Heydər Babayevin inhisarındakı biznesdə yeni gəlişmə
11:43 23-01-2013
CƏMİYYƏT
Heydər Babayevin inhisarındakı
biznesdə yeni gəlişmə
Sabiq iqtisadi inkişaf nazirinin "vurulmasından" sonra mobil telefon biznesində kimlər "ağalıq" edir?
Azərbaycanda mobil telefon qaçaqmalçılığına dair ilginc faktlar ortaya çıxıb. Əslində buna qaçaqmalçılıq da demək olmaz; doğrusu budur ki, ölkədə müəyyən himayəsi olan işbazlar bir müddətdir "sahibsiz" qalan mobil telefon biznesində qanunsuz yollarla "at oynadırlar".
Bəs niyə "sahibsiz qalan"? Bu suala bir qədər sonra cavab verməyə çalışacağıq, hələliksə faktlara göz ataq.
Deməli, məsələ belədir: daşınması rahat olan mobil telefonlar Azərbaycan turistlərinin qaçaqmalçılıq predmeti olur. Bu il yanvarın əvvəlində gömrükçülər bir vətəndaşdan 299 iPhone müsadirə edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2012-ci ildə vətəndaşlardan 13 322 mobil telefon müsadirə edilib. Bu, böyük göstəricidir. Nəzərə alaq ki, həmin ilin 9 ayında leqal şəkildə ölkəyə 114 277 mobil telefon gətirilib. Bir telefon gömrükdə 48,9 dollara bəyan edilib.
DGK-nın 2011-ci il tarixli "Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada keçirilməsinə dair" təlimatına əsasən, fiziki şəxs Azərbaycan Respublikasının gömrük sərhədini keçməklə ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq olmayan malları gətirdikdə (apardıqda) gömrük vergisi və rüsumundan azad edilir. Amma bu malların kommersiya məqsədi üçün gətirilməsi müəyyən edildikdə gömrük ödənişi edilir.
Aparıcı mobil telefon markalarının Azərbaycanda eksklüziv distribütoru var. 2009-cu ildə ölkəyə rəsmən birinin qiyməti 53,4 dollar olmaqla 173 662 mobil telefon gətirilib. 2010-cu ildə orta qiyməti 66,2 dollar olmaqla 107 818 mobil telefon idxal olunub.
Bu rəsmi məlumat isə ciddi şübhə yaradır. Məsələn, 2012-ci ildə abonentlərin sayı 1,09 mln artaraq 10,12 mln nömrəyə çatıb. Nəzərə alsaq ki, bu, bir istifadəçinin ikinci və üçüncü nömrəsidir, ölkəyə gətirilən mobil telefon sayı 300-400 min olmalıdır. Beləliklə, belə çıxır ki, kimlərsə qanuni fəaliyyət göstərən mobil telefon idxalçıları ilə mübarizə apararaq, iri qeyri-leqal mobil telefon və aksessuarı idxalçılarının yolunu təmizləyir.
İndi isə gələk mobil telefon biznesində yaranmış xaosun gerçək səbəbinə; bu barədə "Unikal"ı bilgiləndirən mənbə deyir ki, uzun illər bu biznes sahəsi sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin nəzarətində olub. Əksər mobil distrübitorlar məhz Babayevə yaxın biznes adamlarının patronajlığı altında fəaliyyət göstərib.
Onun nazir görəvindən uzaqlaşdırılması ilə isə əksər biznes qaynaqları kimi, bu da Heydər Babayevin əlindən alınıb. Təsadüfi deyil ki, son illərdə sabiq iqtisadi inkişaf nazirinin nəzarətindəki "Star" mağazalar şəbəkəsi bazardakı mövqelərini əhəmiyyətli şəkildə itirib, "Mobitel" də xeyli zəifləyib.
Əvəzində isə mobil telefon biznesi daha çox qaçaqmalçıların ümidinə qalıb. Onlar arxalarındakı gizli və güclü əllərin köməyi ilə həm ölkəyə gətirdikləri on minlərlə mobil telefonu vergidən və gömrük ödəmələrindən yayındıraraq "qaz vurub qazan doldurur", həm də əksəriyyəti himayəsiz qalan mobil telefon distrübitorlarının "bazar"ını öldürürlər.
Ölkəyə gətirilən mobil telefonların yarıdan çoxunun qiymətcə ucuz, keyfiyyətcə isə problemli, daha çox "kitayski" (Çin malı) olduğuna diqqət çəkən mənbəmiz bildirir ki, bu bazarda blə durumun yaranması, görünür, kimə və yaxud kimlərəsə sərf edir. Onlar indiki vəziyyətdən daha çox qazanırlar, ona görə də mobil telefon bazarında həm yeni inhisarçının peyda olmasını əngəlləyir, həm də qanuni rəqabət mühitinin formalaşması yerinə qanunsuz şəkildə, qaçaqmalçı fəaliyyətə üstünlük verirlər.
Azər Aslan
Digər Xəbərlər
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00