"İsa Qəmbər 7 nəfəri güllələtdirdi"
11:33 10-01-2013
CƏMİYYƏT
"İsa Qəmbər 7 nəfəri güllələtdirdi"
Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə İctimai Palatanın daxilində gedən proseslərə münasibət bildirərkən deyib: "Hələ Xalq Cəbhəsi hakimiyyəti dövründə bunlar demokratiya adı ilə oxlokratik bir hakimiyyət yaratdılar. Hansı ki, o zaman Azərbaycan demokratiyaya hamilə idi, bunlar isə demokratiya adlı uşağı "saldırdılar" və başladılar xalqın başına turp əkməyə.
Yaxşı ki, hakimiyyətləri bir il çəkdi, tez hakimiyyətdən getdilər. Özü də onları hakimiyyətdən xalq kənarlaşdırdı. Çünki əgər xalq onların arxasında dursaydı, kimsə onlara heç nə edə bilməzdi. Demokratiyadan danışanda onların "demokratiyası"ndan da nə isə misallar gətirmək lazımdır. Məsələn, İsa Qəmbər o qədər demokratdır ki, artıq bütün Avropa ölüm hökmünü ləğv etmişdi, bu isə 1992-ci ildə müəyyən müddətə prezidentlik səlahiyyətlərini yerinə yetirəndə 7 nəfəri güllələtdirdi.
Daha doğrusu, bir neçə nəfər ölüm hökmünə məhkum edilmişdi, onlar əfv istədilər ki, ölüm hökmü 15 il müddətə azadlıqdan məhrumetmə cəza növü ilə əvəzlənsin. İsa Qəmbər bunu rədd etdi, bu adamlar gülləndilər..."
Araz bəy xatırlayır ki, "İsa Qəmbər parlamentin sədri olanda istəmədiyi deputatlara söz vermirdi. Onun parlament idarəçiliyi dövründə biri konyak içirdi, biri siqaret çəkirdi, yəni, tam "demokratiya"ydı... Hərə öz lotu dəstəsi ilə gəlirdi və deputatlara hücum edirdi.
Bu da "demokratiya"nın təzahürü idi. Əli bəy dövlət katibi idi. O dövrdə bu vəzifəni daşıyan şəxs hakimiyyətdə ikinci-üçüncü şəxs sayılırdı. O, eyni zamanda, ixtisasca hüquqşünas idi. Amma onun da vaxtında, İsa bəyin də vaxtında daxili işlər naziri İsgəndər Həmidov və qoçuları gəlib jurnalistləri yerindəcə döyürdü, jurnalisti oğurlayıb aparırdılar. Necə ki, Zərdüşt Əlizadəni oğurlayıb apardılar... Bunlar hamısı yenə həmin "demokratiya"nın təntənəsiydi... Ümumiyyətlə, AXC-nin hakimiyyəti dövründə çoxlu, böyük "demokratik" addımlar atıldı. Məsələn, mətbuata senzura qoyuldu, jurnalistlərə dediyim kimi, fiziki təzyiqlər edildi, mitinqlər yasaqlandı. Daxili işlər naziri gedib Astarada topla binanı vurub dağıtdı, bir ailəni məhv etdi. Bu da "demoktratiya"nın göstəricisi idi. "Bozqurdlar", "Quzular" dəstələri və s, restoranlara girirdilər, atəş açırdılar, reketliklə məşğul olurdular. Bu da onların qurduğu "demokratiya" idi. Əgər budursa demokratiya, xalq artıq belə "demokratiya" istəmir. Çünki qorxur ki, bunlar yenidən hakimiyyətə gəlsələr, yenə də həmin "demokratiya"nı yaradacaqlar..."
Partiya sədri hesab edir ki, "Yarandığı gündən demişəm ki, İctimai Palata ölü doğulmuş uşaqdır, ayaq açıb gəzə bilməyəcək. Həmişə seçkiqabağı deyirəm ki, bunlar heç zaman birləşib vahid namizədlə iştirak edə bilməyəcəklər. Amma bir məsələni də qeyd etmək istəyirəm - hər dəfə saqqız verirlər xalqın ağzına çeynədirlər, guya bir nəfər vahid namizəd olsa, bunlar qalib gələcəklər. Ancaq sıfırın üstünə sıfır gəldikdə elə yenə də sıfır alınır..."
Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyev "Unikal"a bildirdi ki, "İctimai Palatanın gələcəyi və yaxud aqibəti əvvəlcədən bəlli idi. Onun içində bu gün baş verən proseslərin proqnozunu iki il əvvəl vermişdim. Və təsadüfi deyil ki, heç vaxt nə İctimai Palataya üzv olmaqla bağlı müraciətimiz olub, nə də bizə eşitdirilən dəvətlərdən ora gəlişimiz təmin olunub. Bu qurumda mənəvi çat artıq mövcuddur və bu bərpa edilə bilinməyəcək çatdır. Bu çat həmişə olub. Hələ 92-93-cü illər iqtidarından üzübəri bu iki komanda arasında həmişə fikir ayrılığı olub. Mən bu dəqiqə bu yöndə açıqlama vermək niyyətində deyiləm. Şərh də etmək istəmirəm. Çünki mən daha çox Azərbaycan müxalifətinin geniş çapda inteqrasiyasının tərəfdarıyam və çalışıram ki, bütün davranışımla müxalifətin geniş şəkildə birliyinə nail ola bilək. Beləliklə də, ölkədə yeni siyasi mühit formalaşa bilsin. Prezident seçkiləri ərəfəsində bunu etmək çox vacibdir. Çünki bizim resurslarımız məhduddur. Resurslarımız yalnız narazı elektoral bazadır. Bu narazı elektoratı ətrafımıza toplamaq üçün müxalifətin vahid ünvanını yaratmaq lazımdır. Belə olan halda heç bir siyasi liderin adı ilə bağlı ünvan ola bilməz. Bu, müxalifətin vahid ünvanı olacaq ki, cəmiyyət müxalifətə hələlik bəsləmədiyi etimadı həmin ünvana qaytara bilsin. Buna nail ola bilsək, hakimiyyətin əlində olan külli miqdarda maliyyə, insani və beynəlxalq resursları kompensasiya edə bilərik. Belə olan halda bizim siyasi uğurumuz əldə edilə bilər. Əks halda Azərbaycan hakimiyyəti 2013-cü ildə mövcud seçki strukturları və mövcud siyasi şərait fonunda prezident seçkilərini asanlıqla udacaq. Ona görə də mən müxalifətin daxilində baş verən proseslərə şərh vermək istəmirəm. Təbii ki, müxalifətin daxilində baş verən neqativ proseslər gözlənilən proseslər idi və necə olmasından asılı olmayaraq son iki il ərzində şahid olmuşuq ki, İctimai Palata ölkədəki siyasi situasiyanı dəyişmək gücündə deyil və buna gücü çatmayıb.Ona görə də, ən azı, bu səbəbdən müxalifətin daha geniş formatda əməkdaşlığına ehtiyac var. Artıq İctimai Palatanın daxilindəki partiyalardan biri bu mövqeyi açıq şəkildə ifadə eləyib".
Natiq
Digər Xəbərlər
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40
2024-12-27 11:24:31