Elmar Vəliyevə işçisindən və sahibkardan şok zərbə
13:31 29-01-2013
İQTİSADİYYAT
Elmar Vəliyevə işçisindən və sahibkardan şok zərbə
Gəncədə icra hakimiyyətini sarsan korrupsiya hadisəsi və "ikinci Rasim Musayev əhvalatı"
Ölkənin futbol ictimaiyyəti qeyri-adi hadisə ilə üzləşib. Bunu hamı üçün maraqlı edən isə işin içində Azərbaycanın ən qalmaqallı icra başçılarından Elmar Vəliyevin də adının hallandırılmasıdır.
İdman nəşrlərinin verdiyi məlumata görə, Gəncənin "Kəpəz" futbol kulubu bundan sonra ev oyunlarını Bakıda - "Dalğa Arena"da qəbul edəcək. Belə nəşrlərdən biri - "Komanda" qəzeti isə yazıb ki, Azərbaycan futbolunda qanunsuzluqların baş alıb getdiyi hər kəsə məlumdu. AFFA, PFL rəhbərliyi özlərinin yazdıqlarını belə vecə almadan istədikləri qərarları verirlər. Çempionatın ortasında "Kəpəz"in Gəncədən Bakıya köç etməsi də bu qurumların hansı saxtakarlıqlara rəvac verməsinin bariz göstəricisidi.
"Kəpəz"in Bakıya köç etməsi Gəncədə böyük narazılığa səbəb olub. Bu azmış kimi, şəhəri birinci dəstədə təmsil edən "Tərəqqi" də Şəmkirə köçüb.
Maraqlıdı, Gəncə stadionunun bərbad durumda olmasını əsas gətirib "Kəpəz"i Bakıya gətirənlər "Tərəqqi"ni niyə didərgin salıblar? Axı onsuz da birinci dəstədə komandalar oyunları bərbad stadionlarda keçirirlər. Elə isə Gəncənin tamamilə futbolsuz qalmasının səbəbi nədi?
Bu sualın cavabı isə çox ilgincdir; belə ki, məlumatlı mənbələrin bildirdiyinə görə, adı çəkilən iki futbol klubu - "Kəpəz" və "Tərəqqi" şəhərdən sürgün edilib. Bəli, məhz sürgün!
Buna səbəb isə həmin klubların Gəncənin icra hakimiyyətinin başçısı Elmar Vəliyevin qəzəbinə tuş gəlməsidir. Vəliyevi qəzəbləndirən səbəbə isə heyrətlənməmək mümkün deyil - məsələ burasındadır ki, "Kəpəz" rəhbərliyi ilə icra başçısı arasında konflikt yaşanıb.
Belə ki, bir müddət əvvəl Gənclər və İdman Nazirliyinin balansında olan Gəncə stadionunun təmiri üçün xeyli vəsait ayrılıb. Amma "Kəpəz" rəhbərliyi ilə Gəncə Şəhər Gənclər və İdman İdarəsinin rəhbərliyi əlbir olaraq bu vəsaiti xırda-para işlərə sərf etməklə mənimsəyiblər. Bundan sonra isə klubun sahibi Xanlar Fətiyevin adamları stadionun təmiri üçün ayrılan vəsaitin icra başçısı tərəfindən mənimsənildiyi ilə bağlı şəhərdə şayiə yayıblar. Bu söz-söhbət Elmar Vəliyevə çatdırılıb.
Bundan sonrası ilə bağlı isə fərqli bilgilər. Məsələn, sözügedən idman nəşri yazır ki, icra başçısı "Kəpəz" rəhbərliyini otağına çağıraraq yayılan söz-söhbətə aydınlıq gətirməyi tələb edib. Elə ordaca vəziyyət gərginləşib. İcra başçısı qəzəbli halda "komandalarınızı da götürüb Gəncədən rədd olun, mən nə Elxan Məmmədov (AFFA-nın baş katibi - red.), nə də Ramin Musayev (Peşəkar Futbol Liqası - PFL - red.) tanıyıram" göstərişini verib. İcra başçısı "saxlaya bilirsənsə, abırlı komanda saxla, saxlaya bilmirsənsə, Gəncənin adını biabır etmə" deyərək iş adamı olan Xanlar Fətiyevə möhkəm təpinib.
Sonradan klub rəhbərliyi icra başçısının yumşalacağını güman etsə də, Elmar Vəliyev fikrində qəti olub və "Kəpəz"lə "Tərəqqi"nin Gəncəni tərk etməsini tələb edib. Məhz bundan sonra əlacsız duruma düşən komanda rəhbərliyi AFFA-ya müraciət edib.
Nəticədə isə "Kəpəz" Bakıya, "Tərəqqi" isə Şəmkirə "sürgün edilib". "Komanda" vəsaitləri klub sahibi ilə mənimsədiyi iddia olunan gənclər və idman şöbəsinin müdirinin cəzalandırılıb-cəzalandırılmadığı barədə heç bir bilgi vermir. Bizə çatan bəzi iddialara görə, yaxın günlərdə onun da vəzifəsindən uzaqlaşdırılması gözlənilir.
"Unikal"ın futbol ictimaiyyətinə yaxın çevrələrdən əldə etdiyi bir başqa məlumata görə isə məlum olayın içərisində hansısa mənimsəmə iddiaları olsa da, əsas səbəblərdən biri də Vəliyevin çoxsaylı göstərişlərinin bəhrəsizliyidir; belə ki, icra başçısı dəfələrlə "Kəpəz"in iş adamı olan rəhbərini klubun yaxşı çıxış etmədiyinə görə danlasa və nəticələri normallaşdırmaq yönündə tapşırıqlar versə də, heç bir nəticəsi olmayıb. Bundan sonra Elmar Vəliyev qəzəblənib və məlum qərarı qəbul edib.
Ümumiyyətlə, Gəncənin icra başçısı sərt idarəçiliyi və iradəsinə tabe olmayan, iradəsindən kənara çıxmağa çalışanlara qarşı qəzəbli addımları ilə seçilir. Bunu onun təzəlikcə adının hallandığı daha bir qalmaqal - Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi, general Rasim Musayevlə ixtilafı da təsdiqləyir. Maraqlıdır ki, həmin ixtilafdan sonra Musayev də "Kəpəz" klubu kimi Gəncədən "köç etmək" məcburiyyətində qalmışdı.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00