Pandemiyaya qarşı mübarizə, iqtisadiyyatın bərpası, təbiətin qorunması, yoxsulluğa qarşı mübarizə, insan haqları, gender bərabərliyi, geosiyasi sarsıntıların qarşısının alınması, nüvə silahının yayılmaması, rəqəmsal texnologiyalardan istifadə, XXI əsrdə "yenidənyüklənmə" - BMT-nin rəhbəri 2021-ci ildə bu qurumun işinin prioritet istiqamətləri barədə söhbət açıb.

Unikal.org xəbər verir ki, Baş katibin fikrincə, əməkdaşlıq böhranı aradan qaldırmağa və tərəqqiyə nail olmağa imkan verəcək. "Hamımız birgə olmalıyıq", - onun çıxışının leytmotivi belə olub.

Baş katib 2021-ci ildə BMT-nin fəaliyyət planlarına həsr edilmiş iclasda proqram xarakterli çıxışında təşkilatın üzvü olan ölkələrə 10 prioritet istiqaməti açıqlayıb. Həmin istiqamətləri qısaca təqdim edirik.

Birinci hədəf - COVID-19 koronavirusunun öhdəsindən gəlmək. Quterreşin fikrincə, vaksinin yayılması məsələsinin həlli cəmiyyətin mənəvi vəziyyəti baxımından ilk ciddi sınaq olacaq. Onun sözlərinə görə, ölkələrin az bir qismi çox qısa müddətdə vaksin alıb, yoxsul ölkələrdə isə bu vaksin yoxdur.

Prioritetlər siyahısında ikinci yeri iqtisadiyyatın bərpası məsələsi tutur. Quterreş əmindir ki, bərpa tədbirləri elə bu gün başlamalıdır. O deyib: "Əgər iqtisadiyyat süni nəfəs alırsa, dünya virusdan sağala bilməz".

Üçüncü prioritet təbiət ilə sülhə nail olmaqdır. "2021-ci il iqlim dəyişmələri və biomüxtəliflik baxımından böhran ilidir", - deyən Baş katib dünyanın bütün ölkələrində iqlimlə bağlı fövqəladə vəziyyət elan etmək çağırışını xatırladıb və beş mühüm məsələnin həllinə nail olmağı təklif edib: 2050-ci ilə qədər karbon neytrallığı; 2030-cu ilə qədər qlobal tullantıların 45 faiz azaldılması; iqlim dəyişmələrinə uyğunlaşma; maliyyə öhdəliklərinin yerinə yetirilməsi; dəyişiklik strategiyalarının təsdiq edilməsi, o cümlədən kömürdən istifadə edilməsindən mərhələli şəkildə imtina və qazıntı yanacaq növlərinin subsidiyalaşdırılmasına son qoyulması.

BMT-nin rəhbəri "yoxsulluq və qeyri-bərabərlik pandemiyası"na qarşı mübarizəni dördüncü prioritet adlandırıb. Onun sözlərinə görə, insanların həyatda uğur qazanmaq şansının onların cinsindən, irqindən, ailə və etnik mənşəyindən, əlillikdən və digər amillərdən asılı olması ədalətsizlikdir. Baş katibin fikrincə, bu ədalətsizlik ucbatından insanlar hakimiyyətə inamı itirirlər.

Prioritetlər siyahısında beşinci yeri insan haqlarına qəsb edilməsi kimi təhlükəli meylə qarşı mübarizə məsələsi durur. Baş katibin sözlərinə görə, bu meyil koronavirus pandemiyasından xeyli əvvəl özünü göstərməyə başlamışdı, pandemiya isə, öz növbəsində, bu sahədə böhrana təhrik edib. BMT rəhbəri insan haqlarının pozulmasına qarşı daha fəal mübarizə aparmağa çağırıb.

Bu il BMT-nin fəaliyyətində altıncı prioritet məsələ gender bərabərsizliyinə qarşı mübarizə olmalıdır. Quterreşin sözlərinə görə, bu sahədə də COVId-19 pandemiyası çox vaxt gizli qalan məqamları üzə çıxarıb. Məlum olub ki, kişilərlə müqayisədə qadınlar daha çox hallarda işini itirir, ailədə zorakılığa məruz qalır, cinsi istismarın qurbanlarına çevrilirlər.

Baş katibin fikrincə, BMT-nin fəaliyyətində yeddinci prioritet istiqamət geosiyasi sarsıntıların aradan qaldırılması və təmas nöqtələrinin axtarışı olmalıdır. Bu baxımdan, Təhlükəsizlik Şurasında həmrəyliyə nail olmağın zəruriliyin vurğulayan Quterreş deyib: "İri dövlətlərin öz aralarında razılığa gələ bilməməsi asayişi pozanların əl-qolunu açır, onlar münaqişələri qızışdırırlar".

Prioritetlər siyahısında səkkizinci yeri nüvə silahının yayılmaması prosesini gücləndirmək məsələsi tutur. Bu ay Nüvə Silahının Qadağan Edilməsi haqqında Müqavilənin qüvvəyə minməsini xatırladan BMT rəhbəri bütün dövlətləri həmin sənəddə təsbit olunmuş hədəfləri dəstəkləməyə çağırıb.

Doqquzuncu prioritet rəqəmsal texnologiyaların inkişafı ilə bağlıdır. BMT rəhbərinin fikrincə, bəşəriyyət yeni texnologiyaların malik olduğu üstünlüklərdən istifadə etməli və onlarla bağlı təhlükələrdən qorunmalıdır.

Prioritetlər siyahısında onuncu bənd "XXI əsrdə "yenidənyüklənmə" adlanır. A.Quterreş Baş Assambleyanın üzvlərinə müraciət edərək deyib: "Rəylərinizi bildirdiyinizə görə sizə təşəkkür edirəm. Həmin rəylərdən görünür ki, bu dəyişikliklər bizim işimizi yaxşılaşdıracaq".

Antonio Quterreş çıxışının sonunda xatırladıb ki, böhrandan sonra dəyişikliklər baş verir. O deyib: "Bizim istədiyimiz dünyanı qurmaq mümkündür. Biz bu imkanı reallığa çevirməliyik. Hamımız birlikdə".