Beynəlxalq Nəqliyyat Forumuna üzv ölkələrin növbəti iclası keçirilib. “Nazirlərin COVID-19 və Nəqliyyat mövzusunda xüsusi qeyri-rəsmi dəyirmi masası” videobağlantı formatında təşkil edilib. 

Unikal.org xəbər verir ki, tədbirdə ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə təmsil edib. 
Elmir Vəlizadə Azərbaycanın pandemiya dövründə də öhdəliklərinə məsuliyyətlə yanaşdığını, etibarlı tranzit və logistika mərkəzi olaraq ərazisi üzərindən maneəsiz tranzit trafikini təmin etdiyini bildirib. “Pandemiya şəraitində ölkələrimiz arasında açıq ticarətin qorunması və beynəlxalq yükdaşımalarının fasiləsiz həyata keçirilməsi vacibdir. Azərbaycan Respublikası Hökumətinin qərarına uyğun olaraq, xarici yük maşını sürücüləri maneəsiz Azərbaycan ərazisinə daxil ola və ya ölkə ərazisindən tranzit keçə bilirlər”, – deyə nazir müavini iştirakçıların diqqətinə çatdırıb. 

O qeyd edib ki, yük maşını sürücülərinin, digər insanlarla təmaslarını minimuma endirmək məqsədilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında xüsusi ayrılmış istirahət və yemək yerləri yaradılıb.

Nazir müavini nəqliyyatdakı inkişaf tendensiyaları və “COVID-19” pandemiyasının nəqliyyat əməliyyatları və xidmətlərində rəqəmsallaşdırma da daxil olmaqla müasir texnologiyaların tətbiqinin vacibliyini bir daha nümayiş etdirdiyini vurğulayıb.