"Müşahidə Şuraları idarəetmənin təkmilləşdirilməsinə xidmət etməlidir".
Bu fikirləri Unikal.org-a açıqlamasında Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilən qurumlarda struktur dəyişikliklərini dəyərləndirərkən iqtisadçı ekspert Natiq Cəfərli söyləyib.
Ekspert Azərbaycan İnvestisiya Holdinqinin yaradılmasında əsas hədəflərdən danışıb: "Azərbaycan İnvestisiya Holdinqinin yaranmasında əsas hədəf dövlət şirkətlərinin rentabelli çalışmasını təmin etmək, izafi xərcləri azaltmaq, idarəetməni təkmilləşdirmək və optimallaşdırmadır. Dövlət şirkətlərinin əksəriyyəti artıq holdinqin tərkibinə verilib. Bu şirkətlərin idarəçiliyində dəyişikliklər edilməlidir. Büdcəyə vurduqları ziyan aradan qaldırılmalıdır və dotasiyalardan məhrum edilməlidirlər. Yəni İnvestisiya Holdinqinin hədəflərinə uyğun şəkildə dəyişikliklər olmalıdır".
İqtisadçı qeyd edib ki, addımlar davamlı olmalıdır: "Bu addımların ardıcıllığını görməliyik. Həmçinin Müşahidə Şurası adlanan təsisatlar yaradılır. Bu təsisatlar idarəetmənin təkmilləşdirilməsinə xidmət etməlidir. Burada səlahiyyət və məsuliyyət bölgüsü dəqiq aparılmalıdır. Qeyri-rasional idarəçilik və digər problemlərin həllini tapması üçün ilkin addımlar davam etdirilməlidir. Bu istiqamətdə görülən işlərin nəticəsinin nədən ibarət olacağını yaxın gələcəkdə görəcəyik".
Coşqun Əli