Azərbaycanda məktəbliləri kim tələsdirir?
11:32 10-01-2013
İQTİSADİYYAT
Azərbaycanda məktəbliləri kim tələsdirir?
Məktəblər şəxsiyyət vəsiqəsinin 15 yanvara kimi, TQDK isə martadək təqdim olunacağını bildirir
Buraxılış imtahanlarında iştirak etmək üçün orta məktəb şagirdlərindən şəxsiyyət vəsiqəsinin tələb olunması ciddi problemə səbəb olub. Şagirdlərdən yanvarın 15-nədək vəsiqələrin təqdim olunması tələb olunur. Bu da pasport qeydiyyat şöbələrində növbə və qalmaqalların yaranmasına səbəb olub.
simsar.az-a müraciət edən şikayətçi, qızı 9-cu sinifdə oxuyan Cəmilə Mahmudova da eyni problemlə üzləşib: "Uşaqları tələsdirirlər ki, buraxılış imtahanları üçün şəxsiyyət vəsiqələri təqdim etsinlər. Az vaxt verildiyindən çatdıra bilmirik, həm valideynlər, həm də uşaqlar narahatdır". Valideynlər şikayətlənirlər ki, vəsiqələr üçün hamı tələsdiyindən pasport qeydiyyat şöbəsində növbələr yaranır və vaxt itirirlər: "Bəzi valideynlər məcbur olurlar ki, rüşvət verib, sənədləri tez alsınlar. Çünki şəxsiyyət vəsiqəsi almaq üçün tələb olunan sənədləri toplamaq vaxt tələb edir, 1 həftəyə çatdırmaq olmur".
Cəmilə Mahmudova deyir ki, vəziyyət təkcə onun qızının təhsil aldığı məktəbdə yox, bütün məktəblərdə belədir. Məsələyə aydınlıq gətirmək üçün bir neçə orta məktəblə əlaqə saxladıq.
Xətai rayon 265 saylı orta məktəbin müdiri Yeganə Qurbanova bildirdi ki, buraxılış imtahanı üçün tələb olunan sənəd yanvarın 15-ə qədər hazır olmalıdır. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından göstəriş verilib. Nəsimi rayon 46 saylı orta məktəbdən də eyni cavabı eşitdik.
Vəsiqələrin əslində nə vaxta qədər verilə biləcəyini dəqiqləşdirmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqə saxladıq. Komissiyanın mətbuat katibi Elnur Nağızadə bildirdi ki, bunun üçün konkret vaxt müəyyənləşdirilməyib: "Şəxsiyyət vəsiqəsinin tələb olunması imtahan üçün yaradılan elektron ərizəylə bağlıdır. Belə ki, həmin ərizədə şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etmək lazım olur. Vaxt məhdudiyyətinə gəlincə, şagirdlər mart ayına qədər vəsiqələrini alıb, məktəb rəhbərliyinə müraciət etməlidirlər".
Belə olduğu təqdirdə məktəblilərin nəyə görə tələsdirildiyini, onlara vaxt məhdudiyyətinin kim tərəfindən qoyulduğunun səbəblərini aydınlaşdıra bilmədik. Suallarımıza cavab tarmaq üçün digər orta məktəblərlə də əlaqə saxlasaq da, eşitdiyimiz cavab fərqli olmadı. Onlar da bildirdilər ki, TQDK-dan aldıqları tapşırığa görə, şəxsiyyət vəsiqələri yanvarın 15-nə qədər hazır olmalıdır.
Təhsil eksperti Məlahət Mürşüdlü qeyd etdi ki, imtahan üçün şəxsiyyət vəsiqəsinin tələb edilməsi vacibdir: "Bəzən olur ki, şagirdin yerinə başqa biri gəlib imtahan verir. Belə halların qarşısını almaq üçün sənəd təqdim olunmalıdır. 16 yaşına çatmayanlar şəkilsiz şəxsiyyət vəsiqəsi ala bilər".
Ekspertin fikrincə, vəsiqələrin təqdimi üçün verilən vaxt onu almaq üçün məqbuldur: "Mart ayına qədər həmin sənədi almaq mümkündür. Çünki qanunla şəxsiyyət vəsiqəsi 3 gün ərzində verilir. Şəxsiyyət vəsiqəsi almaq istəyənlər yaşadıqları rayonun polis idarəsinə müraciət edə bilər".
Məktəblərin vaxt məhdudiyyətini yanvarın 15-ə təyin edilməsinə gəlincə isə, M.Mürşüdlü dedi ki, ola bilsin ki, məktəblərin TQDK sədrinin rəsmi açıqlamasından xəbəri yoxdur: "TQDK sədri özü açıqlama verib ki, sənədlər mart ayına qədər hazırlana bilər. Məktəblərə bu rəsmi məlumatı çatdırmaq lazımdı. Ola bilsin ki, bunlar şayiədir".
Fatimə Kərimli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00