“Barselona”nın futbolçuları İspaniya Primerasının 29-cu turunun “Valyadoid”lə matçından əvvəl komanda yoldaşları, argentinalı hücumçu Lionel Messiyə klubda matçların rekord sayına görə xatirə hədiyyəsi təqdim ediblər.
Unikal.org xəbər verir ki, hədiyyə Messinin 2004/2005-ci illər mövsümündə “Barselona”da ilk dəfə çıxış etdiyi futbolka olub. Bu futbolkanın üzərində klubun tarixində ən görkəmli oyunçuların avtoqrafları yığılıb.
Lionel əvvəlcə komanda yoldaşları, sonra ailəsi ilə birlikdə futbolka ilə şəkil çəkdirib.
Xatırladaq ki, Messi martın 21-də İspaniya Primerasının 28-ci turunun “Real Sosedad”la matçında Xavinin rekordunu (767 matç-red) üstələyib. Argentinalı komandada matçların sayı üzrə yeganə tək lider olub — o, bu günə qədər "Barselona"da 769 oyun keçirib.