləni eşidənlər dözmür, qulaqlarını tutub qaçdıqca qaçırdılar. Təkcə Nəcəf dözür bu dərdə. Ürək alışsa da, ciyər bişsə də, gözlərindən qan damıb, bədənindən yağ tökülsə də dözür, düşmən önündə inləmir, ona olan nifrətini gizlətmir. 

***
“Güllütəpə” meydanına axın-axın insan toplanır. Görən neçə günahsızın qanı axıb bu yerdə?! Neçə vəhşiliyin şahidi olub, neçə quzğun yuvasına çönüb bu təpə?! İndi növbə Nəcəfindi. Kürəyində samovar tüstüləndikcə ürəklərə od düşür, sazı duyanlar, səsə vurğun olanlar dözmür. 
“Öldürməyin aşığı, öldürməyin aşığı” – qışqıranlar az deyil. Kimi qəm libasında, kimi gözündə yaş damcıları əli ürəyinin başında qanlı mənzərəni izləyir. 
Rəisin murdar nəfəsi hamını susdurur. 
Gəlsin o xain, görsün daşnak gücünü! 
Hər yerdən “Aşığın nə günahı” – nidaları eşidilir. 
Polkovnik əlindəki naqanı göyə sıxır. 
Kimin hünəri varsa bir də dillənsin!.. 
Nəcəf gəlir. Onun dərdinə gözlər dözmür. Başlar sinələrə əyilir. 

Ay amandı, 
Xalların nə yamandı. 
Namərd mərdə güc gəlir, 
Qoymayın, ay amandı! 

Məni bu dərdə qoyma, 
Yurdu namərdə qoyma. 
Varsansa, Ulu Tanrı, 
Qanımı yerdə qoyma! 

Nəcəf düşməndən aman istəmir, ölümünü gözləyir. Get-gedə müvazinətini itirib gözləri pərdələnir.
Məkrli düşmən onun dəyanətinə, yenilməzliyinə, qüruruna təəccübünü gizləyə bilmir. Paxıllıqdan gözləri hədəqəsindən çıxır. Öz-özünə fikirləşir: 
– Bunlar necə millətdi, öləndə də bunların inadını sındırmaq olmur?! 
– Aşıq, son anda məndən aman istə, diz çök, səni bağışlayım! 
– Yox!.. Polkovnik, səhv edirsən, bir ölümdən ötrü sənə baş əymərəm, qarşında diz çöküb sənə ləzzət vermərəm. Ölərəm, səndən imdad istəmərəm! 
Acı bir qəhqəhəylə, zəhərli bir gülüşlə düşmən bağrına dağ çəkir Nəcəf. Əyilməzliyi, barışmazlığı ilə göylərə yüksəlib şəhidlik zirvəsinə qalxır. Get-gedə gözlər pərdələnib, rəngi qaralır. 
Qaraldıqca qaralıb dodağından damla-damla qan sızır. Son addımı ataraq üzü üstə torpağa sərilir. 

Qaynadıqca samovar, 
Pörşüyür kürəyini. 
Cızhacızla dağ basıb, 
Qarsıyır ürəyini. 
Yanır günahsız Nəcəf, 
Köz üstə kabab kimi. 
Tarixlərə baş daşı, 
Bir sual-cavab kimi.

Tərlan Göyçəli. Göyçə aşıq məktəbi.
Bakı, Göytürk, 1998. səh. 92–105