2026-cı ilin birinci rübündə Azərbaycan neftinin reallaşmış qiyməti bir barel üçün 79,5 dollar təşkil edib.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin I rübünün yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Samir Nəsirov bildirib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çoxdur. Departament direktoru qeyd edib ki, hesabat dövründə Azərbaycan qazının 1000 kubmetrinin reallaşmış qiyməti isə 268 dollar olub.
Samir Nəsirovun sözlərinə görə, enerji daşıyıcılarının qiymətlərində müşahidə olunan dəyişikliklər ölkənin xarici iqtisadi göstəricilərinə və tədiyə balansının formalaşmasına təsir göstərən əsas amillərdən biri olaraq qalır.




















































