ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Ukraynanın müdafiə naziri Andrey Taran arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlər regional təhlükəsizlik vəziyyyətini müzakirə ediblər. ABŞ müdafiə naziri öz ölkəsinin Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və Avro-Atlantik məkana inteqrasiyası ilə bağlı səylərinə dəstəyini bir daha ifadə edib.

L.Ostin Ukraynanın şərqində Rusiyanın təxribatçı hərəkətlərini pisləyib və martın 26-da 4 əsgərin ölümü ilə bağlı ukraynalı həmkarına başsağlığı verib.

ABŞ müdafiə naziri deyib ki, onun ölkəsi Rusiyaya qarşı Ukraynanın özünümüdafiə qüvvələrinin gücləndirilməsinə dəstəklə bağlı öhdəliyinə sadiqdir.

Qeyd edək ki, 2014-cü ildən bəri ABŞ Ukraynaya 2 milyard dollar dəstək verib.