Ermənistanda hökumət binasının qarşısında etiraz aksiyası keçirilib.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, aksiyanı işğal zamanı Qarabağın ətraf rayonlarında qanunsuz məskunlaşdırılmış, hazırda Ermənistana qayıtmış erməni ailələri təşkil ediblər. Aksiya iştirakçıları "itirilmiş əmlaka" görə Ermənistan hakimiyyətindən təzminat tələb edirlər. Onlar dövlət məmurları ilə görüşmək istədiklərini bəyan ediblər.
Aksiyaçıların nümayəndəsi Armen Çomoyan təzminat və ya ev istədiklərini bildirib. O, Kəlbəcər və Laçında məskunlaşdırılmış ermənilərə "texniki səhvlərə görə" təzminat düşməyəcəyindən narahat olduğunu söyləyib.
"Digər ərazilərdən gələnlərə kompensasiya söz verilsə də, hələ ki, verilməyib. Kəlbəcər və Laçın ərazilərindən gələnlərə isə yaşayış yeri kimi Ermənistanda qeydiyyatda olduqları səbəb göstərilərək, zərərin ödənilməsindən imtina oluna bilər. Bu, ümumi məskunlaşanların 20 faizi deməkdir", - deyə Çomoyan söyləyib.
"Paşinyan bizə təzminat versin. Ya da ev. Başımızın üstünə dam istəyirik. Hazırda 11 nəfər bir evdə qalırıq", - deyə etirazçılardan biri bəyan edib.