Hesabat rədd edildi
16:25 25-01-2013
İQTİSADİYYAT
Hesabat rədd edildi
Azərbaycan AŞPA-da maraqlarını təmin edə bildi
Azərbaycan ağır AŞPA sınağından üzüağ çıxa bildi. Qeyd edək ki, assambleyanın son toplantısında Azərbaycanda insan haqları ilə bağlı, o cümlədən siyasi məhbuslarla bağlı məsələ müzakirə edilirdi və Ştrasser məruzəçi kimi Azərbaycan maraqlarına zərbə vura biləcək bir hesabat hazırlamışdı. Hesabatda göstərilirdi ki, Azərbaycanda insan haqları kobud şəkildə pozulur və artıq siyasi məhbusların sayı yüzü ötür.
Ən qəribəsi və maraqlısı isə bu idi ki, məruzəçinin siyasi məhbus olaraq göstərdiyi şəxslərin sırasında terrorla bağlılığı olan şəxslərdə var idi. Hətta bu siyahıya Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələri də etirazlarını bildirmişdi. Bunu da qeyd edək ki, son zamanlar AŞPA üzvləri arasında kifayət qədər işlər aparılmış, Azərbaycan maraqlarına zərbə vuracaq bir lobbi fəaliyyəti ortada idi. “Kürü diplomatiyası” devizi ilə Azərbaycan əleyhinə aparılan kompaniya nəticəsində demək olar ki, ölkəmiz beynəlxalq təşkilatda təklənmişdi. Hesabat açıqlanmamış buda aydın oldu ki, yalnız Rusiya Azərbaycana dəstək vermək niyyətindədir. Amma AŞPA-da gözlənilməz gəlişmə baş verdi və Azərbaycan prosesi öz xeyrinə dəyişə bildi. Belə ki, hər cür tənqidə davamsız olan hesabat assambleya tərəfindən rədd edildi. Bununla əslində nə baş verdi? İlk növbədə aydın oldu ki, AŞPA-da başda olmaqla beynəlxalq təşkilatlar Azərbaycanla zor dilində danışmağın mümkünsüzlüyünü görür və bunun zərərli nəticələrini hesablaya bilirlər. Digər tərəfdən aydın olur ki, Azərbaycan qərbin enerji təhlükəsizliyinin təminatçısı kimi həm də öz haqlarını qorumaq iqtidarındadır və bunun üçün lazım olanda müttəfiqlərlə birgə hərəkət etmə imkanları var. Ekspertlər bunu da bildirirlər ki, bu hesabatın qəbul olunması Dağlıq Qarabağ probleminə də ağır zərbə olacaqdı. Çünki erməni lobbisi artıq belə bir rəy yaradırdılar ki, Azərbaycanda insan haqları addımbaşı tapdalanır və bu səbəbdən də Dağlıq Qarabağ erməniləri, demokratik mühitdə yaşamaq üçün Azərbaycana tabe olmaqdan imtina edirlər. Bunu da qeyd edək ki, hesabatdan öncə AŞPA-da bir qurup millət vəkili belə bir təşəbbüslə çıxış etmişdilər ki, AŞPA Belorusiyaya göstərdiyi münasibəti, Azərbaycana da sərgiləməlidir. Xatırladaq ki, Belorusiyaya qarşı hazırda bir sanksiya tətbiq olunub və demək olar ki, Belorusiya təcrid olunmuş şəraitdədir. Azərbaycana da belə bir münasibətin olması dövlətçilik maraqlarına ağır zərbə olacaqdı. Amma bu gözləntilər özünü doğrultmadı. Hesabatın qəbul olunmamasına isə Azərbaycan rəsmilərindən də reaksiya gəldi. Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, K. Ştrasserin bu hesabatı hazırlayarkən hansı materiallara əsaslandığı bəlli deyil: “Məruzəçi hesabatda göstərir ki, müxtəlif işlərlə bağlı qeyri-hökumət təşkilatlarından çoxlu sayda şərhlər, əlavə detallar, dəqiqləşdirmələr alıb. Şübhələnirəm ki, söhbət 2-3 yerli QHT-dən gedir. Bu informasiyaların nədən ibarət olduğu da bilinmir. Lakin hesabatın müxtəlif hissələrini müvafiq məhkəmə hökmləri ilə müqayisə edərkən məlum olur ki, bir çox halda bu informasiyalar qəsdən təhrif olunub. Məruzəçinin öz hesabatına daxil etdiyi şəxslərdən bir qismi heç məhkum olunmayıb, F. Ələsgərov qeyd edib ki, hesabata bəzi “köhnə işlər”in daxil edilməsi absurdluğun zirvəsidir: “Belə işlərin sayı 20-dən çoxdur. On il əvvəl bu işlər müstəqil ekspertlər tərəfindən nəzərdən keçirilib. Ştrasser bir tərəfdən ekspertlərlə razılaşır ki, həmin şəxslər siyasi məhbus deyil. Onların hamısı “qeyri-siyasi” və zorakı cinayətlərə görə məhkum olunub. Ekspertlərin rəyi əsasında bu işlər illər öncə qapadılıb. Lakin buna baxmayaraq, məruzəçi həmin şəxsləri “siyasi məhbus olduğu ehtimal edilənlərin ümumi siyahısı”na daxil edib və israr edib ki, həmin şəxslər ya azad olunmalı, ya da onların işinə yenidən baxılmalıdır”.
F. Ələsgərovun fikrincə, K. Ştrasserin hesabatının siyasi sifariş olduğu şübhə doğurmur. Onun sözlərinə görə, hesabatın Hüquqi məsələlər və insan haqları Komitəsində hazırlanmasına baxmayaraq, bu sənədin hüquq və məntiqlə əlaqəsi yoxdur: “Kristofer Ştrasser Azərbaycana qərəzli münasibətini dəfələrlə nümayiş etdirib. Onun Avropa Şurası Parlament Assambleyasının məruzəçisi statusu ilə bir araya sığmayan müsahibə və açıqlamalarını xatırlatmaq kifayətdir. Avropadakı müəyyən dairələrin, xüsusən Almaniyanın hesabata səs vermələri üçün AŞPA rəhbərliyi və üzvlərinə göstərdiyi təzyiq də bu hesabatın siyasi məqsədli olduğunu ortaya qoyur. Faktiki olaraq, məruzəçinin bütün işi və hazırladığı hesabat bizim ölkəmizə qarşı siyasi təzyiqin elementlərindən biriydi. AŞPA-nın iclasından sonra məruzəçi öz iflasını “insan haqları və Parlament Assambleyası üçün qara gün” adlandırıb. Əslində Avropa Şurasının insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti baxımından hər hansı dəyəri olmayan bu sərsəm sənədin qəbulu təşkilatın reputasiyasına sağalmaz zərbə vurardı və doğrudan da təşkilat üçün qara gün olardı. Hesabatın 40-dən artıq səs fərqi ilə rədd edilməsi göstərir ki, AŞPA-nın əksər üzvləri bunu çox gözəl anlayırdılar”.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00