Azərbaycan təhqir edildi
12:13 30-01-2013
İQTİSADİYYAT
Azərbaycan təhqir edildi
Xankəndi hava limanı yenə gündəmdədir
Azərbaycanla Ermənistan arasında Xankəndi hava limanı ilə bağlı mübahisə get-gedə daha da qloballaşır. Belə ki, Ermənilərin Xocalı aeroportuna uçuşlar təşkil etmək cəhdi Azərbaycan tərəfindən qətiyyətlə rədd edilib və rəsmi şəkildə bəyan edilib ki, Azərbaycan səmasında qanunsuz uçuşlar həyata keçirilərsə dərhal hərbi müdaxilə olacaq. Bunu da qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri bəyan etmişdi ki, hava limanı mülki işlər üçün istifadəyə verilə bilinər.
Amma Azərbaycan tərəfi bunu qətiyyətlə rədd etdi və heç bir halda buna imkan verməyəcəyini bəyan etdi. İş o yerə çatdı ki, ATƏT-in Minsk qurupu həmsədrləri bu məsələ ilə bağlı danışıqlara start verdilər və bununla bağlı Parisdə həmsədrlərlə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü zamanı müzakirə olunub.
Elmar Məmmədyarov Dağlıq Qarabağa mülki təyyarələrin uçuşlarının qanunsuz olduğunu bildirib və deyib ki, bu yalnız böyük miqyaslı nizamlanma planının tərkib hissəsi kimi həyata keçirilə bilər.
Yeri gəlmişkən bunu da qeyd edək ki, ATƏT-in Minsk qurupunun həmsədrləri görüşdən sonra bəyanatla çıxış etdilər. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçirilən görüşü sülh prosesi istiqamətində bir addım idi. Yanvarın 28-də Minsk qrupu həmsədrlərinin yaydığı birgə bəyanatda Məmmədyarov-Nalbaldyan görüşünə belə qiymət verilir. Bəyanatda deyilir: "Xarici işlər nazirləri məsələnin sülh yolu ilə tənzimlənməsi və sülh danışıqlarının davam etdirilməsi istəyində olduqlarını bldiriblər. Onlar razılaşıblar ki, yaxın həftələrdə sülh prosesi istiqamətində danışıqlar davam etdirilsin".
Həmçinin Parisdəki Azərbaycan diplomatından sitat gətirilir: "Biz bu dalana dirənmiş məsələdən çıxış yolu tapmaq üçün ermənilərə böyük müxtariyyat verməyə çalışırıq, lakin onlar (Dağlıq Qarabağ) Azərbaycanın ərazisi tərkibində qalmalıdırlar". Müəlliflər adını çəkmədikləri mənbədən daha bir sitat gətirirlər: "Biz müharibəyə hazır olsaq belə, müharibə istəmirik".
Bu arada Azərbaycana növbəti zərbə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibindən gəldi. Nikolay Bordyuja növbəti dəfə Azərbaycan əleyhinə bəyanatla çıxış edib.
N. Bordyuja Azərbaycan Nazirlər Kabinetinin ölkənin işğal olunmuş əraziləri üzərində qanunsuz uçuş keçirəcək təyyarələrin vurulması barədə qərarına münasibət bildirərkən deyib ki, bu, ya uğursuz interpretasiya, ya da uğursuz zarafatdır: "Mən Azərbaycana ümumbəşəri normalara sadiq, sivil dövlət kimi baxıram. Şübhə edirəm ki, hansısa ölkənin rəhbərliyi mülki təyyarələrin qəsdən vurulması barədə əmr verər. Bizim tariximizdə belə şeylər olub, biz hamımız Uzaq Şərqdəki faciəni və dünya ictimaiyyətinin buna reaksiyasını xatırlayırıq. Mən hesab etmirəm ki, bu gün hansısa dövlət mülki təyyarəni məhv etməyə çalışar. Ona görə də bu informasiyanı ciddi qəbul etmirəm". Ümumiyyətlə bunu qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı dəfələrlə Azərbaycan əleyhinə bəyanatlar verib və açıq şəkildə bəyan edilib ki, müharibə başlayarsa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana hərbi yardım göstərəcək. Ekspertlər bildirir ki, Rusiyanın əlində alətə çevrilən təşkilat əslində Azərbaycana hər zaman təzyiqlər etməklə Rusiyanın maraqlarını təmin etməyə çalışır. Buda bildirilir ki, hazırda Ermənistan Xankəndi hava limanından istifadə etməyə az qala təhrik edilir və bununla da Azərbaycana qarşı hansısa əməliyyatların həyata keçirilməsi gözlənilir. Elə təşkilatın baş katibinin növbəti açıqlaması da təhrikçi bir addımdır. Hesab edilir ki, Rusiya bu hava limanından tezliklə istifadə olunma üçün müəyyən addımlarda ata bilər ki, bunlar nəzərə alınmalıdır. Müşahidəçilər buna görə hesab edir ki, Azərbaycan diplomatiyası hərəkətə keçməli və məsələni qloballaşdırmalıdır. Bunu da qeyd edək ki, artıq məsələyə Türkiyə tərəfi də reaksiya verib və bəyan ediblər ki, belə uçuşlar həyata keçirilərsə Türkiyə Ermənistan təyyarələrinə onun hava məkanından istifadəyə qadağa qoyacaq.Bu isə Ermənistan üçün ikiqat blokadadan başqa nəsə olmaz.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40