Laçınlılar Ramiz Cəbrayılova qarşı
Laçınlılar Ramiz Cəbrayılova qarşı

İcra başçısının ünvanına müxtəlif ittihamlar var

Azərbaycanda xalqın ən çox narazılıq etdiyi məmur təbəqəsinin biri icra başçılarıdır. Rayon rəhbərləri əsasən vətəndaşların şikayətlərinə etinasız münasibətdə, onların problemləri ilə maraqlanmamaqda, büdcə vəsaitlərini talamaqda, rüşvətdə və s. ittiham olunurlar.

“Unikal”ın elektron ünvanına isə bu dəfə Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov barədə şikayətlər daxil olub. Laçınlılar icra başçısına qarşı çeşidli ittihamlar yönəldirlər.
Həmin iddialara görə, 1992-ci ilin mayında Laçın rayonu erməni təcavüzkarları tərəfindən işğal edildikdən sonra bu rayonun sakinləri respublikanın 56 rayonunda məskunlaşıblar. Hazırda isə onları bir tərəfdən itirilmiş torpaq, tərk edilmiş doğma yurd-yuva dərdi ağrıdırsa, digər tərəfdən də onlar icra başçısı Ramiz
Cəbrayılovdan şikayətçidirlər. İddialara görə, İcra başçısı laçınlı məcburi köçkünlər üçün ayrılan pulları Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Laçın rayon şöbəsi vasitəsi ilə mənimsəyir.
Şikayətçilərin bildirdiyinə görə, Laçından məcburi köçkünlərin böyük hissəsi hazırda sosial-iqtisadi problemlər məngənəsində çabaladığı halda icra başçısı və onun yaxın ətrafı dəbdəbəli həyat sürür. Bu dəbdəbəli həyatın qaynağının isə məhz məcburi köçkün laçınlılar üçün ayrılan dövlət vəsaiti olduğuna şübhə etməyən rayon sakinləri maraqlı bir fakt da səsləndirirlər. Belə ki, rayonun Ağcabədi qış yataqlarında faktiki 195 hektar əkin sahəsi olduğu halda, Nazirlər Kabinetinə verilən məlumatda həmin göstərici 1500 hektar qeyd olunub. İddia edilir ki, bunun sadə səbəbi ondan ibarətdir ki, hər hektar üçün ayrılan 40 manat yanacaq pulu Laçın rayon icra hakimiyyətinin rəhbərliyi ilə mənimsənilib. Ağcabədi rayonunda məskunlaşmış laçınlılar üçün nəzərdə tutulan və çəkilən suvarma kanalı üçün 20 min hektar ərazinin ayrılması planlaşdırılmışdı. Amma həmin sahənin 350-400 hektar ərazisinin suvarma gücündə olmadığı rayonda hər kəsə məlumdur. Digər tərəfdən 6 kubmetr su ötürməli
olan kanal 2 kubmetr suyu belə ötürə bilmir. Bu məsələnin pərdəarxası məqamı isə ondan ibarətdir ki, kanalın çəkilişi üçün ayrılan 2.700.000 manat pulun heç yarısı belə kanalın inşasına xərclənməyib. Daha doğrusu, kağız üzərində xərclənib, reallıqda isə onlar rayon rəhbərliyinin cibinə gedib.
Laçınlıların ən böyük şikayətlərindən biri isə təhsil və səhiyyə sahəsi ilə bağlıdır. Onlar bildirirlər ki, məcburi köçkün rayonunun sakinlərinin hər iki sahə üzrə kifayət qədər problemləri var: “Rayon təhsilinin durumunu ifadə etmək üçün iki il əvvəlki bir faktı xatırlatmaq kifayətdir. Bilirsiniz ki, o vaxt Laçın Rayon Təhsil Şöbəsinin baş mühasibi Mötəbər Səmədov Laçın Rayon İcra Hakimiyyətinin Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi ərazisində yerləşən inzibati binasının qarşısında üstünə benzin tökərək özünü yandırdı. Mühasib özünə qəsd etməzdən əvvəl hüquq-mühafizə orqanlarına məktub yazmışdı ki, icra başçısı Ramiz Cəbrayılov və təhsil şöbəsinin müdiri Şahlar Xəlilovun dövlətə məxsus külli miqdarda - 400 min manat pulu ondan alaraq geri qaytarmayıb. İndinin özündə də dəyişən heç nə yoxdur. Təhsilə ayrılan vəsaitin böyük hissəsi Ramiz Cəbrayılovun şəxsi mənfəətinə xidmət edir. Səhiyyə ilə bağlı da eyni vəziyyətdir. Laçınlılar pulsuz tibbi müayinə hüququndan yararlana bilmirlər. Laçın rayon Mərkəzi Xəstəxanasına ayrılan pullar mənimsənilir. Biz dövlət xəstəxanasında pullu müalicə almaq məcburiyyətində qalmışıq. Ümumiyyətlə, rayonun təhsil və səhiyyə şöbələrinin rəhbərləri icra başçısından tam asılıdırlar, onun istədiyi kimi hərəkət edirlər, çünki bununla öz maraqları da təmin olunur”.
Xatırladaq ki, Ramiz Cəbrayılov haqqında laçınlıların bu cür şikayətləri tez-tez təkrarlanır. Sonuncu dəfə cəmi iki ay əvvəl Müstəqil İnformasiya Agentliyinə (mia.az) üz tutan laçınlılar yazmışdılar ki, öz ”fəaliyyəti”ni korrupsiya və rüşvətxorluğun “çiçəklənməsi”nə həsr etmiş R.Cəbrayılov bununla da rayon sakinlərinin haqlı narazılıqları ilə üzləşsə də, “yuxarılar” onun haqqında heç bir tədbir görmək istəmir: “Təsəvvür edin ki, rayonda baş alıb gedən yerlibazlıqdan, qohumbazlıqdan narazı qalmış rayon sakinlərinin kütləvi yuxarı orqanlara yazdıqları şikayət ərizələri nədənsə baxılıb tədbir görülməsi üçün R.Cəbrayılova göndərilir. Nəticədə yuxarı orqanlara şikayət ərizələri ilə müraciət etmiş
rayon sakinləri bu qəddar və amansız icra başçısının müxtəlif formalı təzyiq və işgəncələrinə məruz qalırlar. Məsələn, R.Cəbrayılovdan yuxarı orqanlara şikayət ərizələri ilə müraciət etmiş rayon sakini Mirzəyev Almurad Novruz oğlu İcra Hakimiyyətində döyülüb təhqir olunaraq işgəncələrə məruz qaldı”.
Biz isə öz növbəmizdə redaksiyamıza daxil olan şikayətlərlə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, səylərimiz nəticəsiz qaldı. Bununla belə, qarşıdakı saylarımızda yazıda barəsində iradlar səsləndirilən bütün tərəflərin mövqeyini də işıqlandırmağa hazır olduğumuzu bəyan edirik.
Ülviyyə Qasımlı