"Sem dayı"nın qocalığı?!
21:37 11-01-2013
İQTİSADİYYAT
"Sem dayı"nın qocalığı?!
Və ya 200 illik "Amerika milləti"ndəki çatlar
Hələ lap başlanğıcdan ABŞ-ın etnik sistemi əsasən Avropa substratı üzərində formalaşmağa başlayıb. Yerli hindu əhalini sıxışdıran və ya tamamilə məhv edən avropalı miqrantlar Şimali Amerika məkanını ələ keçiriblər. Onlar cidd şəkildə, özü də uzun müddətə hesablanmış məskunlaşma həyata keçiriblər. Bu, Amerikadakı Avropa kolonizasiyasını rusların Sibirdəki mövcudiyyətindən fərqləndirən başlıca xüsusiyyətdir. Mövcud cəhət eyni zamanda Amerika və Sibir etnogenezinin də müxtəlifliklərini müəyyənləşdirir (168.az).
İlk dönəmlərdə avropalılar hindu etnogenetik matriçanı sıxışdıraraq yerini təmiz avropalılarla doldururdular. Onlar çox nadir hallarda hindularla izdivaclara gedirdilər. Sibirdə isə ruslar lap başlanğıcdan yerli xalqlarla simbioza daxil oldular. Əgər amerikalı hindular hələ də rezervasiyaların qurbanlarıdırlarsa, Sibirin tatarları, xakasları, altayları, buryatları, yakutları və başqaları özlərinin milli mövcudiyyətləri (respublikaları, milli əyalətləri və dairələri) çərçivəsində ruslarla demək olar, eyni etnogenezdə birləşirlər.
Bir məsələyə də diqqət yetirmək lazımdır ki, Amerikanın etnik sistemi əslində Avropanınkının təbii davamıdır. Əgər Sibir subetnosu hələ də rus təsiri altındadırsa, Amerikada ana matriçadan erkən uzaqlaşma hadisəsi baş vermişdi. Hindular qırıb-çatılmışdı. Hətta iş o yerə çatmışdı ki, işçi qüvvəsinə ehtiyac duyulmuş, Afrikadan zənci qullar gətirilmişdi. Ardınca Meksikadan, Mərkəzi Amerikadan və Cənub-Şərqi Asiyadan miqrant axınları yaşanmışdı. Nəticədə irqi rəng öz ağlığını itirmiş və belə demək mümkünsə, irqin təmizliyinə xələl gəlmişdi. Amma amerikalılar bu barədə danışmağı sevmirlər. Görünür, mövcud səbəbdəndir ki, onların hazırkı etnik tərkibi ilə bağlı dəqiq bilgilər əldə etmək nəinki çətindir, ümumiyyətlə mümkünsüzdür. Buna görə də zalımi məqamlarda əldə olan informasiyalara müraciət edəcəyik.
Vəziyyətin düzgün anlaşılması üçün bir neçə vacib şərtə diqqət yetirmək zərurəti yaranır. Əvvəla, ABŞ-dakı etnogenetik durumu qiymətləndirmək üçün ilk növbədə etnoloji anlayışlara söykənmək vacibdir. Amerika siyasi elitasının ölkənin mənfəətləri naminə irəli sürdüyü mülahizələrin təsirindən uzaq durulmalıdır. Bu mənfəətlər naminə amerikalıların milli tərkibinin dəqiq fiksasiyasından boyun qaçırılır. Hər dəfə "Amerika milləti" adı altında guya dünyanı xilas edəcək qüvvənin mövcudluğu məfkurəsinin yeridilməsi əslində amerikalıların özlərini də etnosun dərkində labüd çətinliklərlə uzləşdirir. Baxın, öz kimliyini qavramaq qabiliyyətindən məhrum düşmüş toplum hansısa qlobal xeyirxahlıq missiyasının yerinə yetirilməsinə qol çırmayır. Xeyirxahlığın isə nədən ibarət olduğunu istər Əfqanıstan və İraqda, istərsə də "ərəb baharı" ssenarisinin gerçəkləşdiyi məmləkətlərdə yaxşı görürük…
ABŞ-da əhalinin 1790-cı ilə təsadüf etmiş birinci siyahıyaalınmasında söhbət 4 milyonluq əhalidən gedib. İki əsr ərzində Birləşmiş Ştatlara 64 milyon miqrant axını baş verib. Reallıqda ikinci rəqəm daha böyükdür. Çünki qeydiyyata alınmamışların həddən artıq çox olduğu bildirilir.
2012-ci ildə ABŞ-ın əhalisinin sayı 314 milyon 895 min idi. 1910-cu illə müqayisə etsək (həmin vaxtkı rəqəm 92 milyon 228 mindir), bir əsr ərzindəki artım çox yüksək alınır - 3,4 dəfə. Hazırda ölkədə əhalinin 65 faizi ağlar, 16,4 faizi Latın Amerikasından gəlmələr, 13,1 faizi afro-amerikalılar, 5 faizi asiyalılar, 1,2 faizi isə aborigenlərdir (ərazinin köklü sakinləri). Son illər isə Mərkəzi və Cənubi Amerikadan, eləcə də Asiyadan güclü miqrant axını müşahidə olunmaqdadır. Bütün bunlara "rənglilərin" təbii artımının yüksəkliyini əlavə etsək, onların amerikalıların ümumi artım faizindəki roluna dair daha bir maraqlı statistikanın üzərində dayanmaq mümkündür. 1950-ci ildə 26, 1970-ci ildə 57, 2000-ci ildə isə artımın 92 faizi "rənglilərin" hesabınadır. Deməli, son 40 il ərzində "ağların" ümumi əhali tərkibi içərisindəki faiz nisbəti 83-dən 65-ə enib. Bu isə "ağ sivilizasiya"nın sonu kimi dəyərləndirilə bilər.
ABŞ-ın yarandığı ilkin dövrlərdə miqrantların əksəriyyətini ingilislər, irlandlar və şotlandlar təşkil edirdi. Buna görə də etniklər arasında ünsiyyət vasitəsi kimi ingilis dili seçilirdi. Hazırda ölkədə almanlar daha böyük etnik qruplar sayılırlar - 17 faiz və ya 50 milyon nəfər. Afro-amerikalılar 13 (40 milyon), irlandlar 10 (31 milyon), ingilislər 8 (25 milyon), meksikalılar 7 (21 milyon), italiyalılar 5 (16 milyon), faransızlar 3,5 (11 milyon), Latın Amerikasından gəlmələr 3,1 (10 milyon), polşalılar 2,9 (9 milyon), şotlandlar 1,6 (5 milyon), hollandlar 1,5 (4,5 milyon), norveçlilər 1,5 (4,5 milyon), aborigenlər 1,3 (4,1 milyon), isveçlilər 1,3 (4 milyon), puerto-rikolular 1,1 (3,5 milyon), ruslar 0,9 (2,7 milyon), çinlilər 0,8 faiz (2,5 milyon) təşkil edirlər.
ABŞ-da inzibati qaydada bir sıra dolaşıq vəziyyət yaradan terminlərdən də istifadə olunur. Məsələn, ispan dilli latın amerikalı ilə ispan mənşəlilər arasında fərqlər müəyyənləşdirilir və aydın görünür, bu cür təsnifat əslində məsələ barədə araşdırma aparmağı hədəfləyənləri bir növ, çətinliyə salmağı hədəf götürüb. Təbii ki, məsələnin mahiyyətinə varılması üçün belə qəlizliklərə deyil, düzgün sayılan anlayışlara müraciət olunmalıdır. Birincisi, etnosun nədən ibarət olduğuna diqqət yetirilməlidir. Nəzərə alınmalıdır ki, birgə yaşam ilk növbədə qan qohumluğuna söykənir. Etnosun əsasını ailə, nəsil və tayfa təşkil edir. Burada sosial və iqtisadi xarakteristika yolverilməzdir və mövcud halda çoxlu sayda böyük və kiçik etnik qruplardan söz açmaq mümkündür. Onlardan daha böyüyü və güclüsü almanlar, irlandlar, ingilislər, meksikalılar, italyanlar və fransızlardır. İrqi nöqteyi-nəzərdənsə ağ amerikalılar, belə desək, latınlar (Meksika, Mərkəzi və Cənubi Amerika mənşəli amerikalılar), afro-amerikalılar və Asiya mənşəli amerikalılar fərqlənirlər. Maraqlıdır ki, heç yerdə və heç vaxt qarışıq nigahlardan törəyənlərin sayı nəzərə alınmır. Onlar özlərinin etnik identifikasiyalarına görə ikili səciyyə daşımaqdadırlar və məhz belələri üçün "Amerika milləti"nın ilahi rolu barədə deyilənlər sadəcə cəfəngiyyatdan o tərəfə getmir.
Amerikalıların etnogenetik statuslarına diqqət yetirək. Bununla bağlı etnogenetik xarakteristikalarda etnogen əlaqə sıxlığı deyil, subetnik əlamətələr baxımından bölgü əsas götürülərək subetniklər arasındakı daxili zəif əlaqələrdən söhbət açılır. Bu isə böyüklərin özünüdərkinin zəiflədilməsinə, kiçiklərin vahidləşərək bir məqsədə çatma ideyalarının formalaşmasına yönəlib. "Amerika milləti" məfkurəsi də elə buradan qaynaqlanır.
ABŞ diplomatiyasının görkəmli nümayəndələrindən sayılan Henri Kissincerin "Diplomatiya"sını diqqətlə oxuyanda haradasa sirlərin üzərini açan adama çevrilmək mümkündür. Əlbəttə, bu, yanaşmadan da asılıdır. Çünki kitab adamı amerikapərəst də edə bilər. Axı, müəllif elə lap başlanğıcdan əsərini yüksək notlara - "Amerika milləti"nin şərəfli obrazına kökləyir. Təbii, mübahisə etmək olmaz - amerikalılar beynəlxalq siyasətə böyük təsir göstəriblər. 200 il əvvəl yalnız etnik sistem kimi yaranaraq, sonradan bütün dünyaya geosiyasi iddialar irəli sürmək sıradan məsələ deyil. Amerika geosiyasətinin strateji məqsədi həm də Qərb yarımkürəsində birmənalı hökmranlığa yönəlmişdi və bu istək baş tutdu. Birinci Dünya Müharibəsi Avropa dövlətlərini və Rusiyanı zəiflətdi ki, həmin dövrkü vəziyyət ABŞ üçün əlverişli mühit formalaşdırdı. Ortaya Vudro Vilson (1913-1921-ci illərdə ABŞ prezidenti olub) kimi adam çıxdı və o, özünün "14 maddə" prinsipi ilə əslində dünyanın bu gün üçün də prioritet saydığı siyasi dəyərlər sisteminin əsasını qoydu.
Vilsonun "14 maddə"sində daxili işlərə qarışmağın yolverildməzliyi də bir prinsip kimi əksini tapmışdı. Amma istər XX əsrin iyirminci illərindən sonrakı, istərsə də həmin vaxtdan xeyli əvvəlki Amerika davranış tərzi bunu tamamilə inkar edən hərəkətlərə baş vurdu. Başqalarının şəxsi dəyərlərinin universallığı Birləşmiş Ştatların baxış ölçüsünə ya tamamilə uyğun gə(tiri)lmədi, ya da sanki kif atmış məhsul kimi dəyərləndirildi. Baxın, ABŞ Cənubi Amerikada və Afrikada çevrilişlər hazırlayır, heç bir diskonfort keçirmədən beynəlxalq məsələlərdə ikili standartlardan çıxış edir, Quantanamoda həbsxana saxlayır, oradakılara işgəncələr verir.
Qeyd edək ki, hələ SSRİ-nin mövcudluğu dönəmində də bu cür hallar yaşanmışdı. Amerikalıların "mənəvi normaları" özünü Vyetnamın dinc əhalisinə qarşı olmazın özbaşınlıqların həyata keçirilməsində də göstərmişdi. Onların öz dəyərlərinin qiymətləndirilməsi, bəşəriyyətin qalan hissəsi üçün mayak rolunu oynamaq kimi iddiaları isə yalnız sovet dövrünün populist şüarlarını xatırladır. Əslində indi "Amerika milləti" ilə "Sovet xalqı" deyimi də haradasa oxşarlıq təşkil edir. Amma SSRİ-nin daha demokratik olduğu nəzərə çarpır. Çünki Sovetlər Birliyində millət anlayışına yanaşmada tolerantlıq nisbətən yüksək idi. ABŞ-da sanki millət yoxdur. Görünür, Amerika elitası millətlərin öz müqəddaratını təyin etməsi prinsipindən təcrübədə yalnız dağıdıcı siyasi məqsədlər naminə bəhrələnildiyini yaxşı anlayır və daxili ictimai rəyin buna köklənməsindən ehtiyatlanır.
Əlbəttə, ideal gələcəyə can atma prinsipi şəxsiyyət və dövlət miqyasında fərqli düşünənlər üçün zor aparatına birdən-birə çevrilməyib. Amerika düşüncəsi əslində təcridə və beynəlxalq işlərə deyil, öz hegemonluğunun qərarlaşmasına və insanlığa qarşı cinayətlər törətmişlərin cəzalandırılmasının qaçılmazlığına hesablanıb. Bu dəyərlər Amerika etnosu yarananda da gündəmdəydi, indinin özündə də. Hazırda dünyada artmaqda olan qarşılıqlı asılılıq məhz amerikalıların dominant maraqlarının təminatına yönəlib. Ancaq elə yuxarıdakı statistikaya da nəzər salsaq, yaxın gələcək üçün onların etnik sisteminin, dövlətçiliyinin və dəyərlər toplusunun iflasını təsəvvürə gətirmək mümkündür. Çünki dövlətçilik və dəyərlər toplusu elə amerikalıların özləri tərəfindən anti-dəyərlərə çevrilmə təhlükəsinə qədəm qoyub.
Etnogenez tarixin gedişatını dəyişdirmək və ona təsir göstərmək imkanlarına malik deyil. Tarixin gedişatı etnik sistemin sadədən mürəkkəbə gedən yolu, daha doğrusu bifurkasiyaya (bölünmə) aparan böhranları kimi inkişafın qaçılmazlığından irəli gəlir. Bundan çıxış edərək məntiqi surətdə ehtimal etmək olar ki, ABŞ etnogenezinin birinci mərhələsinin başa çatması ilə "bifurkasiya nöqtəsi" adlandırılmış hadisə baş verəcək. Həmin proses müvəqqəti olaraq sistemin və mühitin dezinteqrasiyasını doğuracaq. Nəticədə Birləşmiş Ştatlarda indi də kiçik etnoslar arasında müşahidə edilən ziddiyyətlər subetnosların bir-birilə qarşıdurması qiyafəsinə bürünərək daha da güclənəcək.
Təbii ki, bu sayaq versiyalar Kissincerin ABŞ üçün təsvir etdiyi etnogenetik və sosial-iqtisadi mühitə yaddır. Amma dünyanı başına almış böhranın Birləşmiş Ştatlara da təsiri bir sıra xoşagəlməz halları artıq doğurmaqdadır. Böhran cəmiyyətdəki sosial gərginlikləri həm üzə çıxardıb, həm də daha böyük fazada özünü göstərməsinə şərait yaradıb. Yüksək gəlir gətirən iş yerlərinin əksəriyyətinin ağ vətəndaşlara malik olduğu bəlli olub. Prezident Barak Obamanın qaradərililərin işə götürülərkən üstünlüyə malik olmalarını təsdiqləyən fərmanı hələlik ağlarda narazılıq doğurur. Amma hələlik. Çünki ağ əhali içərisində "vətənpərvər" şüarlar irəli sürməklə təşkilatlar və ittifaqlar formalaşdıranlar var ki, onların perspektivdə hərəkət etibarilə tarixi kalloabolosionistlərdən (quldarlığın saxlanması tərəfdarları. Abolosionistlər isə quldarlığın ləğvi tərəfdarları olublar) fərqlənmədiklərini bəribaşdan söyləmək mümkündür. Yeri gəlmişkən, "vətənpərvər hərəkatların" bir çoxu hərbiləşdirilmiş polislərin simasında özlərinin güc mərkəzlərinə də malikdirlər. Hələlik bu mərkəzlər çətin situasiyalarda köküllü köməkçilər olaraq fəaliyyət göstərirlər.
Onu da qeyd edək ki, ideoloji təbliğat ağ vətəndaşları vətənpərvər kimi birləşdirməkdə öz sözünü desə də, əvvəldə xatırlatdığımız rəqəmlərdən də göründüyü kimi, ABŞ-dakı demoqrafik vəziyyət heç də "ağların" xeyrinə deyil. Bu gün "rənglilər" daha çox artım xüsusiyyətinə malikdirlər.
Ölkənin qərbində və cənubundakı məktəblərin kiçik yaş qruplarında onların sayının çoxluğu aşkar nəzərə çarpır. Cənubda elə yerlər var ki, orada qara dərililərin hərəkətləri ağ əhalini şimala doğru üz tutmaq məcburiyyətində qoyur və bütün bunlara görə XXI əsrin Amerika xalqı və dövlətçiliyi üçün dönüş əsri olacağını söyləyənlər çoxluq təşkil edir. Yeri gəlmişkən, dönüşlərdən biri artıq yaşanıb - yeni əsrdə Birləşmiş Ştatlar özünə tarixində ilk dəfə olaraq qaradərili prezident seçib.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35