Səlim Müslümova kimlər və niyə mane oldu?
22:43 16-01-2013
İQTİSADİYYAT
Səlim Müslümova kimlər və niyə mane oldu?
DSMF sədrinin təklifləri qarşısında keçilməz sədd çəkilib
Hələ ötən ilin ortalarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov maraqlı açıqlamalarla diqqət çəkdi. O vaxt "Səlim Müslümovdan sahibkarlara şok xəbər" kimi mətbuat səhifələrinə çıxan Fond sədrinin açıqlamaları nədən ibarət idi?
Gəlin birlikdə xatırlayaq: Səlim Müslümov demişdi ki, Azərbaycanda qeydiyyatdan kənar məşğulluq və əməkhaqlarının gizlədilməsinə qarşı dövlət səviyyəsində ciddi tədbirlər hazırlanır.
Dövlət Sosial Müdafiə Fondunun sədrinin sözlərinə görə, DSMF bu sahəni ciddi araşdıraraq görüləcək tədbirlərlə bağlı təkliflər hazırlayıb. Bu təkliflərə əsasən "Sosial sığorta haqqında", "Əmək pensiyaları haqqında" qanunlara və digər qanunvericilik aktlarına dəyişikliklər edilməsi nəzərdə tutulur. S.Müslümov qeyd edib ki, əsas dəyişiklik sahələr üzrə minimum əmək haqqı fondunun tətbiq olunması və hazırda 25% həcmində olan məcburi dövlət sosial sığorta haqqının işçi və işəgötürən arasında
bölünməsi qaydasının dəyişməsindən ibarətdir: "Belə ki, minimum əməkhaqqının 3 misli həcmində (300 manata qədər) maaş alan işçilər üçün məcburi dövlət sosial sığorta haqqının hamısını işəgötürən şirkətin ödəməsi təklif olunur. Təkliflərimiz qəbul olunarsa, 300 manatdan 2000 manata qədər maaş alan işçilər üçün 18%-ni işəgötürən, 7%-ni işçi ödəyəcək. 2000 manatdan çox maaş alan işçilərdə isə məcburi dövlət sosial sığorta haqqının 10%-ni işçi, 15%-ni isə işəgötürən ödəyəcək".
DSMF sədrinin fikrincə, bu qaydanın tətbiq olunması işəgötürənləri işçilərə daha yüksək maaş ödəməyə həvəsləndirəcək: "Çünki maaş artdıqca, məcburi dövlət sosial sığorta haqqının çox hissəsini işçi ödəyəcək". Təkliflərin ikinci istiqaməti sahələr üzrə minimum əməkhaqqı fondunun tətbiqi olacaq. Bu qaydaya əsasən, ölkədə ayrı-ayrı sahələr üzrə əməkhaqqı fondunun minimum həcmi müəyyən olunacaq: "Əgər şirkətdəki əməkhaqqı fondu minimum həddən aşağı olarsa, şirkətin göstərdiyi rəqəmlər yox, minimum hədd nəzərə alınacaq. Məsələn, tikinti şirkəti üzrə minimum əməkhaqqı fondu 20% müəyyən olunubsa və şirkət bunu 15% göstəribsə, sosial sığorta ödəmələri 20%-lə tutulacaq. Buna oxşar təcrübə bir qədər fərqli formada artıq qonşu Türkiyədə tətbiq olunur".
Qısası: Səlim Müslümov ikili mühasibatlıq kimi Azərbaycanda geniş yayılmış və tamamilə qanunsuz bir prosedurun axırına çıxılacağının anonsunu vermişdi. Amma aradan təxminən 6 ay keçdikdən sonra da DSMF sədrinin təqdim olunan təkliflərindən heç bir xəbər yoxdur. Daha doğrusu, hazırlanan təkliflərin harada ilişdiyi, yaxud it-bata düşdüyü bilinmir.
Ən azı bizim bu istiqamətdə araşdırmalarımız nəticəsində həmin təkliflərin əsasında Müslümovun yuxarıda qeyd etdiyi qanun dəyişikliklərin gerçəkləşib-gerçəkləşmədiyini müəyyənləşdirmək mümkün olmadı. Söhbətləşdiyimiz bəzi ekspertlər də elə dəyişikliklər barədə məlumatsızdırlar. İnternet üzərindən dəqiqləşdirmələrimiz də nəticəsiz qaldı.
Belə çıxır ki, kimlərsə "ikili mühasibatlığın" ləğvini arzulamır və ona görə də bu istiqamətdə çalışmaların olmasından narahatdırlar. Odur ki, iqtidar içi təsir imkanlarını işə salaraq, DSMF sədrinin anonsunu verdiyi qanun dəyişikliklərinin reallaşmasını əngəlləyiblər.
Qeyd edək ki, rəsmi rəqəmlərə görə, ölkədə 5 milyon 913 min əmək qabiliyyətli əhali var. Bunların məşğul hissəsi, işləyəni 4 milyon 400 min nəfərdir, muzdla çalışanların sayı 1 milyon 421 min 500 nəfər, ölkə üzrə işsizlik faizi isə təxminən 6 faiz daxilindədir. Aydınlıq üçün çox sadə bir uyğunsuzluğu diqqətinizə çatdıraq: bəzən 1 milyon manatdan çox iş həcmi olan özəl müəssisə və təşkilatlarda əmək haqqı fondu 1 faizdən belə aşağıdır. Bu bir daha onu göstərir ki, Azərbaycanda müqaviləsiz və ikili mühasibatlıq vasitəsilə işləyən müəssisələrin sayı nə qədər çoxdur.
Bəs həmin müəssisələr hansılardır? Söhbət o müəssisələrdən gedir ki, onların hər birinin arxasında hansısa iri məmur dayanır. Məhz bəzi oliqarxların himayə etdikləri müəssisələrdə ikili mühasibatlıq tüğyan edir. Belə müəssisələr arxalarında dayanan gücə güvənərək "qara mühasibatlığı" özlərinin əsas fəaliyyət növünə çeviriblər.
Elə bizimlə söhbətində bəzi ekspertlər də Azərbaycanda "ikili mühasibatlığın" bu qədər dərin kök salmasını və onun aradan qaldırılması istiqamətində səylərin nəticəsizliyini məhz bəzi oliqarxların ayağına yazırlar. Onların fikrincə, bir çox iri məmurlar dövlət büdcəsinə və DSMF-yə qanuni köçürmələrdən yayınmaq üçün öz gəlirlərini gizlətməyə, işçilərlə müqaviləsiz çalışmağa üstünlük verirlər. Əvəzində isə şəxsi qazanclarını artırırlar. Belədə bu cür iri məmurlar "ikili mühasibatlığın" ləğvində nəyə görə maraqlı olmalıdırlar? Və yaxud "qara mühasibatlığın" kökünün kəsilməsinə yönəlmiş təşəbbüsləri niyə elə beşikdəcə boğmamalıdırlar?
Odur ki, Səlim Müslümovun da "ikili mühasibatlığın" aradan qaldırılması istiqamətində anonsunu verdiyi addımların sonradan reallaşmamasını məhz onun qarşısını bəzi oliqarxların kəsməsində axtarmaq məntiqəuyğundur. Amma əlbəttə, bunu ən yaxşı DSMF sədri bilir və gərək onun özü də açıqlama versin ki, məlum açıqlamalarının üzərindən 7 ay keçməsinə rəğmən, niyə hələ də dəyişən bir şey yoxdur?!
Günel Əkbər
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40