İranın Qarabağ harayı
13:47 15-01-2013
İQTİSADİYYAT
İranın Qarabağ harayı
Bu daha çox İranın özünə lazımdır
Dağlıq Qarabağ probleminin həlli ilə bağlı zaman-zaman müxtəlif təkliflər və təşəbbüslər səslənsədə demək olar ki, heç biri reallaşmayıb. Və indi ən uğurlu variant yenə də bu günə qədər bir uğura belə imza ata bilməyən ATƏT-in Minsk qrupudur. Bunu da qeyd edək ki, müxtəlif vaxtlarda hətta konkret dövlətlərdə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yardımçı təkliflərini ediblər.
Bunlardan diqqəti cəlb edəni isə Gürcüstanla İran olub. Şvernadze Gürcüstan prezidenti olan zaman belə bir təşəbbüslə çıxış etdi və sonradan Rusiyanın təpkisi ilə prosesdən geri çəkildi. Çünki Gürcüstanın özünündə Abxaziya və Cənubi Osetiya problemi vardı və bu Gürcüstana manevr etme imkanı tanımırdı. Amma İran mövzusu tamam başqa mövzudur. Bu mövzunun detallarına keçməmişdən öncə gəlin İranın ölkəmizdə ki, səfirinin son açıqlamasına baxaq. "Azərbaycan İranın Dağlıq Qarabağ münaqişəsində vasitəçilik və köməklik etməyə hazır olduğunu alqışlayır".Bunu Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov deyib.
Səfir qeyd edib ki, Bakı və Tehran arasında yaxşı ikitərəfli əlaqələr və çoxlu oxşarlıqlar var:- "Bu gün biz dünyada İran və Azərbaycan kimi başqa iki ölkəni tapmarıq ki, onlar arasında bu cür sıx mədəni, dini, ənənəvi, tarixi, hətta coğrafi əlaqələr olsun. Tehrandakı missiyamın ilk günündən bəri İran tərəfi Qarabağ məsələsi ilə bağlı görüş keçirməyi təklif etdi. Mən bu təklifi Bakıya çatdırdım və ölkəmiz danışıqlar üçün hazır olduğunu bildirdi, amma görüş Ermənistan tərəfin bu təklifi qəbul etmədiyinə görə baş tutmadı".
İndi isə gəlin, İranın bu təşəbbüsünə və ya Dağlıq Qarabağ problemində oynaya biləcək rola diqqət ayıraq. Qeyd edək ki, İran tərəfindən belə təşəbbüs hələ 1991-92-ci illərdə gəlmişdi. İran Azərbaycan və Ermənistan arasında vasitəçilik edərək problemin həllinə çalışacağını bəyan etdi. Məhz bu ərəfədə Azərbaycan Ali Sovetinin sədri Yaqub Məmmədovla, Ermənistan prezidenti Levon Ter-Petrosiyanın görüşü tehranda təşkil edildi. Görüşdə atəşkəslə bağlı razılaşma əldə olundu və xüsusi sənəd qəbul edildi. Sənəd qəbul olunan saatlarda isə Şuşa ermənilər tərəfindən işğal edildi. Və belə bir rəy ortaya çıxdı ki, əslində İran Azərbaycan üçün bir tələ qurub və bu tələ ilə Azərbaycan Şuşanı itirdi. Bununla da İranın nüfuzu sıfırlandı və inamsızlıq səbəbindən İran proseslərdən kənara çəkilməli oldu. Əslində qonşu Rusiyanın üzərindən İranın nə isə edə biləcəyi də inandırıcı deyildi. İndi isə İran yenidən belə bir təşəbbüslə çıxış edir. Bu təşəbbüsün arxasında nə dura bilər?
Ekspertlər bildirir ki, əslində İran belə bir təşəbbüslə çıxış etməklə dünya düzənində haqqında yaranan rəyi dağıtmaq və üzərinə yönəli basqıları azaltmaq istəyir. Məsələn, dünya dövlətləri bu gün İranı terrora dəstək verən dövlət kimi qəbul edir, bu biri tərəfdən isə İran Dağlıq Qarabağ kimi bir problemin həllində vasitəçilik edir. Sözsüz ki, bu olardısa İranın imicinə müsbət təsir edərdi. Yəni bu bir tərəfdən problemin həllinə yox, İranın öz siyasətinə yönəli addımdır. Başqa bir tərəfdən İranın Dağlıq Qarabağ probleminin həllində vasitəçi olması sadəcə mümkünsüzdür. Nəyə görə? İlk növbədə ona görə ki, Rusiya heç zaman regiondakı təsir rıçaqlarını İran kimi dövlətə verməz. Çünki İranın özü bu gün Rusiyanın əlində girova çevrilib. Digər tərəfdən, İran bu gün BMT-in ciddi sanksiyalarına məruz qalıb və demək olar ki, təcrid olunmuş durumdadır. Hətta belə rəylər var ki, Suriya prosesi sona çatandan sonra İran hədəfdə olacaq. Belə bir sanksiyalara və qınaqlara məruz qalan dövlətin başqa bir problemi həll etməsi isə mümkünsüzdür və bunu dünya ictimaiəti də qəbul edə bilməz. Azərbaycana gəldikdə isə, sözsüz ki, Azərbaycan məsələyə rəsmi yanaşmayıb və bu səbəbdən sadəcə olaraq reaksiyaya reaksiya ilə cavab verilib. Konkretliyə gəldikdə isə bu gün İran Azərbaycanın yox, Ermənistanın yanında daha çox görünür. Hətta İran Ermənistanla birlikdə işğal olunmuş Azərbaycan ərazilərində layihələr həyata keçirir, birgə elektrik stansiyaları inşa edir. Belə olan halda Azərbaycanın İrana inanması sadəcə mümkün deyil. Digər tərəfdən İranla Azərbaycan arasında kifayət qədər ciddi problemlər var və bu problemlərdə zaman-zaman qabarıb. Yəni köklü konfliktlər olan dövlətlərdən biridir və bu cür dövlətin proseslərə neytral yanaşması mümkünsüzdür.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40