Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinin ən məhsuldar komandası “Qarabağ” olub.

Unikal.org Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv çempionatın startından keçirdiyi 12 matçda 31 qol vurub.

Bu, son 17 ilin mütləq rekordudur. 2004/2005 mövsümündən indiyədək heç bir komanda ilk 12 oyunda bu qədər qol vurmayıb. Bunadək rekord 2004/2005 mövsümündə 29 dəfə fərqlənən Ağdam klubuna məxsus idi.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2003/2004 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 36, “Şəmkir” 31 dəfə rəqib qapısına yol tapıb.

1992-ci ildən keçirilən çempionatın tarixinə nəzər saldıqda, startdakı 12 matçda 31 və ya daha çox qolun vurulmasına 14-cü dəfə təsadüf olunur. Mütləq rekord “Neftçi”yə məxsusdur. Bakılılar 1996/1997 mövsümündə 47 dəfə fərqlənib. “Kəpəz” 1995/1996 mövsümündə 42, Sumqayıt “Xəzər”i 1992-ci ildə 40 qola imza atıb.