Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında onlayn müşavirə keçirilib.
Unikal.org xəbər verir ki, müşavirədə rayonun icra strukturunun nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər. Mövcud vəziyyətlə bağlı məlumatları dinləyən İcra başçısı yerlərdə görülən işlərlə bağlı tövsiyə və tapşırıqlarını verib. Xüsusi ilə qeyd edib ki, ölkə rəhbərliyinin siyasi kursunun mühüm istiqamətlərindən biri də dövlətimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə göstərilən böyük diqqət və qayğıdır. Rayonumuzda da Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin gündəlik ailə-məişət qayğıları ilə maraqlanmaq, problemlərinin həlli ilə müntəzəm məşğul olmaq hər birimizin ən ümdə vəzifəsi olmalıdır.
İcra başçısı müşavirə iştirakçılarına yaz-tarla işlərinə hazırlıqla bağlı tədbirlərin davam etdirilməsi barədə tapşırıqlarını verib. Həmçinin rayon və şəhər ərazisində səliqə-səhman işlərinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb və bu işlərdə ilk növbədə haqqı ödənilən ictimai işlərdə çalışanların qüvvəsindən səmərəli istifadə olunması və əmək intizamına nəzarətin gücləndirilməsini tələb edib.
Eyni zamanda İcra başçısı cox mühüm sosial əhəmiyyət daşıyan vaksinasiya tədbirlərinin həyata keçirilməsindən danışarkən, bununla əlaqədar ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə bu sahədə həyata keçirilən tədbirləri diqqətə çatdırıb, o cümlədən Lənkəran rayonunda əhalinin COVİD-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə həyata keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib.
İcra başçısı icra strukturunun nümayəndələri və bələdiyyə sədrlərinə COVİD-19 pandemiyası ilə əlaqədar kütləvi vaksinasiyaya hazırlıqla bağlı yerlərdə əhali arasında düzgün təbliğat və izahat işlərinin aparılması, əhali kateqoriyalarının daha diqqətlə öyrənilməsi, tənha şəxslərin müəyyənləşdirilməsi və bu kompaniyaya cəlb edilməsinə hərtərəfli köməklik göstəriməsini tövsiyə edib.