Amerikanın "Böyük Orta Şərq" layihəsi yenidən gündəmə gəlir
14:53 24-01-2013
CƏMİYYƏT
Amerikanın "Böyük Orta Şərq" layihəsi yenidən gündəmə gəlir
Bundan ən çox ziyan çəkən dövlətlər Türkiyə və Azərbaycan olacaq
Vaxtilə Birləşmiş Ştatların dövlət katibi Ceyms Beykerin hazırladığı və dünya mətbuatında qızğın şəkildə müzakirə edilən "Böyük Orta Şərq" layihəsi analitiklər və siyasətçilər tərəfindən kəskin tənqid və etirazla qarşılandıqdan sonra Amerika özünü bu sevdadan əl çəkmiş kimi göstərdi.
Amma belə deyildi və bu sətirlərin müəllifi vaxtilə yazmışdı ki, İraqa hərbi müdaxilə və silsilə halında ortalığa çıxan (daha doğrusu, çıxartdırılan!) ərəb inqilabları həmin layihənin başqa biçimdə təzahüründən xəbər verir…
İş burasındadır ki, Amerikanın və Qərbin bəzi dövlətlərinin gerçəkləşdirməyə can atdığı həmin layihə nə Birləşmiş Ştatlar prezidentinin administrasiyasında hazırlanıb, nə də Qərbin bəlli dövlət strukturlarında. Bu layihə keçmiş dövlət katibi Ceyms Beykerin və keçmiş prezident kiçik Buşun da üzv olduğu xüsusi gizli maliyyə qurumlarının mütəxəssisləri tərəfindən işlənib ortalığa qoyulub. Birləşmiş Ştatlar adlı dövlət, sadəcə, bilərəkdən və ya bilməyərəkdən bu müdhiş planın icraçısıdır…
Plana görə, Yaxın və Orta Şərqin siyasi xəritəsi yenidən cızılmalıdır. Yəni bir sıra dövlətlərin ərazilərində dəyişiklik edilməlidir.
(Oxucunun yadındadırsa, məşhur "Kurtlar vadisi" serialının ilk hissəsində Mehmet Karahanlı ilə "Aslan Amca" arasında da bu mübahisə gedir.)
Və yenə də həmin plana görə ən çox ziyan çəkən dövlətlər Türkiyə ilə Azərbaycan olmalıdır. Belə ki Türkiyə cənub-şərq bölgələri ilə, yəni kürdlərin kip halda məskunlaşdığı ərazilərlə, Azərbaycan isə Naxçıvan və Dağlıq Qarabağla vidalaşmalı olacaq.
Və artıq dəyənəyin ucu görünməyə başlayıb. Belə ki…
Şimali İraqda müstəqil kürd dövlət ideyasını həyata keçirmək istəyən kürd liderlər Türkiyə hakimiyyətinin buna razılıq verməsi, Türkiyədə ictimaiyyətin də bunu normal qəbul etməsi üçün təhqiramiz bir formada Azərbaycan modelini qabartmağa başlayıblar.
Türkiyənin "Vatan" qəzetinin yazdığına görə, Kərkükün kürd əsilli valisi Necmeddin Kerimin jurnalist Ruşen Çakıra müsahibəsində də bu məqam xüsusi yer alıb.
Qeyd edək ki, Necmeddin Kerim İraq Kürdüstan Demokrat Partiyasının sədri olmuş Molla Mustafa Bərzaninin mühafizəçisi olub. Molla Mustafa Bərzani hazırda Şimali İraq Kürdüstan Muxtariyyətinin rəhbəri olan Məsud Bərzaninin atasıdır. Necmeddin Kerim 1976-cı ildə Molla Mustafa Bərzani ilə ABŞ-a gəlib, neyrocərrah ixtisasına yiyələnib, Vaşinqtonda Kürd İnstitutuna rəhbərlik edib. O, iki il əvvəl də anadan olduğu Kərkükün valisi olub, hazırda Məsud Bərzaninin ən çox etimad bəslədiyi insanlardan biridir. Məsud Bərzani və digər kürd liderlərin hazırda əsas məqsədi neft ehtiyatları ilə zəngin tarixi türkmən şəhəri Kərkükü Şimali İraq Kürd Muxtariyyətinin tərkibinə daxil etmək və sonrakı mərhələdə paytaxtı Kərkük olan müstəqil kürd dövləti yaratmaqdır. Ancaq həm Kərkükün taleyi, həm da Şimali İraqda yaradılacaq müstəqil kürd dövləti Türkiyə üçün ciddi problem sayılır. Bu, Türkiyədə kürd separatizminin daha da alovlanmasına gətirib çıxara bilər. Çünki son məqsəd vahid Kürdüstan dövləti yaratmaqdır.
Hazırda Məsud Bərzaninin sözçüsü kimi çıxış edən Necmeddin Kerim isə Ruşen Çakıra müsahibəsində Türkiyəni və türk xalqını İraqda müstəqil kürd dövlətinin yaranmasından narahat olmamağa çağırıb: "Hər ölkənin şərtləri müxtəlifdir. Əgər Türkiyə özünün kürd problemini həll edərsə, narahatlıqlarını da aradan qaldırar. Azərbaycan örnəyi ortadadır. İran Azərbaycanında Azərbaycan Respublikasından daha çox azərbaycanlı yaşamasına baxmayaraq, Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra onlar müstəqillik axtarmağa başlamayıblar. Əgər İran Azərbaycanında yaşamaq istəməyənlər varsa, Azərbaycana gedə bilər. Eyni şey Türkiyə kürdləri ilə İraq Kürdüstanı arasında da yaşana bilər..."
Beləliklə, Məsud Bərzani parçalanmış Azərbaycan xalqının birləşərək müstəqil bütöv Azərbaycan dövləti yaratmaq istəmədiyi barədə təəssürat yaratmağa çalışır və sözçüsü vasitəsi ilə bunu ictimai müzakirəyə çıxarmağa çalışır. Əslində Azərbaycana belə təhqiramiz yanaşma tərzi Məsud Bərzaninin də öz beyninin məhsulu deyil. Bu, İraqda Səddam Hüseyn rejimini devirərək Məsud Bərzani və İraq Yurdsevərlər Birliyinin sədri Cəlal Təlabaniyə geniş imkanlar yaradan ABŞ-a məxsusdur. Məhz ABŞ Şimali İraqda kürd muxtariyyəti, əslində orduya, bayrağa və digər atributlara malik faktiki müstəqil dövlət yaradıb, Məsud Bərzanini bu faktiki müstəqil dövlətin rəhbərliyinə gətirib. Digər tərəfdən, İraqdakı şiə və sünni ərəblərə təzyiq göstərərək Cəlal Tələbanini İraq prezidenti postunda əyləşdirib. İndi növbəti mərhələdir, Vaşinqtondakı dairələr İraqda müstəqil kürd dövlətinin yaradılmasına Türkiyə ictimaiyyətində loyal münasibətin formalaşması üçün Azərbaycan amilini ortaya atmağı məsləhət biliblər. Elə son yüz ildə 3 dəfə silaha sarılaraq fars şovinizminə qarşı mübarizəyə qalxan Cənubi Azərbaycanın Şimali Azərbaycanla birləşməsinin qarşısının alınmasında da son dəfə məhz ABŞ əsas rolu oynayıb. Ancaq tarixi unutdurmağa və Azərbaycan xalqını aşağılamağa çalışan ABŞ növbəti dəfə riyakarlıq edir. Təəssüf ki, Türkiyədə özünü aparıcı jurnalist sayan bəziləri ya bunu dərk etmir, ya da dərk etmək istəmirlər...
Sözardı
Bizə elə gəlir ki, iqtidarlı-müxalifətli Azərbaycanın bütün siyasiləri:
1) Bərzaninin bu açıqlamasına barmaqarası yanaşmamalı və ona ciddi şəkildə təpgi göstərməlidirlər;
2) Eyni təpgi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı da sərgilənməlidir.
Məşhur 37-ci illər ruhunda Türkiyədə "Ergenekon prosesi"nə start verdirən Ərdoğan əslində onun anladığı və gerçəkləşdirmək istədiyi şəkildə "kürd açılımı projesi"nə mane olacaq türk generallarını həbslər və ittihamlar vasitəsilə oyundan çıxartmaqda məqsədi bu imiş - Yaxın Şərqdə kürd dövlətinin yaranmasına qılçı olmaq...
Afiq
Digər Xəbərlər
2024-12-28 13:32:34
2024-12-28 13:24:18
2024-12-28 13:18:35
2024-12-28 13:01:12
2024-12-28 12:42:32
2024-12-28 12:41:00
2024-12-28 12:17:49
2024-12-28 12:15:07
2024-12-28 11:55:03
2024-12-28 11:45:52
2024-12-28 11:11:11
2024-12-28 10:55:59
2024-12-28 10:53:15
2024-12-28 10:23:44
2024-12-28 10:11:10
2024-12-28 09:46:56
2024-12-28 09:09:26
2024-12-28 08:43:00
2024-12-28 00:11:59
2024-12-27 23:41:11