Oqtay Şirəliyev niyə qəzəbləndi?
13:33 18-01-2013
İQTİSADİYYAT
Oqtay Şirəliyev niyə qəzəbləndi?
Səhiyyə naziri telekanallara savaş aça bilər
Son vaxtlar hər şənbə və bazar günləri yerli telekanallar verilişlərinin əksər hissəsini sağlamlıq proqramlarına həsr etməyə üstünlük verirlər. Sanki bir-biri ilə bəhsə girmiş telekanallar az qala siyasi proqramlarında da həkim məsləhətinə yer ayıralar.
Əslində reklam xarakterli olan belə verilişlər sadəcə telekanalların maliyyə gəlirinə hesablanıb. Məsələ orasındadır ki, həmin verilişlərdə seyriçilər heç bir tutarlı məlumat əldə edə bilmirlər. Çünki belə verilişlər əhalini maarifləndirmə məqsədi daşımır. Bu səbəbdən dəvət olunmuş mütəxəssislər sadəcə xəstəliyin əlaməti barədə ümumi məlumat verərək müalicəsi üçün onlara müraciət edilməsini məsləhət görürlər. Sanki tələbələrə elmi mühazirə oxuyan həkimlər hətta xəstəliyə görə ilkin yardım barədə də məlumat verməkdə xəsislik edirlər. Reklam fasiləsində isə dəbdə olan xəstəliklər üçün müxtəlif dərman preparatları nümayiş etdirilir. Halbuki dərman preparatlarının bu şəkildə reklamı qanunla qadağandır.
Məsələnin qəlizliyi ondan ibarətdir ki, telekanallara dəvət olunan əksər həkim-mütəxəssislər əcnəbi vətəndaşlarıdır. Baxmayaraq ki, bir müddət öncə Səhiyyə Nazirliyi xarici mütəxəssisin özəl tibbi müəssisələrə dəvət olunması ilə əlaqədar həmin müəssisələrin rəhbərlərinə məktub ünvanlamışdı. Sözügedən məktubda qeyd olunurdu ki, son zamanlar respublikamızda fəaliyyət göstərən özəl tibb müəssisələri tərəfindən Səhiyyə Nazirliyini xəbərdar etmədən xarici ölkələrdən mütəxəssislər dəvət olunurlar: “Nazirlik bildirir ki, özəl müəssisə rəhbərləri müəssisəyə dəvət olunan mütəxəssislər barədə bir ay öncədən Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinə sadalanan sənədlər də daxil olmaqla, məlumat verməlidirlər.
Eyni zamanda xarici mütəxəssisin özəl müəssisəyə dəvət olunmasının məqsədi açıqlanmalıdır. Sənədlərdə xarici mütəxəssisin özəl müəssisədə fəaliyyət göstərəcəyi müddət, özəl müəssisə ilə mütəxəssis arasında əməkdaşlıq barədə bağlanmış müqavilənin surəti, mütəxəssis barədə məlumat (hansı ölkədəndir, diplomu, elmi dərəcəsini təsdiq edən sənəd, iş yeri və vəzifəsi haqqında məlumat) yer almalıdır. Səhiyyə Nazirliyi nəzərə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün şərtlərin təsdiq edilməsi haqqında” 07 noyabr 2001-ci il tarixli 176 nömrəli Qərarına əsasən xarici ölkələrdə tibb təhsili almış və hazırlıq keçmiş əcnəbilər və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və Azərbaycan respublikasının vətəndaşları yalnız Səhiyyə Nazirliyinin 28 avqust 2007-ci il tarixli 80 saylı əmri ilə yaradılmış komissiya tərəfindən verilən şəhadətnamə əsasında tibb müəssisəsində fəaliyyət göstərə və işə qəbul oluna bilərlər”.
Məsələ burasındadır ki, Səhiyyə Nazirliyinin məktubundakı xəbərdarlığından sonra da durum dəyişməyib. Telekanal rəhbərlərinin nazirliyin məktubunu ciddiyə almaması isə səhiyyə naziri Oqtay Şirəliyevi qəzəbləndirib. O, telekanalların sağlamlıq verilişlərinə qarşı daha sərt addımlar atılmasına hazırlaşır.
Naziri bu qədər əsəbləşdirən isə xarici mütəxəssislərin üstünlük təşkil etdiyi verilişlərin Azərbaycan səhiyyəsi haqqında fərqli fikir yaratmasıdır. Belə çıxır ki, eynən Azərbaycan xəstəxanalarını İran klinikalarına dəyişən vətəndaşlarımız kimi, telekanallarımız da yerli səhiyyə mütəxəssislərinə inanmır, onların bilik və bacarıqlarını şübhə altına qoyur.
Bu, eyni zamanda Səhiyyə Nazirliyi rəsmilərinin ölkədə səhiyyə sisteminin inkişafı barədə dediklərinin telekanallar tərəfindən faktiki olaraq ciddiyə alınmaması deməkdir.
Odur ki, Şirəliyev telekanallardakı sağlamlıq verilişlərinə qarşı (hansı ki, yuxarıda da vurğuladığımız kimi, bu telekanallar üçün babat gəlir mənbəyidir!) ciddi addımlar ata bilər. Həmin addımların nədən ibarət olacağını isə yəqin ki, yaşayıb görəcəyik.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00