Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov Ağdaş rayonundan olan şəhid ailələrinin üzvləri və qazilərimizlə keçirdiyi görüşləri davam etdirir.

Unikal.org xəbər verir ki, Ağdaş rayonunun Abad kəndindən olan Vətən müharibəsi şəhidi polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlunun, Şəkili kəndindən olan aprel şəhidi Cəbrayılov Ömər Məzahir oğlunun ailə üzvləri və Vətən müharibəsi qazisi, Ovculu kənd sakini Tanrıverdiyev Şahmar Şaban oğlu ilə görüşüb. Görüşlər zamanı onların keçdikləri döyüş yolu və göstərdikləri igidliklər haqqında qazi və şəhidlərin ailə üzvləri ilə söhbətlər edilib. Hər bir ailəni narahat edən problemlər dinlənilib. Cavid Osmanov vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin heç vaxt unudulmayacağını, onların hər zaman ehtiramla yad ediləcəyini, adlarının uca tutulacağını bildirib.

Qeyd edilib ki, Prezidentimiz  cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva bu məsələlərə hər zaman xüsusi diqqət ayırıblar, onların rəhbərliyi ilə dövlətimiz hər zaman şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına qayğı göstərib, onların bütün sosial problemləri həll olunur. 

Şəhid ailələrinin üzvləri və qazimiz dövlətimiz tərəfindən göstərilən davamlı diqqət-qayğıya görə cənab Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, eyni zamanda Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.