Ermənistan iqtidarının yalanları: əvvəli bəlli, sonu isə...
22:50 16-01-2013
İQTİSADİYYAT
Ermənistan iqtidarının
yalanları: əvvəli bəlli, sonu isə...
Prezident seçkisi öncəsi işğalçı ölkədə nə baş verir?
Ermənistanda keçiriləcək prezident seçkilərinə hazırlaşan siyasətçilərlə yanaşı, mübarizəyə qatılmamağa qərar vermiş müxalifət liderləri ilə hakimiyyət fiqurlarının durumu ağırdır. Prezident Serj Sarkisyanın bütün real və hipotetik rəqiblərindən üstün olduğunu hətta onun opponentləri də etiraf edirlər.
İlk baxışdan müşkül və ümidsiz təsir bağışlayan belə şərait əslində müxalifətdəki siyasətçilər üçün böyük şansdır. Onlar seçkilərə namizəd qismində qatılmaqla geniş xalq kütləsini ətalət yuxusundan ayıltmaq, insanları arxalarınca aparmaq imkanlarına malikdirdər. Ən azı varlıqlarını xatırlatmaq və ya ideyalarını təbliğ etmək şansları var.
Andranik Qukasyanın seçkilərə qatılmaq qərarı vermiş adamlara müraciət edərək namizədliklərini geri götürmək və Sarkisyanı "tək qoymaq" ideyası ən son alternativ sayıla bilməz. Doğrudur, müxalifətçilər bu minvalla seçkilərin total saxtalaşdırılmasına vətəndaş cavabı verdiklərini, Sarkisyanın seçki hüququnu inhisara almasını pisləyəcəklərini deyirlər. Di gəl, çağırış "bizimlə olmayan bizə qarşıdır" konsepsiyasında olduğundan cavab almadı.
Ermənistanda prezidentliyə namizədlər cəmiyyətə yeni nə təklif edirlər, nəticəsi əvvəlcədən məlum oyuna qatılmalarını nə ilə izah edirlər?
Serj Sarkisyanın komandasındakı analitiklər modernləşmənin qlobal təmayüllərinin istiqamətini müxalifətdən daha tez anlayaraq o ideyaları iqtidarın seçkiqabağı platformasına köçürdülər. Yerevandakı hakimiyyətin siyasi texnoloqlarını bu münasibətlə təbrik etmək olar, çünki onlar müxalifətin radikal və liberal, mühafizəkar və mötədil düşərgələrini seçkiqabağı mübarizənin ritorikasının əsasını təşkil edəcək müddəalardan məhrum etdilər.
Doğrudan da, maraqlı mənzərə alınır. Sarkisyanın seçkiqabağı çıxışlarında zahirən heç pis olmayan məqamlardan danışılır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə yanaşı, NATO ilə sıx əməkdaşlıq, Avropa Birliyinə inteqrasiya, postsovet məkanı ölkələri ilə siyasi-iqtisadi əlaqələrin aktivləşdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, məhkəmə sisteminin demokratikləşdirilməsi və s. Belə istəklərə qarşı çıxmaq mümkün deyil. Ancaq iş ondadır ki, Sarkisyan komandasının mənsubları və Ermənistan prezidentinin özünün söylədikləri bu sözləri puç, yalan, əbləhliklə saxtalaşdırılan istəklərdir, ximeradır.
Sarkisyan iqtidarı indi bəhs etdiyi prinsiplərin heç birinə yaxın durmayıb, əməl etməyib və bundan sonra da o "proqram istiqamət"lərini reallaşdırmaq fikrində deyil. Sadalanan prinsiplər seçkiqabağı ritorikada gəlişigözəl kəlmələr, ifadələrdir və iş də bununla bitir. Sözlər səslənə bilər, lakin onların heç olmasa bir qismini həyata keçirmək, əməli işə çevirmək gərəkdir və əgər belə olsaydı, Ermənistandakı hakimiyyətin hansısa istiqamətdə iş gördüyündən bəhs etmək mümkündü. Belə imkan yoxdur, çünki Yerevandakı kriminal oliqarxiya bütün sahələrdə öz marağının təminatı ilə məşğuldur.
Vəziyyət 1928-1930-cu illərdəki Almaniyanı xatırladır. Həmin dönəmlərdə Veymar Respublikasının zəifliyi və miskinliyindən istifadə edən Adolf Hitler Almaniya Nasional-Sosialist Fəhlə Partiyanın hakimiyyətə gətirilməsi üçün çalışırdı. Alman ordusu - reyxsver, könüllü silahlı birləşmələr - frontban, SS və SA arasındakı didişmələr zahirən monolit təsir bağışlayan nasional-sosialistlərin içdəki əqrəb davalarını pərdələməliydi. Lakin olmadı. "Uzun bıçaqlar gecəsi"ndən tutmuş, Hitlerə qarşı sui-qəsdə qədər ən müxtəlif sui-qəsdlər, qətllər və intriqalar 3-cü Reyxin təməl prinsiplərini təşkil edirdi. Bu, ifrat millətçilərin, irqi üstünlük və ətrafdakı qonşulara nifrətin birləşməsi olan nasional-sosializm ideyalarının təzahürü idi ki, erməni millətçiliyinin də faşizm və ya nasizmlə eyni müstəvidə olduğunu göstərir.
Eyni zamanda, Yerevandakı hakimiyyət Burkina-Faso və ya Belizdəki yarıdiktatura, yarı qəbilə idarəetməsinin təkrarıdır. Məhz bəhs etdiyimiz məqamlar ucbatından Serj Sarkisyan hakimiyyətinin xisləti çirkin, mahiyyəti cinayətkar, ideologiyası naqis, özü isə cinayətkardır.
Sarkisyanın müxalifləri, hakimiyyətin opponentləri də bütün səylərinə rəğmən, ölkədə demokratik üsul-idarənin qurulmasına nail olmurlar. Səbəb bəlli: onların hər biri özünü prezident kürsüsündə görsə də, mövcud sistemdən və hakimiyyət-siyasət dəyərlərindən ayrı hiss etmir.
Yerevanda hakimiyyətlər, adlar və şəxslər dəyişsə də, sistem eynidir və o səbəbdən də Sarkisyan özünü postunda narahat hiss etmir. Ümumi tendensiya belədir ki, ölkədə keçiriləcək prezident seçkilərində indiki dövlət başçısı Serj Sarkisyanın mahiyyət etibarilə ciddi rəqibi yoxdur. Buna rəğmən indiyədək keçirilən bütün seçkilərdə istənilən namizədin qarşılaşa biləcəyi ən təhlükəli və potensiallı rəqib var.
Bu, Ermənistandakı mövcud şəraitdir. Təbii ki, siyasi boşluğu nəzərə alınmır: ölkə siyasətinin süst vəziyyətdə olması hansısa aktiv namizəd üçün real rəqabətin mövcudluğunu bilmərrə olaraq istisna edir.
Yerdə qalan bütün sahələrdə Ermənistandakı çox ağır vəziyyət prezidentliyə istənilən namizəd üçün başağrısı, az qala keçilməz həddir. Belə namizəd rəqiblərinin hamısını sıradan çıxartsa da, siyasət arenasını yandırılmış tarlaya çevirsə də, vəziyyətin öhdəsindən gəlmək istəməsə, vətəndaşlar ona gerçəkdən səs verən deyillər.
Postsovet məkanındakı ölkələrdən heç birində prezidentliyə iddiası olan insan Ermənistandakı təki ağır sosial-iqtisadi, mənəvi-psixoloji, siyasi-hüquqi və s. sahələrdəki ağır probelmlər, sistem bəlaları ilə qarşılaşmayıb, bundan sonra da çətin ki, qarşılaşsın. Ermənilərin problemləri təcili, təxirəsalınmaz həllər tələb edir və əgər ciddi addımlar atılmasa, vəziyyət kritik həddə çatacaq. Həlli təxirə salmaq gün keçdikcə çətinləşir və Serj Sarkisyan prezident seçkilərində "qələbə"sini təmin edəndən sonra praktiki olaraq mümkünsüz səviyyəyə çatacaq.
Ermənistan boşalır, investisiyalar minimum həddə enib, ölkə ətrafında baş verən hadisələr daxili resursların təcili səfərbərliyini tələb edir. Yerevanda isə bunların heç biri yoxdur, çünki hakimiyyətdəki oliqarxiya Ermənistanın bütün resurslarını iqtidarda qalmağa sərf edir, genişmiqyaslı və obyektiv ictimai səfərbərliyə mane olur.
Serj Sarkisyan seçkilərdə səslərin lap 100 faizini qazandığını bəyan edə bilər. Amma belə açıqlama ilə heç bir prolblem həll olunmur və Ermənistan prezidenti artıq çox ciddi problemlərlə qarşılaşıb.
Müxalifət düşərgəsinin parçalanması, dağıdılması və potensial rəqiblərin susmağa, bir kənara çəkilməsinə vadar edilməsindən fərqli olaraq ölkənin ağır vəziyyətini müxtəlif sövdələşmə, siyasi alver, hədə-qorxu və ya yalanlarla çözmək mümkün deyil.
Serj Sarkisyan indi ağır seçim qarşısındadır. O, cəmiyyəti sakitləşdirmək üçün "genişmiqyaslı" adlandırdığı, amma əslində kosmetik olan islahatlarla ölkənin yaralarını pərdələməyə çalışmaqdan əl çəkərək həmin problemlərin həllinə başlamalıdır. Əks təqdirdə həmin problemlər Sarkisyanı öz içində həll edərək yoxa çıxaracaq.
Sarkisyanla yanaşı, bəlalar Ermənistanın özünü də əridə bilər. Yerevandakı iqtidarın illərdən bəri yürütdüyü siyasəti və tutduğu mövqeləri nəzərə alsaq, Sarkisyanın yaşam və fəaliyyət prinsiplərindən əl çəkərək ölkəni bataqlıqdan çıxarmağa başlayacağı ilə bağlı ehtimal Ermənistan prezidentinin "Mən yaramazam!" etirafında bulunması qədər mikroskopikdir. Yəni bu olmayacaq.
Siyasi rəqibləri susdurmağı bacaran Sarkisyan bu dəfə ölkənin problemlərinin səsini almağı bacarmayacaq və hadisələr indiki məcrada davam edərsə, lal olan tək Sarkisyan yox, bütün ölkə olacaq. Cəmiyyət müşahidəçi qalmamalı, hansısa müxalifət liderinin uğursuz "siyasi biznes"inin əks-sədasına vaysınaraq ruhdan düşməməlidir.
Ermənistanda keçiriləcək prezident seçkilərində Serj Sarkisyanın çox ciddi və sərt rəqibi - ölkədəki vəziyyət var. Cəmiyyət də ölkənin məhv olmasına imkan vermək istəmirsə, bu dueldə mütləq iştirak etməlidir.
Sarkisyanın opponentlərinə isə bir yol qalır - onlar Ermənistan prezidentinin yürütdüyü siyasətin əslində imitasiya, saxtakarlıq, yalan olduğunu göstərməli, sonra da Sarkisyanın verdiyi vədləri necə yerinə yetirəcəyinə nəzarət ideyası ilə birləşməlidirlər. Çətin, məsuliyyətli işdir. Çünki ermənilərlə yanaşı, Rusiya, ABŞ və Avropa Birliyi də Serj Sarkisyanın özünün və satraplarının verdikləri vədlərin həqiqətə uyğun olduqlarına inanmırlar.
Ermənilərlə bahəm, Rusiya və Qərb də şübhə etmir ki, seçkilərdən sonra Sarkisyan onları aldadacaq. Özü də artıq neçənci dəfə. Üstəlik, Qərb üçün bu, növbəti uğursuzluq, Rusiya üçün hiddət səbəbi olacaqsa, ermənilər üçün əsl fəlakətə çevriləcək.
Serj Sarkisyanın kursu sırf demaqogiyadır və bunu da onun 5 illik hakimiyyəti bariz göstərir. 2008-ci ildən bəri Ermənistanda faktiki olaraq heç nə dəyişməyib. Cəmiyyət ölkədə qərarların qəbul edilməsinə, yürüdülən xarici və daxili siyasətə, iqtisadiyyatdakı proseslərə təsir imkanlarına əsla malik deyil.
Doğrudur, kiçik, kosmetik işlər olub. Yerevandakı Maştos bağının sökülməsinin qarşısının alınması, Ruben Hayrapetyanın deputat mandatının əlindən alınması, Matagis işi ilə bağlı bəraət... Lakin bütün bunlar operetta səhnələri, nümayişkaranə əməllərdir.
Ermənistandakı prezident seçkiləri əslində ideologiyalar mübarizəsi olmalıydı. Amma olmadı, çünki Sarkisyanın ideoloqları rəqiblərini elə ilk mərhələdə məğlub etdilər. Yerevan iqtidarı seçkilərin gündəliyini indidən səsləndirib.
Di gəl, erməni müxalifəti siyasi diskussiyaya hazır olmadığını, Sarkisyan iqtidarının ən mütərəqqi ideyaları inhisara alaraq söz kəndirbazlığına döndərməsinin qarşısını ala bilmədiyini göstərdi.
Belə çıxır ki, Sarkisynın düşmənləri onun təklif etdiyi gündəliklə razılaşıblar: axı onlar heç bir alternativ ideya ilə çıxış etmədilər. Halbuki Sarkisyan nə bu gündəliyi reallaşdıran deyil, nə də hansısa konkret addım atmaq niyyəti yoxdur.
Yerevandakı psevdomüxalifət də əgər seçkiqabağı sövdələşməyə gediblərsə, heç olmasa bir əsas ideyanı irərli sürməliydilər. Bu da olmadı.
Ermənistandakı fəlakət hələ irəlidədir...
Novruz Sultanov
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40