Ermənistanda siyasəti ələ salanlar və siyasətdə uduzanlar
13:36 29-01-2013
İQTİSADİYYAT
Ermənistanda siyasəti ələ salanlar və siyasətdə uduzanlar
İşğalçı ölkədə seçki öncəsi nə(lər) baş verir?
Ötən il Ermənistanda simasını çoxdan itirmiş Artaşes Gegamyanın informasiya müstəvisində olan klonları Yerevanın mərkəzindəki Maştos bağı uğrunda qəhrəmanlıqla mübarizə aparırdılar. Onlar hətta özlərini Avarayr savaşı və ya Sardarapat döyüşündəki ulu babalarına bənzədirdilər.
Bağ uğrunda "müharibə" apogey nöqtəsinə çatanda "döyüş meydanı"nda vətəndaşlıq, namus, şərəf və ləyaqətin Yerevan versiyası olan Serj Sarkisyan peyda oldu, məşhur "Taron can, yaxşı deyil axı!" dedi. Bundan sonra Ermənistanda yetkinlik yaşına çatmayanlar və hətta ruhi xəstələr də anladılar ki, şou-proqramın iştirakçısına çevriliblər.
Həmin proqramın əsas məqsədi parlament seçkiləri ərəfəsində məzhəkə yaratmaq, vətəndaşları ölkədə guya ədalətin olduğuna, dövlət başçısının da insanlar barədə düşündüyünə inandırmaq idi. Bu "döyüş"ün iştirakçılarından biri Andres Qukasyan indi prezidentliyə namizədliyini irəli sürüb. Namizədliyi hələ qeydə alınmasa da, o, artıq seçkiqabağı kampaniyaya başlayıb.
Qukasyan Yerevanın mərkəzində aclıq aksiyasına başlayıb. Və yenə də erməni siyasətinin janr qanunlarına görə, aclığın ən məşum dövründə, Qukasyanın guya nəbzi güclə vuran anda Serj Sarkisyan peyda olacaq, aclıq edənin nəbzini tutacaq, başını bulayacaq və "Andreas can, heç yaxşı deyil!" söyləyəcək.
Əks təqdirdə Ermənistandakı prezident seçkilərində baş verəcək saxtakarlıqların nur saçacaq kombinasiyalarına, işıqlı fırıldaqlara, ülvi yaramazlıqlara və zərif cinayətlərə qara kölgə düşə bilər. Daha humanist, vicdanlı, ədalətli və 24 saatlıq sutkanın 25 saatını xalq üçün düşünən adam olduğunu göstərmək üçün iqtidardakı Ermənistan Respublika Partiyasının sədri Serj Sarkisyan daha da irəli gedərək şounu maraqlı edə bilərdi. Məsələn, o, aclıq aksiyasına qoşularaq Mərkəzi Seçki Komissiyasına etiraz edər, prezident seçkilərində səslərin 100 faizini almaq perspektivi ilə razı olmadığını bəyan edərdi.
Belədə MSK sədri Tiqran Mukuçyan antidemokratik addım atar, ölkə prezidenti Serj Sarkisyanın seçkilərdə səslərin heç olmasa 80 faizini qazandığını bəyan edərdi. Daha sonra isə aclıq aksiyasına Ermənistan prezidentinin təbliğatçılıq himayəsində olan "əməkdar rəqib"lər Raffi Hovanisyan və Paruyr Ayrikyan da qatılsaydılar, Yerevanda bir-iki saatlıq da olsa, milli vəhdət və barışıq mühitinin bərqərar olduğunu demək olardı. Bu adamların aclığından Ermənistan iqtisadiyyatının nə qədər mənfəət əldə etməsi barədə ciddi elmi araşdırmaların nəticələrini Qrant Baqratyan da açıqlasaydı, mənzərə tam və bitkin alınardı.
Avropa Şurası və ABŞ-dan olan müşahidələrə belə halda Ermənistanda prezident seçkilərinə hazırldığın və ümumiyyətlə, seçkiqabağı təbliğat kampaniyasının demokratiya ilə tolerantlıq baxımından nəhəng addım olduğunu söyləməkdən başqa heç nə qalmazdı. Hələ hazırlığın belə iri addım olduğunu nəzərə alsaq, seçkilərin ideal olacağını Serj Sarkisyan çox asanlıqla deyə bilərdi. Amma deyə bilməyəcək və bunun da səbəbləri var.
Ermənistandakı seçkiqabağı kampaniyası janrın bütün kanonlarına uyğun olaraq keçirilir. Serj Sarkisiyan butafor çıxışlar edir, inkişaf edən iqtisadiyyata və təminatı sürəkli artan vətəndaşlara malik Ermənistanla bağlı xülyalar danışır. Onun rəqibləri, daha doğrusu rəqib qismində prezident seçkilərinə zorla sürüklənmiş adamlar isə cəmiyyəti inandırmağa çalışırlar ki, məhz onlar indiki iqtidarı hakimiyyətdən kənarlaşdıraraq yeni Ermənistan quracaqlar.
Namizədlərin proqramları pis deyil. Di gəl, onların özləri yaramazlardır. Ona görə ki, vədlər verir, amma bu vədləri reallaşdırmaq üçün onlara kimin imkan verəcəyini demirlər.
Ermənistanda Serj Sarkisyan hakimiyyəti kimsəyə güzəştə gedən deyil və indiki seçkiqabağı mübarizəyə qatılmış siyasi cırtdanlar da heç bir halda Yerevan iqtidarını üstələyən, effektiv mübarizə aparan adamlara bənzəmirlər.
Ölkəni idarə edən kriminal oliqarxiya özünə xas vasitələr və metodlarla bu seçkilərdə də Sarkisyanın "qələbə"sinə nail olmaq üçün bütün mümkün saxtakarlıqlara, qanun pozuntularına və cinayətlərə əl atacaqlar. Bütün bunlar yetərli olmasa, zorakılığın tətbiq ediləcəyi də şübhə doğurmur.
Təbliğat kampaniyasında Ermənistan Respublika Partiyasının bütün resurslarının işə salınması, inzibati imkanların və rıçaqların arxasında duran insanların Sarkisyanın "qələbə"sinin təminatı üçün səfərbər edilməsi aydındırsa, mövcud iqtidara guya meydan oxuyan insanların hazırkı situasiyada nə isə edə bilmələri çox şübhəli məqamlardır. Serj Sarkisyan "Yaxşı yaşayacağıq!" deyəndə yalan demir, çünki o, özünün, ailəsini, qohumlarının, qohumlarının nəzarətində olan adamların, habelə Ovik Abramyan, Samvel Aleksanyan, Ruben Hayrapetyan, Mher Sedrakyan və kriminal oliqarxiyanın digər mənsublarının yaşamının daha da yaxşılaşacağını, gəlirlərin artacağını vəd edir. Hər halda Sarkisyanın prezident səlahiyyətlərini icra etdiyi beş il ərzində onun yürütdüyü siyasət belə yazmağa imkan verir.
Bu illər ərzində Sarkisyan xalqı, ölkə vətəndaşları, onu guya seçən insanlar üçün bir gün də çalışmayıb. Mənsub olduğu oliqarxlar dəstəsinə gəldikdə isə, Ermənistan prezidenti bu adamların əleyhinə nə zamansa nə isə deyibsə və edibsə, həmişə hər şey yarımçıq qalıb. Kosmetik, səthi cəza alan adamlar mütləq şəkildə sonradan vəzifələrində olmasa da, sistem statuslarında bərpa olunublar. Ona görə də indiki seçkiqabağı təbliğat kampaniyasında Serj Sarkisyanın kuklalara daha çox bənzəyən rəqiblərinin təklif etdikləri "çıxış yol"ları əslində mövcud sistemin onlara tapşırdığı matris içində hərəkətdən savayı heç nə deyil.
Yerevandakı hakim komanda ilə mübarizənin real yolları təklif edilməyəndə, Ermənistanın düşdüyü bataqlıqdan çıxış yolları göstərilməyəndə səslənən fikirlər və deyilən sözlərin hamısı butaforiya baxımından Sarkisyanın çıxışlarından geri qalmır. Digər variant real namizədlərin ortaya çıxaraq siyasi mübarizəyə qatılmasıdır. Fəqət, həmin namizədlər təbliğata və ya Sarkisyanla qarşıdurmaya başlasalar, onların məqsədləri bəlli olmayacaq. Çünki Ermənistanın indiki dövlət başçısının məqsədi gerçəyi pərdələmək və seçicilər arasında mümkün qədər çox sadəlövh insan tapmaqdır.
Hakimiyyətdə qalması üçün bütün yollara və vasitələrə, metod və əməllərə hazır olan adama, onun təmsil etdiyi sistemə Ermənistandakı şəraitdə sivil mübarizənin özü mümkünsüzdür.
İqtidar siyasi mədəniyyətdən çox uzaq siyasət yürüdürsə, onunla adi, pozduğu və heçə saydığı qanunlar çərçivəsində danışmaq, sadəcə, absurddur.
Sadalanan amilləri nəzərə alsaq, Ermənistanda de-yure başlanmış seçkiqabağı kampaniya de-fakto teatr, məzhəkə, şoudur. Bu şouda ermənilərin bir qismi bilərəkdən və konkret məqsədlər üçün, yerdə qalan qismi isə nəticələri təxminləyə bilməyərək, ətalət təkanı ilə iştirak edirlər.
Cəmiyyət üçün "prezident seçkiləri" adlı teatr maraqsızdır.
Maraqlı olan budur ki, prezident seçkiləri başa çatanda, səhnədəki pərdə enəndə, nəticələr açıqlananda və Serj Sarkisyanın bütün marionetka rəqibləri üstələyərək onları geridə qoyduğu elan ediləndən sonra nə olacaq?
Tamaşaçı durub evinə gedəcək, bəlli. Bəs teatrın başladığı və bitdiyi kulislərdə, geyimlərin və maskaların asıldıqları yerlərdə nələr olacaq?
Ermənistanda bununla bağlı ən geniş çevrələrdə müzakirələr aparılır, ekspertlər nələrisə təhlil edir, siyasi proqnozlar verirlər. Halbuki tamaşa başa çatandan sonra zalı tərk edən tamaşaçı paltar asılan yerdə öz geyimini, heç olmasa, papağını tapacaqmı ki, başına geyib getsin - bilinmir.
Hələ qədim Babilistanın təcrübəsi göstərir ki, məzhəkəni oğrular və fırıldaqçılar oynayırlarsa, onların başında duran adamın göstərişinə görə tamaşaçıların az qala hamısı qarət olunur.
Tamaşaçılar bundan yalnız məzhəkə bitəndə, hamı dağılanda, meydan boş qalanda xəbər tuturlar. Onda gec olur - papaq da gedir, geyim də, pul da.
Sarkisyan son 5 ildə Ermənistanı böyük meydana döndərərək onun siyasi şousuna çıxanları cibgirlərinin vasitəsilə qarət edir. Belə yerdə ən önəmli məsələ fasiləsiz danışmaq, tamaşaçıların diqqətini yayındırmaqdır ki, həmin zavallılar pullarının oğurlanmalarından, ciblərinə çirkli əllərin girməsindən duyuq düşməsinlər.
Oğurlandığını görən tamaşaçıların qışqırtıları isə heç nəyi həll etməyəcək, aparılan nəsnələri geri qaytarmayacaq.
Ermənistanda keçirilmiş seçkilərin hamısında indiyədək belə olacaq və nə qədər ki, Sarkisyanın quldur dəstəsi hakimiyyətdədir, belə də davam edəcək.
Daim oğurluq, qarət, quldurluq, yalançılıq və ən müxtəlif əxlaqsız əməllərə adət etmiş adamlarla qanun çərçivəsində, sivil danışmaq mümkün deyil.
Usta qumarbazla qumar oynayan adam ilk hərəkətindən uduzur və bunun fərqinə varmayaraq nəyəsə ümid edir.
Ermənistandakı siyasi situasiyadan çox yazmaq olar. İqtisadiyyatdan, maliyyə sistemindən, təhsil və ya səhiyyədəki vəziyyətdən, ordunun durumundan da bəhs etmək olar. Lakin bu, illərlə suvarılmadığından torpağı cadar olmuş tarlanın potensial məhsuldarlığının müzakirəsinə bənzəyərdi.
Susuz tarlada kol-kosdan savayı heç nə bitmədiyi kimi, Ermənistandakı şərait də yalnız seçkilərə parodiya olan seçkiqabağı vəziyyət yarada bilər.
Hansını ki, görürük.
Novruz Sultanov
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00