Səfər Əbiyevin generalları ikiyə bölündü
13:30 29-01-2013
İQTİSADİYYAT
Səfər Əbiyevin
generalları ikiyə bölündü
Müdafiə nazirinin özünü müdafiə etmək məsələsində parçalanma yaranıb
Müdafiə Nazirliyi sistemində ikitirəlik yaranıb. Buna səbəb son vaxtlar ölkə ictimaiyyətinin və mətbuatın əsas tənqid hədəfinə çevrilmiş, istefası tələb olunan Səfər Əbiyevin müdafiəsi ilə bağlı fikir ayrılığıdır.
Orduya yaxın mənbələrdən «Unikal”a verilən məlumata görə, birbaşa Səfər Əbiyevin özünün istəyi və razılığı ilə Silahlı Qüvvələrinin zabitləri müdafiə nazirinin müdafəsi ilə bağlı kampaniyaya cəlb edilib. «Bilirsiniz ki, ötən həftə bir qrup zabitin bununla bağlı bəyanatı yayıldı. Bir qrup hərbi qulluqçu yanvarın 26-da bəyanat yayıb. Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, bəyanatı 150-dən artıq hərbi qulluqçu, o cümlədən general-leytenant Yaşar Aydəmirov, polkovnik Yaqub Əhədov, polkovnik-leytenantlar İslam Gəncəliyev, Elçin Qasımov, Anar Ağayev, Adil Xeyrullayev, Nağı Eyvazov, Arif Kərimov, Qılman İmanov, Şıxəli Baxşıyev, Mehman Rüstəmov imzalayıb. İlgincdir ki, siyahıda cəmi bir generalın adı var və o da Müdafə Nazirliyinin aparatında vəzifə tutur. Bu gün (dünən - red.) həmin bəyanata daha 1500 zabitin qoşulduğu açıqlanıb, yenə maraqlıdır ki, onların arasında ordu generallarından heç kimin adına rast gəlinmir”.
Xatırladaq ki, ötən həftə yayılan məlum bəyanatın bir bölümündə deyilir: “Azərbaycan ordusunun inkişafı daxildəki bəzi üzdəniraq ünsürləri narahat etməyə başlayıb. Münasibətimiz bir qədər sərt səslənsə də, ancaq deməliyik ki, onların gerçəkdən uzaq fikirləri, orduya qarşı anlaşılmaz hücumları qarşısında başqa ifadələr tapmaqda çətinlik çəkirik. Hazırda açıq dünyada yaşayırıq. Bu şəxslər unudur ki, onların hər hansı yanlış və uydurma mülahizələrindən düşmən məharətlə istifadə edir. Bunlar kimə lazımdır? Nə üçün adlarını hərbi ekspert qoyan bəzi adamlar bu cür anti-milli və anti-dövlət çağırışlara imza atırlar?! Biz buna çox üzülürük. Axı ordumuz onların qələmə verdiyi şəkildə deyil. Son illər baş verən tərəqqini görməmək və yaxud görüb qiymətləndirməmək ən bağışlanılmaz haldır”.
Bu cür standart cümlələrdən ibarət bəyanatı ordu generalları adından yaymaq daha effektli olardı, nəinki onu daha aşağı rütbəli zabitlərin imzalaması. Nə üçün? Çünki, birinci, bu, dərhal bəyanatın Səfər Əbiyevin iradəsinin məhsulu olduğunu ortaya qoyur, onun əksəriyyəti aşağı rütbəli zabitlər olan imza müəllifləri üzərində nazir səlahiyyətlərini işə saldığı görüntüsü yaradır.
İkinci, ordu generalları Səfər Əbiyevin müdafiəsinə qalxardısa, bu, müdafiə nazirinin Silahlı Qüvvələrdə nüfuzunun və təsir imkanlarının nə qədər böyük olduğunu ortaya qoyar, onun görəvində saxlanılması üçün «əlini qüvvətləndirərdi”.
Mövzu ilə bağlı «Unikal”a məlumat verən mənbə isə iddia edir ki, Əbiyevi müdafiə məqsədli bəyanata ordu generallarının qoşulmaması müdafiə naziri ilə «hərbi avtoritetlər” arasında münasibətlərin soyuq olmasına dair cəmiyyətdə formalaşan təsəvvürləri və mətbuat səhifələrində tez-tez ortaya atılan fikirləri təsdiqləyir. «İddialar bu yöndədir ki, əksər generallarla Səfər Əbiyevin arasında sərin küləklər əsir. Söhbət xüsusən yeni nəsil generallardan gedir. Onlar Silahlı Qüvvələrdə idarəetmə normalarının dəyişdirilməsini - müasirləşdirilməsini, NATO standartlarına yaxınlaşdırılmasını istəyirlər. Müasir təfəkkürə malik belə generalların bir çoxu zaman-zaman Əbiyev tərəfindən hər hansı bir formada «cəzalandırılıb”; məsələn, onlar ya Bakı və Bakıətrafından uzaqlaşdırılıb (məsələn, general Heydər Piriyev Bakı Ali Hərbi Məktəbinin rəisi görəvindən kənarlaşdırıldı və Naxçıvana göndərildi), ya da başqa formalarda ofsayda salınıb.
Bu mənada Səfər Əbiyevin özünün müdafiəsində generallar arasında bölünməni təbii qarşılayan məlumatlı mənbəmizin sözlərinə görə, hazırda onların bir qismi Baş Qərargah rəisi general Nəcməddin Sadıqova yaxınlığı ilə seçilir, mühüm bir qismi isə həm Əbiyevi, həm də Sadıqovu gizli-aşkar formada qəbul etmirlər. Sonuncular yuxarıda da işarə vurduğumuz kimi, daha çox yeni generalitet nəslini təmsil edirlər və müasir, NATO yönümlü ordu təfəkkürünə malik olanlardır.
Mövzu ilə bağlı rəyini aldığımız və adının çəkilməsini istəməyən hərbi ekspert də bildirib ki, Silahlı Qüvvələrin generallarının Səfər Əbiyevin müdafiəsi yönündə başladılan «bəyanat şousu”na qoşulmaması təbiidir: «Bu, ordu generalitetində müdafiə naziri ilə bağlı ikili əhval-ruhiyyənin hökm sürməsi ilə əlaqədardır. General Lənkəran Əliyevlə Səfər Əbiyevin uzun müddət gündəmdən düşməyən və açıq savaşa çevrilən mübarizəsi, yaxınlarda əsgər ölümü ilə bağlı yaranan ajiotaj zamanı başqa bir general, Əbiyevin töhmət elan etdiyi Rövşən Əkbərovun müdafiə nazirinin bu cür qərarına incik tonda münasibət bildirməsi və s. Müdafiə Nazirliyi sistemində nazirlə generallar arasında köklü qarşıdurma olduğunun göstəricisidir. Bu səbəbdən də mən qarşıdakı günlərdə də nazirə dəstək kampaniyasına generalların qoşulacağını gözləmirəm - əlbəttə, Əbiyevə yaxın olan bəzilərini istisna etməklə”.
Beləliklə, görünən odur ki, Səfər Əbiyevə zabitlərin dəstək kampaniyası əslində ordu sistemində daha bir ciddi problemi ortaya çıxarmaqdadır - nazirlə generalitetin böyük hissəsinin gizli, bəzən isə aşkar görünən soyuqluğunu. Bu isə Silahlı Qüvvələrdə ciddi idarəetmə islahatlarının aparılmasının qaçılmazlığı, həmin hərbi reformların isə ilk növbədə Səfər Əbiyevin əvəzlənməsindən başlanılması deməkdir.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35
2024-12-19 17:02:00
2024-12-19 16:23:03
2024-12-19 12:32:00
2024-12-19 09:39:00
2024-12-19 09:33:16
2024-12-19 09:10:00
2024-12-18 23:52:54