ABŞ-da baş verən toqquşmalar yalnız paytaxt Vaşinqtonu əhatə etməyib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın tərəfdarları Los-Ancelesdə də qarşıdurmalar yaradıblar.
Məlumata görə, Los-Ancelesdə də prezident seçkilərinin nəticələrinin ləğvi tələbi ilə bağlı keçirilən mitinqin gedişatında polislə kütləvi toqquşmalar olub. Yayılan kadrlarda Trampın tərəfdarlarının asayiş keşikçiləri və demokratları dəstəkləyən vətəndaşlarla toqquşmaları yer alıb.
Bütün bunlar seçkilərdə ənənəvi olaraq Demokratlar Partiyasını dəstəkləyən Kaliforniyada olub.
Eyni zamanda ABŞ polisi Keyt-stritdə Donald Trampın mehmanxanasının qarşısında atışma haqqında da bildirib.
Hadisənin təfərrüatları araşdırılır. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
"Fox News" teleşirkəti eyni zamanda "Trump Hotel"in yaxınlığında bir nəfərin hücuma məruz qaldığını xəbər verib. Məlumata görə, o, xəsarət alıb.