Niderland Krallığında fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan yenı abıdənın açılış mərasimi keçirilib.

Disaporla İş üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən məlumata görə, mərasimdə Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov, Türkiyənin Niderlanddakı səfiri Şaban Dişli, Niderland parlamentində Denk partiyasını təmsil edən millət vəkili Selcuk Öztürk, Haaqa məzarlığının rəhbəri Linda Jansen, Avropadakı müxtəlif diaspor təşkilatlarının rəhbərləri, Azərbaycan və Türkiyə icmasının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkının çıxışından sonra abidənin açılışı olub, ətrafına əklil qoyulub və gül dəstələri düzülüb. Mərasim iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Məzarlığın toplantı zalında davam etdirilən tədbirdə Fikrət Axundov, Şaban Dişli, İlhan Aşkın, Linda Jansen, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva və başqaları çıxış ediblər. Natiqlər erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımının bəşəriyyətin faciəsi olduğunu və onun dəhşətlərinin heç vaxt unudulmayacağını bildiriblər. Soyqırımın başqa dövlətlər tərəfindən rəsmi olaraq tanınmasına və müqəssirlərin cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmağın vacibliyi vurğulanıb.