Dövlət Komitəsi "Çudo Peçka"nın himayədarına çevrildi
00:48 09-01-2013
SİYASƏT
Dövlət Komitəsi "Çudo Peçka"nın
himayədarına çevrildi
"Çudo Peçka" Bakıda dönər satışını inhisara aldı, Dövlət Komitəsinin rəsmisi isə buna haqq qazandırır
"Unikal"ın əldə etdiyi məlumatlara görə paytaxt Bakıda dönərçiliklə məşğul olan müəssisələrin fəaliyyətinə süni əngəllər yaradılır. Həmin problemlər isə nə qədər qəribə görünsə də "Çudo Peçka" ticarət şəbəkəsindən qaynaqlanır. Belə ki, dönər biznesi ilə məşğul olanlar deyir ki, onlara belə bir göstəriş verilib ki, dönərlərin hazır əti mütləq "Çudo Peçka"dan alınmalıdır.
"Heç olmazsa hazır dönər ətinin yarısını sizdən alaq, yarısını da özümüz düzəldək" kimi sözləşməyə də razı olmayan "Çudo Peçka" rəhbərliyi qoyulan sərt "qaydan"ı pozanlara bazarda müəyyən problemlər yaradır. Hətta hazır dönər ətini "Çudo Peçka"dan almayan dönərxanalar bağlanmaq təhlükəsi ilə üzləşir. Bir sözlə, "Çudo Peçka" bazarda dönər monopoliyası yaradıb.
"Çudo Peçka"nın meneceri Vüqar Baba isə onlara qarşı irəli sürülən bütün ittihamları rədd edir. Onun sözlərinə görə, "Çudo Peçka"-nın dönər bazarında inhisar yaratması haqda səslənən fikirlərin əsası yoxdur və hər hansı monopoliyadan söhbət gedə bilməz: "Bildiyiniz kimi bir qədər əvvəl "Çudo Peçka"nın özünə də dönər satışına qadağa qoyulmuşdu. Bu da bizim lisenziyanın qaydasında olmaması ilə bağlı idi. Çox qısa vaxta qaydalara əməl edərək lazımi lisenziyaları aldıq. Və məlum oldu ki, bu vaxt "Çudo Peçka" ölkədə çiy dönərin hazırlanması və başqa müəssisələrə satılması üçün lisenziyanı alan ilk müəssisə oldu. Ola bilsin ki, bizdən sonra hələ heç bir müəssisə bu sertifikatı almayıb. Və ola bilsin ki, həmin dönər satan müəssisələr sertifikatlı çiy dönəri haradan əldə edə biləcəklərini soruşanda məsələ ilə məşğul olan məmurlar onlara "Çudo Peçka"dan almağın mümkün olduğunu bildirir. Həmin dönər satanlarla bağlı dəqiq nələr yaşandığını bilmədiyim üçün, yalnız belə bir fərziyyə irəli sürə bilərəm". Bundan başqa, şirkət sözçüsü onu da qeyd etdi ki, digər dönərxanalar kiçik müəssisələr olduğu üçün bəlkə də çiy dönərin satılması, göndərilməsi üçün sertifikatlara ehtiyacları olmur.
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bəyan edir ki, hər hansı müəssisənin bu sahəni inhisara alması qeyri-mümkündür: "Bu sahədə inhisardan söhbət gedə bilməz. Artıq ölkədə dönər istehsalı ilə bağlı standart qəbul olunub. Bu standartlara uyğun dönər istehsal edənlərə sertifikat verilib. Digər xırda iaşə obyektləri də sertifikatı olan firmalardan hazır dönər ətləri almalıdırlar. Çünki həmin məhsul insan orqanizminə, sağlamlığa birbaşa təsir edən məhsul olduğundan ancaq sertifikatı olan müəssisələrə çiy dönər əti istehsal etmək icazəsi verilir. Ona görə də hansısa müəssisənin bu sahəni monopoliyaya alması mümkün deyil".
Amma "Çudo Peçka" və Komitə rəsmilərinin nə deməsindən asılı olmayaraq ortada bir "dönər oyunu"nun mövcudluğu danılmaz faktdır. Hər halda onların heç bir faktı təkzib etmədilər və etiraf etdilər ki, çiy dönər ətinin satılması haqda lisenziya yalnız "Çudo Peçka"ya verilib və bu üzdən də digərləri həmin əti məhz buradan almalıdırlar. Sizcə bu monopoliya deyil, bəs nədir? Məsələnin digər maraqlı tərəfi isə həmin lisenziyanın hansı meyarlarla məhz "Çudo Peçka"ya verilməsidir. Axı cəmi bir neçə ay bundan qabağa qədər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti "Çudo Peçka"da aprdığı yoxlama nəticəsində antisanitariya qaydalarını aşkarladığını mətbuata açıqlamışdı.
O zaman müəssisənin fəaliyyətində ciddi qüsurların olduğunu dilə gətirən Dövlət Komitəsinin üstündən qısa zaman keçdikdən sonra çiy dönər ətinin istehsalı və satışıyla bağlı lisenziyanı "Çudo Peçka"ya verməsi və onu "nümunəvi" istehsal və satış müəssisəsi adlandırması hansı məntiqlə izah oluna bilər? Təbii ki, baş verən bu olayı normal məntiqlə izah etmək mümkün deyil və burada hansısa məxfi anlaşmadan və razılaşmadan söhbət gedə bilər. Biz "Unikal" qəzeti olaraq bu qaranlıq məqamın üzərinə işıq salmağa və məsələni ətraflı araşdırmağa çalışacağıq.
Natiq Rəhimli
Digər Xəbərlər
2024-12-25 22:51:58
2024-12-25 22:10:12
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48