Moldova prezidenti Maya Sandu rusiyalı həmkarı Vladimir Putinə koronavirusa qarşı vaksinlərlə bağlı məktub yazıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Sandu yerli telekanallardan birində danışıb. O bildirib ki, bir məktub yazaraq Putindən Moldovaya koronavirusa qarşı "Sputnik V" vaksinləri göndərilməsini xahiş edib.

"Bu gün mən vaksin məsələsi ilə əlaqədar Rusiya prezidentinə bir məktub yazdım. Rusiyanın Moldovadakı səfiri Oleq Vosnetsov ilə söhbətimdən sonra məktub yazmağa qərar verdim. Səfir bildirdi ki, vaksinin satın alınması mümkün olmayacaq, amma ola bilər ki, humanitar yardım formasında verilsin", - deyə Sandu söyləyib.

O, vaksin əlçatanlığının təmin olunması üçün Rusiyaya ümid etdiyini bildirib.