Elmar Vəliyev 5 milyon manatı neylədi?
14:50 24-01-2013
CƏMİYYƏT
Elmar Vəliyev 5 milyon manatı neylədi?
Gəncədəki "Xan bağı" pul "yeməyə" davam edir
Məlumatı olmayanlar üçün qeyd edək ki, tarixi adı Sərdar bağı olan bu istirahət guşəsi Gəncənin tanınan tarixi məkanlarından biridir. O, şəhərin Rusiya İmperiyası qoşunları tərəfindən alınmasından 43 il sonra, 1847-ci ildə Qafqaz canişini M.S.Vorontsovun xüsusi əmri ilə, Gəncənin xaraba qalmış iç qalası qarşısındakı boş ərazidə salınıb. Məhz bu səbəbdən də bura xalq arasında "rus sərdarının bağı" kimi tanınıb.
Onu da deyək ki, Gəncədə Cavad xana məxsus olan "Xan bağı" indiki Mahrasa bağı ərazisində mövcud olub və 1804-cü ildə rus qoşunlarının həmlələri nəticəsində yerlə yeksan edilib.
İndi isə gələk Gəncədən aldığımız məlumatlara - yəni "Xan bağı"nda yeni yenidən qurulma işlərinin aparılacağına dair ölkənin ikinci böyük şəhərindən aldığımız məlumatlara… Dərd burasındadır ki, "Xan bağı" kimi məşhur olan həmin istirahət guşəsi cəmi ilyarım əvvəl - 2011-ci ildə dövlət başçısı tərəfindən ayrılan 5 milyon manat vəsaitlə yenidən qurulub. Lakin bağda aparılan təmir işləri zamanı burada olan bir çox qiymətli ağaclar sıradan çıxıb.
Bildirilir ki, burada 100-dən artıq ağac və kol növü olub. Bağ yenidən qurulanda isə mütəxəssislərlə heç bir məsləhətləşmə aparılmadan bir çox qiymətli, nadir bitkilər kəsilib.
Deyilənə görə, buna səbəb kimi həmin ağac və kolların bir çoxunun yol üzərinə düşməsi və ya "yeni dizayn"la uyğunlaşmaması göstərilib. Halbuki yolla heç bir əlaqəsi, maneəsi olmayan "Albiziya", "İpək akasiyası", "Vircin xurması" kimi qiymətli ağaclar da heç bir lüzum olmadan məhv edilib. Məsələn, "Vircin xurması" Amerikanın Vircinya ştatında geniş yayılıb, bura 1940-cı illərin əvvəllərində gətirilib əkilmişdi. Çənub-şərqi Azərbaycanda olan ağaclardan - "Qara cöhrə", "Fotiniya" kimi ağacların da axırına çıxılıb - əlbəttə, yenə də lüzumsuz yerə!
"Xan bağı"ndakı hovuz ətrafında söyüdlər var idi, onların da "təmirdən" bircə dənəsi belə, salamat çıxmayıb.
Bizdəki məlumatlara görə, bütün bunlardan sonra bu və digər məsələlərlə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin başçısına müraciət edilib. Elmar Vəliyev isə həmin müraciətə həssas yanaşaraq, yaxın gələcəkdə Xan bağında bir çox əsaslı dəyişikliklərin aparılmasına razılıq verib. Bir sözlə, indi belə çıxır ki, təxminən iki il içərisində "Xan bağı" ikinci dəfə yenidən qurulacaq. Birinci dəfə bunun üçün ayrılan və xərclənən vəsaiti isə artıq çölə atılmış saymaq olar.
Görünür, icra başçısının mütəxəssislərin müraciətinə həssaslıq nümayiş etdirməsi də elə növbəti dəfə rayon büdcəsindən xeyli məbləğdə pulu "Xan bağı"na yönəltək fürsətinin yaranması ilə bağlıdır. Axı deməyə ehtiyac yoxdur ki, bizdə yerli rəhbərlər dövlətdən ayrılan vəsaitlərin altından girib üstündən çıxmağın ən yaxşı yolu elə budur: yenidənqurulma, təmir-tikinti, abadlaşdırma və s. və i.a.
Maraqlı bir məqama da toxunaq: 2011-ci ildə "Xan bağı" yenidən qurularkən bura Sankt- Peterburqdan xüsusi bitkilərlə becərilərək tərtib olunmuş "Pianoda ifa edən adam" yaşıl kompozisiyası da bir neçə min manata alınaraq, gətirilib. Çox təəssüf ki, ona normal qulluq edilmir. İndi onların lazımsız zoğları artıb, bir hissəsi keçəlləşib və kompozisiya korlanıb. Bir nəfər topyar incəsənəti bilən lazımdır ki, o əsər qaydaya salınsın, həmçinin kompozisiya düzgün suvarılsın. Amma elə adam olmadığı üçün bir neçə min manatlıq "yaşıl kompozisiya" batıb gedir.
Bağın bitki örtüyünün hazırki mənzərəsi haqda danışarkən mütəxəssislər bildirirlər ki, bu bağda yenidənqurma zamanı "oksigenyaratma çempionu" sayılan onlarla ardıc ağaclarının hamısının kəsilməsini heç nə ilə izah etmək mümkün deyil. Bu azmış kimi, guya dekorativ yaraşığı artırmaq üçün parkda transgen, yəni gen strukturuna müdaxilə edilmiş xeyli ağac-kol əkdilər. Bu, yolverilməz bir haldır. Çünki transgen bitkilər bir neçə ildən sonra vəhşicəsinə boy verəcək və təbii növləri sıxışdıracaq.Yaddan çıxarmaq olmaz ki, bura dekorativ guşə deyil, təbiətin bir parçasıdır.
Göründüyü kimi, mütəxəssislər Gəncənin bu qədim bağının taleyi haqda həyəcan təbili çalınmasının vaxtının çatdığını bildirirlər. Amma dərd orasındadır ki, hər dəfə belə həyəcan təbili çalındıqda dərhal ora büdcə vəsaiti istiqamətləndirilir, özbaşına, mütəxəssis rəyi alınmadan işlər görülür, amma tezliklə məlum olur ki, bunların faydasından çox zərəri varmış, yenidən qurulmağa ehtiyac yaranıb.
Bu sabiq icra başçısı Eldar Əzizovun Gəncəyə rəhbərlik etdiyi dövrdə də belə idi, indi - Elmar Vəliyevin ölkənin ikinci böyük şəhərinə icra başçısı təyin olunmasından sonra da heç nə dəyişməyib. Səbəb isə sadədir: rayon başbilənlərinin belə yenidən qurulmaları, abadlaşdırmaları, canım sizə desin, təmir-tikintiləri pulsilmə əməliyyatı kimi görməsi və bu cür işləri həyata keçirərkən, mütəxəssis rəylərinə etinasız münasibəti!
Çünki mütəxəssislərsiz daha yaxşıdır: işi keyfiyyətsiz, fəsadlarla dolu görməlisən ki, çox keçmədən yenidən təmirə, yenidən qurmaya ehtiyac olsun. Bu artıq pul silmək üçün təzə fürsət verməkdir.
Bizim məmurlara da allah insaf versin, belə fürsəti heç vaxt fövtə verməzlər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00